Harvardda `ASAN Xidmət`lə bağlı dissertasiya yazan azərbaycanlıdan nə soruşublar? – MÜSAHİBƏ

Harvardda `ASAN Xidmət`lə bağlı dissertasiya yazan azərbaycanlıdan nə soruşublar? – MÜSAHİBƏ
  02 Fevral 2017    Oxunub:36205
Əlikram İsayev Harvard Universitetinin məzunu olan ən gənc azərbaycanlıdır. 1990-cı il mayın 7-də İmişli rayonunda anadan olub. Rayondakı orta məktədə təhsil alıb. 2007-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 2011-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirib.

2009-cu ilin iyun-avqust aylarında ABŞ-ın Massaçusets ştatının Boston şəhərində fəaliyyət göstərən Harvard Universitetində yay tətili müddətində ingilis dili kursu keçib. Sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbində təhsilini davam etdirib. 2012-ci ildə Ombudsman Aparatında işə qəbul olunub.


Bu müddət ərzində Əlikram magistratura pilləsi üzrə imtahan verərək, bir çox ali təhsil müəssisələrindən (Harvard, Kolumbiya, Corc Vaşinqton və s.) ictimai siyasət və idarəetmə ixtisasları üzrə qəbul təklifləri alıb.

- Necə oldu ki, yolunuz İmişlidən Harvarda qədər uzandı?

- Yeddinci sinfə qədər rus bölməsində təhsil almışam. Daha sonra Azərbaycan bölməsinə keçdim. Çünki Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə tanış olmaq istəyirdim. Təhsilimin formalaşmasında atamın əziyyəti böyük olub. Atam həftə sonları üçün mənə cədvəl hazırlamışdı. Həmin cədvələ uyğun həyat sürürdüm. İndi fikirləşirəm ki, bu, çox düzgün bir qərar imiş. O vaxt valideynlərimin diqqəti yüksək səviyyədə olmasaydı, indi yolum da Harvarda qədər gedib çıxmazdı.

Xaricdə təhsil almaq uşaqlıq arzum olub. BDU-da oxuduğum müddətdə 2009-cu ildə Harvard Universitetinin Yay Məktəbində oldum. Elə həmin vaxtdan beynimdə belə bir fikir formalaşmışdı ki, magistraturanı Harvardda, Kennedi adına Dövlət İdarəçilik Məktəbində oxumalıyam. Gələcəkdə özümü dövlət işində gördüyümə və bu sahə üzrə fayda verəcəyimə innandığıma görə, orada təhsil almağın daha yaxşı olacağını düşünürdüm. Bir ay da Londonda kursda iştirak etdim. İngiltərəinin də bir neçə universitetindən, o cümlədən, Oksforddan qəbulla bağlı təkilf almışdım. Amma sonda Harvardı seçdim. 2013-2016- cil illər ərizndə orada təhsil aldım. Əsilində təhsil iki illikdir, amma mən arada akademik məzuniyyət götürdüyüm üçün müddət bir az uzandı.



- Harvard necə bir təhsil verir?

- Orada müəllim, professor kadrlarının yüksək hazılıq səviyyəsinə malik olmaları əsas götürülür. Universitetin maddi-texniki bazası da böyük rol oynayır. Hər bir uğurun arxasında əlbəttə ki, maddiyat da dayanır. Böyük məbləğdə əmək haqqı müqabilində yüksək ixtisaslı şəxslər universitetə gələrək, öz təcrübələrini tələbələrlə bölüşürlər. Ümumilikdə götürsək, universitetin gəliri bəlkə də, bəzi ölkənin büdcəsindən çoxdur.

Tələbə-müəllim heyəti arasında olan səmimi münasibətin də təhsilin inkişafında böyük rolu var. Harvardda müəllim tələbə ilə dost kimidir, utanmaq, çəkinmək deyilən hallar yoxdur. Ürəyin istədiyi qədər müəllimə sual verə bilirsən. Dərslərdən əlavə, hazırlıqda da iştirak edirsən. Hansısa bir imtahanda uğursuzluq olarsa, universitet tərəfindən sənə əlavə müəllimlər təyin olunur, pulu da təhsil müəssisəsi tərəfindən ödənilir. Orada belə bir düşüncə var ki, əgər tələbə imtahandan kəsilirsə, bu, onun yox, məhz müəllimin problemidir. Ona görə də çalışırlar ki, heç bir tələbə imtahandan kəsilməsin. Əsas odur ki, tələbə imtahanlardan öz biliyi hesabına keçir.

- Orada Azərbaycanı tanıyırdılarmı, ölkəmizə qarşı münasibət necə idi?

- Xarici tələbələrin bəziləri Azərbaycanı tanıyırdı, bəziləri isə yox. Mən vəziyyətdən çıxmaq üçün onlara deyirdim ki, sizin coğrafi biliyiniz zəifdir. Azərbaycan gündən-günə inkişaf edir, Avropa Oyunları, “Eurovision” kimi böyük işlərə imza atıb. Və siz belə bir dövləti tanımalısınız. Onlar da razılaşaraq, bu sahədə biliklərinin zəif olduğunu etiraf edirdilər. Amerikada telekanallarda Azərbaycanla bağlı reklam çarxaları yayımlanırdı. Ölkəmizin tanınmasında həmin reklamların böyük rolu vardı.
Qurup yoldaşlarıma deyirdim ki, mən Dövlət Proqramı ilə təhsil alıram. Bütün xərclərimi dövlət qarşılayır. Bu, tələbə yoldaşlarımın çox xoşuna gəlirdi. Onlar dövlətin gənclərə qarşı belə qayğısını yüksək qiymətləndirirdilər.
Müəllimlərimiz bizə deyirdi ki, bura real həyat deyil, əsas həyat işləməyə başlayanda olacaq. Gələcəkdə ölkələriniz arasında əlaqələrin qurulmasında sizin də rolunuz olacaq. Öyrəndikləriniz yadınızdan çıxa bilər, amma əlaqələr heç vaxt itməyəcək. Buna görə, mən hər kəslə tanış olub, əlaqələr qururdum. Əlimdən gəldiyi qədər də Azərbaycanı tanıtmağa çalışırdım.

- Tələbələrə dərslər zamanı daha çox nələr aşılanırdı?

- İdarəçiliklə bağlı çoxlu dərslərimiz olurdu. Məsələn, menecment, qərar vermək, danışıqlar aparmaq... Qarşındakı insanı icitmədən öz fikirlərinlə razı salmaq yollarını bizə öyrədirdilər. İnsana nəyisə etdirmək istəyirsənsə, bunu yalnız xoşluqla etdirməlisən. Məcburi olan şeylər müvəqqəti xataraket daşıyır. Danışıqlar zamanı udmaq və yaxud uduzmağın yolları, dövlətdə idarəçinin necə olmasını da bizə öyrədilirdi. Hər şeydən öndə insanlıq gəlir. İdarəçilik sistemində də birinci Vətən, xalq dayanır. Hər bir işdən öncə xalqın rifahı nəzərə alınmalıdır.

Univeristetdə oxuduğum müddətdə müəyyən çətinliklərim oldu. Mən o sınaqlardan keçə-keçə gördüm ki, həyatda uğura çatmaq üçün müəyyən uğursuzluqlardan keçmək lazımdır.



- Hər bir insan idarəçi ola bilərmi?

- Ola bilər. Bu, onun harada təhsil almasından asılı deyil. Ola bilsin ki, o, Harvardı bitirib, amma heç təhsil almayan başqa biri ondan daha yaxşı idarə etsin. Təhsil nəzəri bilik verir. Amma əsas məsələ real həyat təcrübəsidir. İdarəçi səbrli, qərar verən zaman diqqətli olmalıdır. İşlədiyi yerdə səmimi mühit yaratmalıdır. İşçi ilə rəhbər arasında çox da fərq qoyulmamalıdır. İdarəçi işçinin problemləri ilə maralanırsa, idarəçiliyi də uzun müddət davam edə bilər.

Təcrübə də göstərir ki, bəzi gənclər Harvardı bitirib qayıdıblar, öz biliklərinə güvəniblər, nəsə edəcəklərini düşünüblər. Amma həyatın reallıqları onlara göstərib ki, hər şey sizin düşündüyünüz kimi deyil. Həyat bir qədər başqa cürdür.

- Gələcəklə bağlı planınız nədir?

- Azərbaycanda, dövlət sektorunda çalışmaq, öyrəndiklərimi ölkənin inkişafı üçün tətbiq etmək istəyirəm. Çox adam mənə deyir ki, niyə gəldin bura? Niyə orda qalıb, işləmədin? Düzdür, mən orada qala, yüksək əmək haqqı ilə də çalışa bilərdim. İş təklifləri də var idi. Ancaq fikirləşdim ki, bu, düzgün yanaşma deyil. Heç Təhsil Nazirliyinin ödədiyi pulları nəzərdə tutmuram. Biz bu Vətəndə doğulub, böyümüşük. Bura qayıdıb, gələcək nəsillər üçün əlimizdən gələn nəyisə etməliyik. Biz bu gün varıq, sabah yoxuq, amma yeni nəsillər yetişir. Hazırda İqtisadiyyat Nazirliyində Dövlətlərarası İqtisadi Əməkdaşlıq şöbəsində çalışıram.

- Necə oldu ki, magistr dissertasiyanızı ASAN Xidmətlə bağlı yazamaq qərarına gəldiniz?

- Həmişə istəyirdim ki, yazılarımın birində ASAN Ximətdən bəhs edim, professorlar, tələbələr, müəllimlər bundan xəbər tutsunlar. ASAN Xidmət korrupsiyanın aradan qaldırılması istiqamətində atılmış ən gözəl addımdır. Bu yolla bürokratik əngəllər də aradan qalxır, hər şey vahid mərkəzdən idarə olunur. Amerikada belə bir fikir var ki, postsovet ölkələri geridə qalıblar, inkişaf etmirlər. Mən onlara göstərdim ki, Azərbaycan Qafqaz regionunda ən inkişaf etmiş ölkədir. Buna ən gözəl nümunə ASAN Xidmətdir. Bu qurumla bağlı statistik rəqəmləri, apardığım analizləri onlara təqdim etdim. Bunlar universitetin, professor, müəllim, tələbə kollektivinin çox xoşuna gəldi. Hətta təklif etdilər ki, bunu keys olaraq dərsliklərə salaq. Dedilər ki, Latın Amerikası, Afrika ölkələrində korrupsiya halları yüksəkdir. Həmin ölkələrdən xeyli tələbə Harvardda təhsil alır. Həmin tələbələr dərslikdən ASAN Xidmətlə bağlı mövzunu oxusunlar və daha sonra gedib öz ölkələrində tətbiq etsinlər.

Müdafiə edəcəyim gün çox həyəcanlı idim. Əgər yaxşı çıxış etməsm, mövzum müdafiədən keçməyə də bilərdi. ASAN Xidmətdən danışdıqca insanların üzündəki ifadələrə diqqət yetirirdim. Bu, onlar üçün çox maraqlı mövzu idi. Ən çox xoşlarına gələn məqam isə ASAN Xidmətin səyyar avtobusları oldu. Həmin avtobuslar birbaşa vətəndaşın ayağına gedib, onlara xidmət göstərirlər. Hətta mənə sual verdilər ki, bu avtobuslar neçəyə başa gəlir? Mən onlara bu qiyməti araşdırıb, açıqladım. Bu gün isə artıq regionlarda da ASAN Xidmət Mərkəzləri tikilir.



- Ağ Evdə çalışan qurup yoldaşlarınız barədə danışaq... Əlaqə saxlayırsınızmı?

- Bəli, saxlayıram. Əlaqəni itirmək olmaz. Çünki nə vaxtsa onların Azərbaycana köməkləri dəyə bilər.

- Hökumət rəsmiləri ilə görüşləriniz olurdu?

- Əlbəttə, olurdu. Universitetə prezidentlər, nazirlər gəlirdilər. Bir dəfə CİA-nın direktoru ilə görüşümüz oldu. FBA-nin direktoru, Tunisin prezidenti də gəlmişdi. Suriyada nələrin baş verməsindən, “ərəb baharı”ndan, İŞİD-dən danışırdılar. Bütün söhbətləri birbaşa həmin insanların dillərindən eşidirdik.

- Sonda, gənclərə məsləhətiniz nədir?

- Gənclər öz üzərlərində çalışmalıdırlar. Hamımız ölənə qədər öyrənməli, özümüzü inkişaf etdirməliyik. Düşünürəm ki, kimsə Azərbaycan üçün nəsə etmək istəyirsə, xaricdən dəstək axtarmamalıdır. Biz gənclər hər zaman ölkəmiz barədə müsbət fikirlər söyləməliyik. Çünki tənqid etmək asandır, amma əsas odur ki, dövlətə xeyir verəsən, müsbət işlər görəsən. Nəsə xoşuna gəlmirsə bu, təbiidir. Xaricdə oxuyub gəlmisən, nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər ver. Kənardan durub nəyisə pisləmək çıxış yolu deyil.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti