Lapşinin ekstradisiyası göstərdi ki... - ŞƏRH

Lapşinin ekstradisiyası göstərdi ki... - ŞƏRH
  08 Fevral 2017    Oxunub:3181
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqqer Aleksandr Lapşin ötən gün Belarusdan Azərbaycana ekstradisiya edilib. Lapşini Azərbaycana gətirən təyyarə fevralın 7-də saat 23.00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Hava limanında Lapşin Belarus Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Lapşinin Bakıya ekstradisiyası Azərbaycan diplomatiyasının tarixi uğuru kimi qiymətləndirir.



Millət vəkili Elman Nəsirov hesab edir ki, Belarus Respublikası tərəfindən, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər etmiş bloqqer Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi diplomatiyamızın uğurudur: “Azərbaycan dövləti birmənalı şəkildə bütün dünyaya bəyan edib ki, qondarma “Dağlıq Qarabağ Respublikası”na, separatçı rejimin ərazisinə getmək qanunaziddir və beynəlxalq hüququn ölkələrin ərazi bütövlüyü prinsipinə qarşı hörmətsizlikdir. Əgər beynəlxalq birliyin hər bir üzvü hesab edirsə ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, o zaman Azərbaycan dövlətinin icazəsi olmadan ora səfər etməməlidir. İstənilən səfər qanunaziddir və dövlətimiz bu məsələdə prinsipial mövqeyni hər zaman ortaya qoyub. Azərbaycanın Xarici İşlər Nazirliyinin belə səfərlər edən şəxsləri dərhal “persona non qrata” elan edir. Həmin şəxslərin Azərbaycana istənilən səfəri qadağan olunur. Belə bir addımı İsrail və Rusiaya vətəndaşı olan Aleksandr Lapşin atmışdı. O, təkcə səfər etməmiş, anti-Azərbaycan mövqedən çıxış etmiş və bununla da “persona non qrata” elan edilmişdi. Bu vəziyyətdə Azərbaycan dövləti beynəlxalq aləmdə mövcud davranış tərzinə uyğun olaraq separatçı rejimə qanunsuz səfər edən və anti-Azərbaycan bəyanatları ilə çıxışlar etmiş Aleksandr Lapşinin ekstradisiyasını Belarus qarşısında şərt qoydu. Belarus Azərbaycanın haqlı tələbinə reaksiya verdi. Doğrudur, Lapşin bir qədər öncə vəziyyətin çıxılmaz olduğunu görərək Azərbaycan prezidentindən əfv olunmasını xahiş etmişdi”.

E.Nəsirov vurğulayıb ki, indiki vəziyyətdə Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüquq prinsiplərinə uyğundur: “Amma, bu, böyük siyasi ibrət dərsidir. Yəni, anoloji niyyətdə olan hər bir şəxs bilsin ki, onu Lapşinin taleyi gözləyir. Azərbaycan bu prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcək”.

Lapşinin ekstradisiyası Ermənistan hökumətinin, Sarksiyan rejiminin növbəti məğlubiyyəti kimi dəyərləndirilir.



Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə qanunsuz səfər etmiş Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın yüksək nüfuzunun göstəricisidir: “Lapşin məsələsi ötən ilin aprel hadisələri kimi tariximizə yazılacaq bir məsələdir. Bu, eyni zamanda Ermənistana növbəti ciddi xəbərdarlıqdır. Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətmiş erməni cinayətkarları da əllləri qandallı məhkəmə qarşısında duracaqlar”.



Politoloq Elxan Şahinoğlu hesab edir ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası uğurumuzdur: “Həm Azərbaycan hakimiyyəti, həm də Belarus prezidenti Aleksandr Lukaşenko prinsipiallıq nümayiş etdirdi. Belarus prezidentinə xüsusi təşəkkür düşür, sağ olsun, Azərbaycanın maraqlarını Rusiya və Ermənistanın müxtəlif istiqamətlərindən yönələn təzyiqlərinə qurban vermədi. Lapşinin ekstradisiyası Azərbaycanın qanunlarını pozan xarici vətəndaşlara dərs olsun”.

Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqqer Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.

Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb.

Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti