`Qənimət Zahid məmurları şantaj edərək pul alırdı` - Partiya sədri

`Qənimət Zahid məmurları şantaj edərək pul alırdı` - Partiya sədri
  02 Fevral 2017    Oxunub:5195
““Azadlıq” qəzeti əvvəlcə bir məlumatı yayır, sonra bir neçə gün gözlədikdən sonra yazıda adı keçən adamlarla “halalaşandan”, “razılaşandan” sonra onların xəbərlərinin yayımlanmasını dayandırır”.

Bu sözləri AzVision.az-a qəzetin “mətbəx”ində baş verənlərdən məlumatlı olan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib.

Partiya sədri bildirib ki, Qənimət Zahidin məmurları şantaj edərək pul alması haqda məlumatlar həqiqətdir: “Mənim orada olduğum dövrdə də “Azadlıq” qəzetinin problemlərlə üzləşdiyi söylənilirdi. İndi də bu proses davam edir. Yəni, hər zaman qəzetin maddi vəziyyətinin bərbad olduğu vurğulanır. Bununla əlaqədar müxtəlif kampaniyalar keçirilir, xarici və yerli fondlara, ölkədəki iş adamlarına müraciətlər olunurdu. Başqa bir metod isə yayılan məlumatda qeyd olunan kimi idi. Yəni, əvvəlcə “Azadlıq” qəzetində bir yazı dərc olunurdu. Bir neçə gündən sonra məlumatda adı keçən şəxslərlə “halalaşandan”, “razılaşandan” sonra yazıların dərci dayandırılırdı”.

R.Nurullayev qeyd edib ki, Q.Zahid pulları bir növ şantajla əldə edirdi: “Hər bir dövlət dairəsinin, biznesin, digər dairələrinin fəaliyyətində çatışmamazlıq hər zaman olub və olacaq. Sonra bu məlumatlar mediaya çıxır. Qənimət Zahidin fəaliyyəti sırf şantaj xarakterlidir. Çünki, belə hallar medianın prinsiplərinə uyğun deyil. Əgər, medianın vəzifəsi kimi qəbul olunsaydı, yazıların davamı gələrdi. Bu hal qəzetçilik prinsiplərindən çox uzaqdır. Qanunsuz yolla pul alaraq, ifşaedici məlumatların dayandırılmasının başqa adı yoxdur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti