`Prezidentin sərəncamını inqilabi hesab edirəm` - Vitse spiker

`Prezidentin sərəncamını inqilabi hesab edirəm` - Vitse spiker
  17 Fevral 2017    Oxunub:2760
“Azərbaycan prezidenti İlham Əliyevin penitensiar sistemlə bağlı sərəncamını sözün həqiqi mənasında inqilabi hesab edirəm”.
Bunu AzVision.az-a Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, sərəncamdan sonra Cinayət Məcəlləsində azadlıqdan məhrumetməyə alternativ olan cəza növlərinin sayı artacaq: “Bundan sonra çox sayda insan azadlıqdan məhrum edilmədən, cəzaları digər yüngül cəzalarla əvəz olunacaq. Sərəncamla cəza növü kimi ictimai işlərə cəlbetmə, cərimə və digər yüngül cəzalara üstünlük verilib. Bu isə cəza siyasətinin Azərbaycanın apardığı humanist siyasətə uyğunlaşdırılmasıdır. Cəza siyasətinin dövlət siyasətinə uyğunlaşdırılmasıdır”.

Birinci vitse-spiker, həmçinin sərəncamla yaradılacaq strukturlardan söz açıb: “Sərəncamla bir sıra yeni strukturlar yaradılacaq. Probasiya sözünün mənası sınaq deməkdir. Bu, əsasən ingilis-sakson hüquq sisteminə daxil olan ölkələrdə tətbiq olunur. Burada söhbət ondan gedir ki, şəxs hər hansı bir cinayət edirsə, onun cinayətinin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə, müəyyən olunacaq ki, ona azadlıqdan məhrum etmə cəzası vermək olar, yoxsa başqa cəza növü ilə əvəz etmək olar. Yəni, başqa cəzanı verəndə müddət qoyulacaq. Məsələn, ABŞ-da 5 ilə, digər ölkələrdə 3 ilə qədərdir. Probasiya dövründə məhkumun özünün necə aparmasına baxılacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti