Vitse-spiker KİV-ləri fəal olmağa çağırdı

Vitse-spiker KİV-ləri fəal olmağa çağırdı
  17 Fevral 2017    Oxunub:1948
Milli Məclisdə bir qrup media rəhbəri ilə görüş keçirilib.
AzVision.az-ın məlumatına görə, tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və media rəhbərləri iştirak edib.

Görüşdə çıxış edən vitse-spiker Bahar Muradova bildirib ki, mətbuat yarandığı vaxtdan üzləşdiyi problemləri dəf edib, demokratik cəmiyyətin qurulmasında özünəməxsus rol oynayıb:

“Hakimiyyətin vacib qanadlarından biri kimi parlamentin işinin işıqlandırlmasında KİV-lər mühüm rol oynayır. Mətbuatın insan hüquqlarının qorunması baxımından oynadığı rol misilsizdir. Bu illər ərzində mediadakı zərərli meyllər aradan çıxmağa başlayıb, öz problemlərini həll etməyə imkanlar qazanıb. Parlament olaraq mətbuatın işınə çox önəm veririk. Ona görə də media ilə işimizi günün tələblərinə uyğun quruq”.

B.Muradova vurğulayıb ki, mətbuat Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqımızın formalaşması, qarşda duran hədəflərə nail olunması istiqamətində daim özünəməxsus mövqe sərgiləyib, xalqımızın keşməkeşli anlarında proseslərin önünə keçməyi bacarıb: “Dövlətimizin yaranması, müstəqilliyini itirməsi, sonra yenidən bərpa etməsi, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər daim mətbuatda öz əksini tapıb.

Azərbaycan inkişaf edən ölkədir, müstəqillik qazandığı müddət ərzində bir çox nailiyyətlər əldə edib və bu nailiyyətlərdən bir qismi də mətbuatla bağlıdır. Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Yenidən müstəqillik qazandıqdan sonra mətbuat üzləşdiyi çətinlikləri ləyaqətlə dəf edib və demokratik cəmiyyətin yaranmasında özünəməxsus rol oynayb. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev mətbuatın fəaliyyəti üçün daim lazımi addımlar atıb və mətbuat bugünkü inkişaf səviyyəsinə çatıb. Biz Parlament olaraq mətbuatın işinə çox böyük önəm veririk. Milli Məclisin fəaliyyəti hər zaman mətbuatın gözü qarşısındadır. Hakimiyyətin qanadlarından biri kimi mətbuat parlamentin fəaliyyətinin işıqlandırılmasında mühüm rol oynayıb”.

B.Muradova Azərbaycana qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianı fəal olmağa çağırıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti