`Ancaq alçaqların evini yarırdım` - Məşhur `qanuni oğru`nun xatirələri

`Ancaq alçaqların evini yarırdım` - Məşhur `qanuni oğru`nun xatirələri
  03 Fevral 2017    Oxunub:40147
Bəhram Çələbi
AzVision.az üçün

Yura Qorbatı məşhur qanuni oğru “Ded Xasan” – Aslan Usoyanın müəllimi kimi tanınır. Usoyan Qorbatı ilə təxminən eyni yaşda, eyni mastda olsa da, dünyagörüşü, təcrübə baxımından ondan xeyli şey öyrənməli olduğunu və öyrəndiyini dəfələrlə etiraf etmişdi.

Yuri Qorbatı 1993-cü ildə 62 yaşında qazamat xəstəxanasında dünyasını dəyişıb. İttifaq dağılanadək Leninqradda ən hörmətli qanuni oğru kimi ad çıxarıb. Usoyan dostları ilə oturduğu məclislərdə həyatının Yura Qorbatının həyatına oxşadığı barədə danışmağı xöşlar, fəxrlə onu öz müəllimi adlandırardı.

1992-ci ildə, qazamat xəstəxanasında ölüm ayağında yatan Qorbatı müntəzəm olaraq onun görüşünə gələn Aslan Usoyana həmişə düşündüyü, lakin yaza bilmədiyi memuarlarını danışırdı:

- Mən ziyalı ailəsində doğulmuşam. Üçüncü sinifdən başlayaraq ev müəllimlərim olub, ingilis və alman dillərini öyrədirdilər. Valideynlərim mənim savadlı insan kimi böyüməyim üçün xəsislik etmirdilər. Leninqradın ən tanınmış fırça ustası mənə tuşla şəkillər çəkməyi öyrədirdi. Həmişə ondan bacarıqlı, işgüzar, istedadlı olduğum barədə təriflər eşidərdim.

37-ci ildə zavodda baş mexanik vəzifəsində çalışan atam Stalin-Yejov represiya qatarının təkərləri altına düşür və onu gözümün qabağındaca həbs etdilər. Az sonra atamın güllələndiyi xəbərini aldıq. “Xalq düşməni”nin ailəsi üçün represiya illərində yaşamaq olduqca çətin idi. Bizdə də çətinliklər yaranmağa başladı. Bəzən mən iki-üç gün adicə, yavan çörəyə həsrət qalırdım.

Anam həddindən ziyadə gözəl qadın olduğundan ikinci dəfə - İoann Yaroslavskinin oğluna ərə getdi. Anamın atası Admiralteystvada birinci komissar vəzifəsində çalışıb. Atamın ölümü, anamın başqa birinə ərə getməsi mənə psixioloji təsir etmişdi. Bir tərəfdən də müharibə başlayır, Leninqrad mühasirəyə düşür, insanlar acından bir-birlərinin ətlərini yeyirdilər. Öz gözümlə gördüyümü danışıram – bizdən bir mərtəbə yuxarıda yaşayan, əvvəllər mənə heykəltaraşlıq və memarlıq nəzəriyyəsi öyrədən professor - pedoqoq binamızın zirzəmisində tələlər quraraq, sıçovulları tutur, oradaca başlarını üzüb, dərilərini soyurdu. İri, balaca pişik böyüklüyündə sıçovullar bir qədər aralıdakı məzarlıqdan gəlirdilər bizim zirzəmiyə. İnsan meyitlərini doyunca yedikdən sonra - istirahət etməyə.

Aclıq illərində mən oğurluq etməmişəm. 1947-ci ildə biz – bütün sinif şagirdləri bahalı xəz yaxalıq oğurladıq, puluna süd alıb içdik. Hamımızı tutmuşdular, amma nədənsə yalnız məni Strelnyadakı uşaq koloniyasına göndərdilər, “xalq düşməni”nin oğlu kimi. Uşaq koloniyası mənim ürəyımcə idi, çünki burada siyasətdən, kimin tutulub güllələdiyi barədə danışmırdılar. Strelnıdan sonra mən yenidən barmaqlıqlar arxasına düşdüm, özü də böyüklər arasına. Halbuki, hələ on dörd yaşım vardı, azyaşlı sayılırdım. Belimə iyirmi il yükləyib məni Şimali Urala, bütün məhbusların zolaqlı zek paltarları geyindiyi “Sev Ural Laq”a yatab göndərdilər.

Güllələnmiş “xalq düşməni”nin oğlu olduğumdan məni xüsusi düşərgəyə yolladılar. Burada salamat qalmaq üçün sözün əsl mənasında vuruşmaq tələb olunurdu. Bir vaxtlar məni tanıyanlar adımın qarşısına “istedadlı”, “bilikli” sözləri əlavə edirdilərsə, buradakı residivistlər, qəssablar, domuşniklər, şipaçlar məni “tiqryonok” (pələng balası) adlandırdılar. Məni vertuxaylar və speslagerin kiçik çinli zabitləri pressxataya salıb sındırmaq istəyirdilər. Lakin zonada hətta xozyain və kumun da çəkindikləri “Vor” - Frol Kolımskiy mənə qahmar çıxmaqla həyatımı xilas etdi.



Frol məni əqidəkarlarına tapşırmışdı. Məntəqədə iyirmi beş - otuz min zek vardı və hər gün gəmilərlə müxtəlif yerlərə etaplar olunurdu. Məni o vaxtlar ən gedər-gəlməz sayılan Kolımaya göndərdilər. Yolda ikitərəfli sətəlcəmlə xəstələnmişdim. Bəxtim yenə gətirdi – gəminin zirzəmisindəki zeklər arasında Maksim Qorkinin ölümündə təqsirləndirilən, İttifaqda tanınan alim həkimlər də vardı. Tökülüşüb quru çayla, tütünlə hazırladıqları məlhəmlərlə müalıcə elədilər. Düşdüyüm düşərgədə məhbuslar qızıl yuyurdular. Burada Sovet İttifaqı Qəhrəmanlarından tutmuş, SSRİ xalq artistlərinədək çinli, titullu zeklər beşillik planın vaxtından əvvəl yerinə yetirilməsi üçün tər tökürdülər.

8 ay Maqadanda qaldıqdan sonra bütün ətraf düşərgələrdəki zakonnikləri bir yerə toplamağa başladılar. Deyilənə görə, tezliklə onları Çukotkaya, ya da Uralda tikintisinə başlanılmış xüsusi tipli “sanatoriya”lara yatab etməli idilər. Biribirinin ardınca Çukotkaya on minlərlə dustaq doldurulmuş gəmilər hərəkətə başladı.

Yayda bütün peresılkalar tez-tez dolub-boşalırdı, hər on gündən bir barjlar, gəmilər doldurulur, Lena çayı ilə şimala doğru daşınırdı. Biz Çukotkaya çatanda yayın ən isti vaxtı saydığımız avqustun sonları idi. Külək vıyıltı ilə canavar təki ulayır, qar adamın ayaqları altında pələng dişləri kimi xırçıldayırdı. Gəldiyimizin elə birinci həftəsində üç saat “vor”larla “polyak”lar arasında müharibə getdi. Hayqırtı, qışqırtı, inilti səslərindən küləyin vıyıltısı da eşidilməz olmuşdu.

Çox dəhşətli saatlar idi. Vuranın kim, vurulanın kim olduğu məlum deyildi. Düşərgənin sahəsindəki ağ qar axan qandan qıp-qırmızı olmuşdu. İnsanlar yerdə kərtənkələ kimi sürünür, yaralı ayı tək ağnayır, imdad diləyirdilər. Hər tərəfdə insan bədənindən ibarət bir horra qalaqlanmışdı. Qudurmuş, qışqıraraq əllərindəki bıçaq, dəmir parçalarını yelləyən, qaçışan adamlar birdən-birə qopmuş tufanı xatırladırdı. İki gün sonra eşitdik ki, Çukotka düşərgələrində həmin gün on beş mindən çox məhbus ölüb.

Burada hərəkət itlər qoşulmuş kirşələrlə idi. Qarışıqlıqdan istifadə edərək, kirşələrə doluşub Alyaskaya qaçanlar da oldu. Gör nə qədər üstündən vaxt ötüşüb, amma Çukotka axşamını xatırlayanda damarlarımda qanım donur.

Sibirdə həyat ancaq yeməklə davam edir. Əgər yemək azdırsa, onda insanın gücü hətta tərpənmək üçün də qalmayanda hər şey iradədən asılı olur. Aclıqdır, tamam əldən düşmüsən, istəyirsən ki, əl-ayağını uzadıb hər şeyi öz axınına buraxasan. Çoxları proqulkadan imtina edirlər. Sənin içindən bir səs qışqırır: "Olmaz, get!" Yorğunluqdan ayaqların gizildəyir, əyilir. Gəz, gəzin barakda. Saatlarla gəzin. Uzanmaq istəyirsən... Yox! Otur! Baxma ki, ətləri tökmüş yanbızının sümükləri incidir, ağrıyır. Otur, yatsan öləcəksən! Yemək haqqında fikirləşmək istəyirsən. Olmaz! Dəmir iradəlı ol, çörək haqqında düşünməyi kənara at. Tütün çəkənsən? Batdın! Bədəni əldən düşənlərin tütün piləməyi tərgitdiyini görməmişəm. Əvvəldən atmaq, tərgitmək lazım idi, nə qədər ki, bədənindəki sümüklərdə ət vardı. Bir dəri, bir sümük qalanda, ancaq nəfəsin dayanandan sonra tütünü ata bilərsən.

Çoxları ölümdən əvvəl xəstəliyə tutulardılar - ponos... Dərman verilmirdi. Batan adam saman çöpünə əl atdığı kimi, zeklər də ponosa tutulanda çörək paylarını nazik-nazik doğrayar, suxarik kimi qurudub yeyərdilər. Əgər pellegirik panosa tutulmuşdunsa, deməli həyatdan əlini üzməliydin. Bu vaxt mədə və bağırsaqların divarları sürüşkən qişa ilə örtülür, yediyin seliklə birlikdə bir saat sonra ifraz olunurdu. Pellegirik ponosa uğrayanda iki-üç günün içində şam kimi əriyib, arıqlayırdılar, yaddaşlarını itirir, bəziləri dəli olurdular. Bir, yaxud uzağı iki gün sonra "ponosçik"lər cənnət qapılarında növbəyə durmağa uçurdular. Mən Leninqrad blokadasında günlərlə ac qalmağı öyrənmişdim... Dözürdüm.



Bizimlə birlikdə İvan Lvov - "Lyova” ayamalı məhbus vardı. Dostoyevskini, Bunini, Drayzeri, Tolstoyu, Gertseni oxumuşdu. Vanka mənə mütaliə etməyi, incəsənəti, əntiq əşyaları sevməyi öyrətdi.
- Başıma hansı müsibətləri gətiriblər, danışsam, yəqin ki, ağlayarsan, - gülümsəyərək söhbət edirdi...

Sonralar, mən yaşa dolanda hamim Tolya Çerkas oldu. O da zakonnik idi, amma Lyova ilə müqayisədə çox mizer, bəsit, yalnız tapdanmış yolla gedən axsaq adam təsiri bağışlayırdı. O insanları alçaldır, bəzən hətta əl də qaldırırdı. Bu olaylar mənə xoş gəlmədiyindən, Çerkasdan ayrıldım.

Tolyada insaniyyətlikdən əsər-əlamət yox idi. Bir yerdə ki, dostluq-yoldaşlıq hissi öldü, hər şey əhəmiyyətini itirir, biganələşirdi. Belə lagerlərdə lesopovalda, filiz mədənlərində işləmək zek üçün mütləq ölüm demək idi. İşləməmək də olmazdı. Karserlərə, BUR-lara doldurub dondurur, yaxud acından öldürürdülər.

Əlac yenə pula qalırdı. Pul! Pişiyi aslana, eşşəyi ərəb atına döndərən - pul! Yaxşı işləyənlərə yaxşı da pul verirdilər. Yaxşı pul almış cavan zeklər içib beyinlərini dumanlandırır, başqa məşğuliyyət olmadığı üçün qumara başlayırdılar. Şahmat, domino, hətta "durak" da pulla oynanılırdı.

Bütün ömrüm boyu kimsəni alçaltmamışam. Axı onsuz da bizim ölkədə əksəriyyət alçaldılmışlar, təhqir edilmişlər zümrəsinin donunu geyənlərdir. Məhbəs yerlərində belə münasibət dustaq üçün ikiqat zərbədir. Burada yalnız blatnoylara toxunmurdular. Mujikdən aşağıda dayanan mastlarin həyatı isə cəhənnəm əzabı idi. Blatnoyların əqidəsini seçdim. Sonralar, İrkutsk lagerində oturanda İvan Lvovla yenidən görüşdük. Muzeydən oğurluq etdiyinə görə tutulmuşdu. Oğurladığı rəsm əsərlərini sataraq pulları cavan rəssamlara vermişdi.

- Bu dörd ay ərzində mən azadlıqdan lazımi qədər faydalandım, - deyirdi Lyova. – Moskvanın küçələri ilə tələsmədən gəzişirdim. Üç il ərzində burada interyer dəyişməmişdi. Yalnız əvvəllər zibilxana kimi tanıdığım, itlərin qaçışdığı çöllükdə doqquzmərtəbəli binalar tikilmişdi. Palcıqlı qar lehmələri, yeni salınmış asfalt yoldakı çala-çuxurlar... yanımdan ötənlər mənə fikir vermirdilər. Bu həm xoş təsir bağışlayırdı, həm də təəccüb doğururdu. Zonadakı qəzəbli, kin-küdurətli baxışlara vərdiş etdiyimdən, birdən-birə qəlbimdə istilik duydum: - mən azadlıqdayam..., axır ki, azadam! –deyib, qışqırmaq istəyirdim.

Lyova mənə başa saldı ki, adi oğurluqla iş aşmaz, əntiq şeylərin oğurluğu isə adicə hobbidir və yaxşı qazanc gətirir. Sən əntiq əşyalar sahəsində ixtisaslaş, – deyə məsləhət gördü.

Azadlığa qovuşan kimi mən kiçik bir dəstə yaratdım və Leninqradın ən zəngin kolleksiya sahibləri üçün bəlaya çevrildim. Mən yalnız müftəxorların, rüşvətxorların, yaramazların mənzillərini seçirdım. LOMO zavodunun direktorunun mənzilinə girmişəm. Oradakı zənginlik hətta Ermitajda yoxdur. Yaxud da mənim yaxşı tanışım Mişa Monastırskinin qazanc yollarına nəzər salaq. Nə qədər ki, Brejnev sağ idi, Mişaya toxuna bilmədilər, çünki dostum nazirliklərdən birində çalışan zamın qızı ilə yaşayırdı. Papaşa Mişanın qıza bağışladığı yarım milyon dollarlıq “Faberje” saatını fəxrlə gəzdirirdi.

70-ci illərdə mən əsasən yəhudilərdən təşkil olunmuş “Xunta” adlı qrupa başçılıq edirdim. Dəstə Sovet İttifaqını tərk edərək İsraılə yollanan yəhudiləri qarət etməklə məşğul olurdu. Hər şey düzgün hesablanmışdı: “Vətəni “satan” adam ölkə rəhbərliyinin simpatiyasından uzaqdır”.

Milis və prokurorluq orqanları soyulmuş yəhudilərin şikayət ərizələrinə barmaqarası baxır, oğruları, soyğunçuları yaxalamağa çox da can atmırdı. Qrupumun üzvləri milis və məhkəmə orqanları ilə əlbir işləyirdilər.

Mən uzun illər şəhər məhkəməsinin sabiq sədr müavini Oleq Karlovla ünsiyyətdə olmuşam. Məhkəmənin sədri Yermakovla da tanışlığım vardı. Onlar mənim əvvəllər məhkum olunduğum barədə heç nə bilmirdilər - görüşürdük, incəsənətdən, əntiq şeylərdən, rəsm əsərlərindən danışır, az-az o vaxtlar çətin tapılan ətirli “Napoleon” konyakından gillədirdik.
Qorbaçın yenidənqurma dövründə mən də özəlləşməyi faydalı saydım, çoxotaqlı mənzil aldım, evləndim, övladım anadan oldu. Oğurluğa olan marağım tamamılə itmişdi. İndi azadlıq məni daha çox cəzb edirdi. Xərçəng xəstəliyi bədənimi yedikcə həyat eşqim coşub-daşırdı. Son üç ildə mən “xərçəng”ə qarşı, hətta məhbəs lazaretində elə bahalı dərmanlar alırdım ki, belələrinin üzünü heç dördüncü şöbədə Kreml rəhbərləri də görməyiblər.



“Oğru vicdanı” anlayışı mənim üçün həmişə əsas olub. Növbəti oğurluğa gedərkən adamlarıma volidol götürməyi də tapşırırdım. Əgər mənzili oğurlanan adanın əhvalı, vəziyyəti faniləşirdisə, ona ilk tibbi yardımı biz özümüz göstərirdik. Mən gözəl bilirdim ki, kolleksiyası əlindən alınan dodik (rüşvətxor, fırıdaqçı varlı...) heç vaxt mentovkaya qaçmayacaq, çünki belə bahalı antikvarın hansı pulla alındığına alibi tapmaq mümkün deyildi.

Heç vaxt vətənimdə olan qiymətli əsərlərin, əntiq şeylərin Rusiyadan kənara aparılmasına razı olmamışam. Sonuncu dəfə bu, Ermitajdan oğurlanan 32 şəkil – 17-18-ci əsrlərə aid holland-flamand əsərləri olub. Ermitajda düz otuz il əməllı-başlı təftiş komisiyası işləməyib. Otuz il! İncəsənət institutu tələbələrini gətirirdilər ki, şəkillərin üzərindən tozu təmizləsinlər. Tələbələr də çırpışdırdıqları əşya və şəkilləri bir butılka arağa, pivəyə satırdılar. Bunların həqiqət olduğuna and içə bilərəm. Piotrovski də bunları bilməmiş deyildi.

Milis rəislərinin əksəriyyəti öz vəzifələrinə Javer kimi vicdanla yanaşmırlar. Düzdür onlar çox cüzi məvacib alırlar. Müstəntiqlərin bir çoxu avans-poluçkaya beş gün qalmış bir-birlərindən borc pul istəyirlər. Milis mayorlarının düzgün işləyəni evdən çıxanda nahara qoltuqlarındakı buxanka çörəklə yollanır. Gülməli deyilmi? Məhkəmənin sədri Yermakov daim şikayət edirdi ki, ona təyin olunmuş pensiyanı tam dəqiqliklə ala bilmir.

70-ci illərin ortalarında Yəhudi bir qarının mənzilində xeyli zinyət əşyaları, antikvar ikonalar, hətta valyuta gizlədildiyi barədə milis orqanında çalışan agent-podelnikimizdən məlumat aldıq. Mentin domuşnik Bitya ilə danışığını təsadüfən eşitdim. Qapon deyirdi:
- Zinyət əşyaları içərisində Qriqori Lazarovıçə məxsus brilyant daşlı boyunbağı olmalıdır, onu mütləq tapın və götürün...
- Birdən vermədi?- Vitka pıçıltı ilə soruşdu.
- Verməsə, lomla çiyin sümüyünə bir, iki...
Mən irəli çıxaraq qətiyyətlə:
- Dəli olmusunuz!? –dedim. – Əksinə, onunla mümkün qədər mülayim danışmaq gərəkdir. Qoçaların ağılı uşaqlarınkı qədər olur. Xoş rəftarla onu yola gətirəcəyik.
Mənzilə girəndə qarı əlləri ilə üzünü qapadı:
- Məni öldürməkmi istəyirsiniz? – titrək səslə mizildadı.
- Belə şeymi olar? – dedim, ehmalca çiyinlərini qucaqladım. Sizinlə çay içəcək, pirojna yeyəcək, söhbət edəcəyik.
Danışıq əsnasında məlum oldu ki, qarı həmin boyunbağını Moskvada yaşayan qardaşı qızına verib. Qızın ünvanını, hətta fotoşəklini də söhbət əsnasında əldə etdim...


Teqlər:  





Xəbər lenti