`Bu, sifarişli aksiya olacaq` - Anti-Azərbaycançılar iş başında

`Bu, sifarişli aksiya olacaq` - Anti-Azərbaycançılar iş başında
  04 Fevral 2017    Oxunub:4012
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı ilə yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərini müzakirə etmək məqsədilə Brüsselə səfər edəcək. Səfər çərçivəsində ölkə başçısı Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək.

Nüfuzlu “Politico” nəşri yazır ki, Azərbaycanla münasibətlər Rusiyadan qaz asılılığını azaltmağa cəhd edən Aİ üçün olduqca önəmlidir. Gözlənilir ki, Avropa İttifaqı 2019-cü ildən Gürcüstan, Türkiyə, Albaniya və İtaliyadan keçəcək Cənubi Qafqaz qaz kəməri vasitəsilə ildə 10 milyard kubmetr qaz alacaq.

Bu ərəfədə anti-Azərbaycan şəbəkəsi kimi bilinən bir qrup Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiya ilə bağlı dinləmələrin keçirilməsini planlaşdırıb. Dinləmələrdə iştirak edəcək şəxslər bunlardır: Avropa parlamentinin dörd üzvü - Kati Piri (Hollandiya), Aleksandr Lambsdorf (Almaniya), Ulrike Lunarçik (Avstriya) və Yaromir Stertina (Çexiya), “Meydan” TV-nin rəhbəri Emin Milli və jurnalist Xədicə İsmayıl (skayp vasitəsilə).

Səfərlə bağlı məsələləri AzVision.az-a şərh edən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov bildirib ki, hazırda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni fazaya keçib:

- Azərbaycan konkret mövqe ortaya qoyub ki, Avropa İttifaqı ilə asossiativ sazişi imzalamayacaq. Bunun əvəzində yeni strateji sənəd təqdim edib. Bir il bundan əvvəl sənədin bütün konturları Avropa İttifaqına təqdim olunub. Avropa İttifaqı bu sənədi müzakirə etdikdən sonra Azərbaycanla yeni mərhələdə danışıqlara başlayıb. Belə bir ərəfədə Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfərinin məqsədi Azərbaycanın strateji əməkdaşlıq təklifinin ciddi müzakirə olunmasıdır. Bu səfər Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək münasibətləri özündə ehtiva edən tamamilə yeni strateji əməkdaşlıq sənədinin müzakirə olunmasının rəsmi startdır.

Ə.Həsənov səfərə kölgə salmağa çalışan qüvvələrin cəhdlərini yersiz adlandırıb: “Səfər ərəfəsində Azərbaycanla bağlı, ölkədəki insan haqları, demokratiya, seçkilərlə bağlı hər hansı bir mövzunun qaldırılması yersiz yanaşmadır. Çünki, Azərbaycan Avropa İttifaqı ilə özünün strateji əməkdaşlıqla bağlı sənədlərini, prosedurlarını ölçüb-biçib və Azərbaycan kifayət qədər geniş bir sənədlə Avropa İttifaqı ilə yeni əməkdaşlığı qurmağa çalışır. Avropa İttifaqı da hesab edir ki, Azərbaycanla yeni strateji əməkdaşlıqla bağlı sənədi müzakirə etməyə başlamaq olar”.

Ə.Həsənov bildirib ki, belə tədbirlər keçirməyə cəhd edənlər bu sənədin mahiyyətinə fikir vermirlər:

- Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün maraqlı olmalıdır ki, ölkəsi Avropa İttifaqı ilə yeni fazada əməkdaşlığa nail ola bilsin. Bu yeni əməkdaşlıq ölkəmiz üçün vacib bir addımdır. Ona görə də belə bir tədbirin keçirilməsi vətəndaşlıq baxımından doğru deyil. Qeyd etdiyim kimi, bu sənəd ötən il Avropa İttifaqına təqdim olunub. Avropa İttifaqı Azərbaycanla yeni əməkdaşlıq sənədinin müzakirəsi ilə bağlı Avropa Komissiyasına mandat verib. Yəni, Avropa İttifaqı Azərbaycanda olan bəzi çətinlikləri göz önünə gətirərək, ölkəmizlə danışıqlara başlamağa hazırdır. Azərbaycan vətəndaşları isə Avropa İttifaqının verdiyi mandata sevinmədən, belə aksiyalara başlayırlar. Azərbaycan vətəndaşı bütün umu-küsləri bir kənara qoyaraq, bu danışıqların başlanmasına sevinməlidir. Çünki, biz bir yerdə dayana bilmərik. Yəni, bütün problemləri həll edib, sonra Avropa İttifaqı ilə yeni münasibətləri qura bilmərik. Azərbaycanın bu gün bu danışıqlara başlaması vacibdir. Bəzi vətəndaşlarımızın buna qarşı çıxması anlaşılan deyil. Buna qarşı iş aparmaq məntiqdən uzaqdır.

Bəziləri Azərbaycanda insan hüquqları və demokratiya məsələsinin daha çox gündəmə gəlməsini istəyirlər. Bunun daha sivil qaydaları var. Azərbaycan hökumətinə müraciət edərək, bu prosesləri müzakirə etmək yolları var. Azərbaycan hökuməti uzun illərdir bəyan edir ki, kənardan heç bir təzyiqə boyun əyməyəcək. Bu, Azərbaycan hökumətinin mövqeyidir. Hüquq müdafiəçiləri kimi biz də hökumətə müraciət edəndə beynəlxalq təşkilatların tənqidlərini nəzərə almağı təklif edirik. Ancaq, bir şey həqiqətdir ki, Azərbaycan hökuməti təzyiqlər əsasında hər hansı islahatlar aparmağa maraqlı deyil. Bunu biz də beynəlxalq təşkilatların nümayəndələrilə görüşlərimizdə deyirik. Əgər onlar nəticə əldə etmək istəyirlərsə, məsələni Azərbaycan hökuməti ilə müzakirə etməlidirlər. Yəni, dövlətin prinsipi budur. Ona görə də kənardan təzyiqlərə son qoyulmalıdır.

Yəni dövlət başçısının danışıqlara başladığı bir ərəfədə kənarda tədbirlər keçirməklə nəticəyə nail olmaq çox çətindir. Ola bilsin ki, hansısa donorun, sifarişçinin tələbini yerinə yetirəcək bir aksiya olacaq. Əgər onlara yeni danışıqlar formatında insan haqları və demokratiya ilə bağlı məsələlərə diqqət etmək lazımdırsa, bu gün daxildə fəaliyyət göstərən hüquq müdafiəçiləri ilə müzakirələr aparmalıdırlar ki, dövlət eşitsin.


Teqlər:





Xəbər lenti