YAP-dan prezidentin Brüssel səfərinə reaksiya

YAP-dan prezidentin Brüssel səfərinə reaksiya
  06 Fevral 2017    Oxunub:1927
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni fazaya keçib. Avropa İttifaqı ilə asossiativ sazişi imzalamayacağı ilə bağlı konkret mövqe ortaya qoyan Azərbaycan bunun əvəzinə yeni strateji sənəd təqdim edib. Artıq bir il bundan əvvəl sənədin bütün konturları Avropa İttifaqına təqdim olunub.
Avropa İttifaqı bu sənədi müzakirə etdikdən sonra Azərbaycanla yeni mərhələdə danışıqlara başlamaq qərarına gəlib. Məhz bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərə gedib.

Qeyd olunduğu kimi səfərin əsas məqsədi Avropa İttifaqı (Aİ) ilə yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərini müzakirə etməkdir. Bununla əlaqədar dövlət başçısı Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və digər rəsmilərlə görüşlər keçirəcək.

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daim ölkəmizin diqqət mərkəzində olduğunu göstərir: “Eyni zamanda bu əlaqələr Azərbaycanla yanaşı Avropa üçün də kifayət qədər əhəmiyyətlidir. Azərbaycan regionun lider dövlətidir. Dövlətçiliyin inkişafında Avropa İtttifaqının öndə gələn dövlətlərin təcrübəsindən maksimum istifadə edir. Azərbaycanın regionda və dünyada təhlükəsizliyin təmin edilməsində çox böyük rolu var. Bu baxımdan Azərbaycanla münasibətlər Avropa İttifaqı üçün olduqca əhəmiyyətlidir.

Həmçinin Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində güclü alternativlərdən biri sayılır. Bu baxımdan səfər zamanı əlaqələrimizdə geniş spektrli məsələlər müzakirə olunacaq. Azərbaycan hər iki tərəfin maraqlarına xidmət edən məsələlərin müzakirə edilib, razılığa gəlinməsində maraqlıdır, Azərbaycanın milli maraqları danışıqlarda qorunacaq”.

A.Mirzəzadə qeyd edib ki, ölkə başçısı səfəri zamanı işğal olunmuş torpaqlarımızla bağlı məsələni Avropa İttifaqının rəhbərliyi ilə danışıqlarda ön plana çəkəcək: “Ermənistanın beynəlxalq hüquq normalarını tanınmaması, işğal etdiyi ərazilərdə beynəlxalq hüquqa zidd hərəkətlərə yol verməsi ciddi məsələdir. Hesab edirəm ki, ölkə başçısının səfəri həm ikitərəfli münasibətlərin güclənməsində, həm Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında çox əhəmiyyətli rolu olacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti