Cavid Qurbanov prezidentə məlumat verdi - Fotolar (Yenilənib)

  10 Fevral 2017    Oxunub : 6074
Cavid Qurbanov prezidentə məlumat verdi - Fotolar (Yenilənib)
Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
AzVision.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlətimizin başçısına və xanımına burada aparılan işlər barədə məlumat verdi. Bildirildi ki, bina 1956-cı ildə inşa edilib. Ümumi sahəsi 29 min kvadratmetr olan binada 505 otaq var. Binanın 3 korpusu dördmərtəbəli, bir korpusu isə beşmərtəbəlidir. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətləri, həmçinin ölkəmizdə dəmir yolunun inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb, Ümummilli Liderin büstü qoyulub.



Binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait var. Server otağında qatarların hərəkətinin onlayn izlənməsi sistemi yaradılıb. Bundan başqa, otaqda GPS izlənmə sistemi də tətbiq edilir. Binada 280 nəfərlik akt zalı, aparat və işlər idarəsi, beynəlxalq əlaqələr, kadrlar, hüquq, ictimai əlaqələr şöbələri, “qaynar xətt” bölməsi və digər aidiyyəti qurumlar fəaliyyət göstərəcək. İnzibati otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Binada, həmçinin şəhid dəmiryolçuların və indiyədək quruma rəhbərlik edən şəxslərin fotolarından ibarət guşələr də yaradılıb. Qeyd edildi ki, dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, iki su anbarı inşa edilib. Mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunan binanın dam örtüyü tam yenilənib.



Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısına və xanımına vağzal binasında yaradılan situasiya mərkəzi barədə də məlumat verildi. Mərkəzdən müşahidə kameraları vasitəsilə vağzal ərazisinə nəzarət olunur. Vağzal binasının ikinci mərtəbəsində 2 saylı “ASAN kommunal” fəaliyyət göstərir. Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad ƏləsgərovPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına və xanımına mərkəz barədə məlumat verdilər.



“ASAN kommunal” mərkəzlərinin yaradılması Azərbaycan Prezidentinin ötən il imzaladığı Fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Bu mərkəz qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərəcək. Burada 3 qurum - “Azərişıq” və “Azərsu” ASC-lər, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 45 növ xidmətin göstərilməsi nəzərdə tutulur. Mərkəzdə “Azərişıq” və “Azərsu” ASC-lərin hər biri üçün 10, “Azəriqaz” İstehsalat Birliyi üçün isə 9 xidmət pəncərəsi yaradılıb. Bank və notariat xidmətlərinin də təşkil edildiyi mərkəzdə 51 əməkdaş, 20 könüllü, ümumilikdə, 71 nəfər işlə təmin olunub. Mərkəzdə könüllülər otağı, konfrans zalı, uşaq əyləncə sahəsi yaradılıb. Onu da deyək ki, bu il yanvarın 15-dən fəaliyyətə başlayan 1 saylı “ASAN kommunal” mərkəzində bu günədək 3200-dən artıq müraciət qeydə alınıb.



Bakı Dəmir Yolu Vağzalının belə yüksək səviyyədə yenidən qurulması, ümumilikdə, ölkəmizdə həyata keçirilən sosial layihələrin uğurla davam etməsini aydın göstərir. Bu layihənin icra olunması həm də Azərbaycan dəmir yollarının inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Dövlətimizin başçısı və xanımı dəmir yolu platformasında müxtəlif istiqamətlərdə hərəkət edən qatarların dayanacaqları və sərnişinlər üçün yaradılan şəraitlə tanış oldular. Vağzalın 7 platforması və 8 yolu da görülən işlər çərçivəsində təmir olunub, platformalarda ikitərəfli oturacaqlar quraşdırılıb. Burada aparılan əsaslı yenidənqurma işləri zamanı rəsmi nümayəndələr zalı da müasir səviyyədə təmir olunub. Bakı Dəmir Yolu Vağzalında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

AzVision.az

Foto


Teqlər: