Penitensiar Xidmətdə müşavirə keçirilib

Penitensiar Xidmətdə müşavirə keçirilib
  11 Fevral 2017    Oxunub:2138
Cari il yanvarın 31-də Ədliyyə Nazirliyinin ötən ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiya iclasında qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı Penitensiar Xidmətin baş idarəsində müşavirə keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, xidmətin rəis müavini Oqtay Məmmədov müşavirədə çıxış edərək kollegiyada ədliyyə naziri Fikrət Məmmədovun görülmüş işlərlə yanaşı, nöqsanların və həllini gözləyən problemlərin aradan qaldırılması, Penitensiar Xidmət və tibb baş idarəsinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tapşırıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

Qeyd edilib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin təhlükəsizliyi və sağlamlıqlarının təmin olunması üçün son illər tibbi təminat sahəsində ardıcıl tədbirlər görülüb, göstərilən tibbi yardımın səviyyəsi xeyli yüksəldilib, cəzaçəkmə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib. Əldə olunmuş nailiyyətlər xüsusilə vərəmlə mübarizədə özünü daha çox büruzə verib. Vurğulanıb ki, Penitensiar Xidmət və tibb baş idarəsi arasında səmərəli əməkdaşlıq əlaqələri, işgüzar münasibət formalaşıb. Bununla belə, bəzi hallarda ayrı-ayrı məsələlərin həlli zamanı operativliyin çatışmazlığı nəticəsində mövcud problemlərin aradan qaldırılmasına maneələrin yaranması bildirilib.

Tibb baş idarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov, Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov və tabeli qurumların rəhbərləri sağlamlığında problem yaranmış məhkumların operativ müalicə müəssisələrinə müşayiəti, davranışları ilə bağlı onlara tənbeh tədbirlərinin tətbiq olunması, psixoloji problemləri olan şəxslərlə əlaqədar keçirilən profilaktiki tədbirlər barədə məlumat veriblər.

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmə və cəzaçəkmə müəssisələrində tərbiyə işinin təşkilindəki bəzi problemlərə toxunaraq bu sahədəki işin səmərəliliyinin artırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə“ Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamı iştirakçıların diqqətinə çatdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti