Bakıda şagird sinif yoldaşını bıçaqlayıb - Direktordan açıqlama

Bakıda şagird sinif yoldaşını bıçaqlayıb - Direktordan açıqlama
  03 Fevral 2017    Oxunub:4430
Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.
Məktəbin direktoru Bənövşə Cəfərova AzVision.az-a bildirib ki, hadisə bu gün səhər 07:45 radələrində baş verib və Musayev Nemət Afiyəddin oğlu öz sinif yoldaşı Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

“Hər iki uşaq 9-cu sinifdə oxuyur. Səhər saatlarında bizə xəbər gəldi ki, Elturan bıçaqlanıb. Dedilər ki, guya zarafatlaşıblar. Xəsarət alan şagirdin qardaşı 8-ci sinifdə oxuyur, o da təsdiqləyib ki, sinif yoldaşları zarafatlaşan zaman belə hadisə baş verib. Eltruran bədən nahiyəsindən zədə alıb. Yaralı şagirdi Xocahəsən xəstəxanasına aparıblar. Xəstəxanada heç kim olmadığı üçün o, təcili tibbi yardımla 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstəxanada ona bir tikiş qoyulub. Hadisəni törədən məktəbli isə Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilir. Valideynlərinə də bu haqda məlumat verilib”.

Direktor bildirib ki, sinif yoldaşına xəsarət yetirən Nemət yaxşı oxuyan şagird olmayıb və dəfələrlə onun valideynlərinə bu haqda məlumat verilib. “Xəsarət alan Elturan isə tərbiyəli şagirddir. Nəyə görə bu hadisənin baş verdiyini bilmirik, bizə elə zarafatlaşdığını dedilər”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti