Probasiya Xidməti Azərbaycana nə verəcək? – Millət vəkili şərh edir

Probasiya Xidməti Azərbaycana nə verəcək? – Millət vəkili şərh edir
  20 Fevral 2017    Oxunub:12513
“10 fevral, 2017-ci il tarixdə Azəzrbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı Sərəncamda yer alan hər bir bəndin əhəmiyyəti, aktuallığı və əhatəsi imkan verir ki, onun üzərində geniş fikir bildirilsin və müzakirələr açılsın”.

Bu sözləri millət vəkili Vüsal Hüseynov özünün feysbuk səhifəsində yazıb. O, bildirir ki, sərəncamın məzmunundan da göründüyü kimi, məqsəd cəza siyasətinin humanistləşdirilməsi, penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasının və səmərəli idarəetmənin təmin edilməsidir. Burda əks olunan müddəalar və yanaşma dünya ölkələrinin qabaqcıl təcrübəsində bu sahədə aparılan islahatlarla paralel prinsipləri nəzərdə tutur.

- Sərəncamın gətirdiyi mühüm yeniliklərdən biri cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılması ilə bağlıdır. –yazan millət vəkili probasiya xidmətinin nə olması, fəaliyyəti, beynəlxalq təcrübədə tətbiqi və səmərəsi ilə bağlı ətraflı şərh verib.

Deputat qeyd edir ki, cinayət hüququnda probasiya institutu, cinayət törətmiş şəxsin cəzaçəkmə müəssisəsində saxlanması əvəzində, məhkəmənin qərarı ilə onun bu müəssisələrdən kənarda xüsusi nəzarət altında qalmasını nəzərdə tutur:

“Baxmayaraq ki, hazırda bütün dünyada bir çox cinayət növləri üçün azadlıqdan məhrumetmə ən adekvat və təsirli cəza sayılır, təcrübə göstərib ki, bəzi cinayətlərlə bağlı probasiyanın tətbiq edilməsi həm daha humanist, həm də iqtisadi baxımdan daha səmərəli mexanizmdir. Bu mənada, azadlıqdan məhrumetmə ilə bağlı olmayan sanksiyalar hazırda məhkumların reabilitasiyası, onlara verilən cəzaların optimallaşdırılması, penitensiar xidmət sahəsində resurslardan istifadənin minimuma endirilməsi, habelə cinayətkarlığa qarşı mübarizə işinin sistemliliyi perspektivindən olduqca səmərilidir. Probasiya azadlıqdan məhrumetmənin ailə münasibətlərinin korlanması, məhkumların əmək bazarında iştirakçılığın aşağı düşməsi, onların cəmiyyətdən təcrid olunması kimi bir sıra kriminogen nəticələrinin aradan qaldırılmasına kömək edir. Bu sahədə ixtisaslaşan müxtəlif institutlar tərəfindən aparılan təhlillər göstərib ki, probasiyanın tətbiq edildiyi hallarda şəxslər daha sürətlə islah olunur, onların yenidən cinayət törətməsi hallarına daha az rast gəlinir.

Bu sahədə olan beynəlxalq təcrübəyə və tendensiyalara nəzər salsaq, bəzi maraqlı məqamlar ortaya çıxır. Ümumiyyətlə, hazırda Avropada da Cinayət və Cəza institutu ilə bağlı ən aktual məsələ ona köklənib ki, məhbusların daha səmərəli nəzarət mexanizmləri ilə onların cəmiyyətə daha tez qaytarılması üçün olan mexanizmlər arasında balans təmin edilsin. Probasiyanın da mahiyyəti əslində bundan ibarətdir - şəxsin islah edilməsi üçün ona minimum zəruri nəzarətin həyata keçirilməsi, və eyni zamanda reabilitasiyası üçün onunla cəmiyyət arasında pozitiv münasibətlərin qurulması.

Qeyd etmək lazımdır ki, Avropada Probasiya institutunun güclənməsinin əsas səbəblərindən biri də cəzaçəkmə müəssisələrində sıxlığın yaranması problemi olub. Bu tendensiyanın ən bariz indikatorlarından biri kimi Avropa İnsan Hüquqları Məhkəməsində bununla bağlı şikayətlərin artması hesab olunur. Çünki cəzaçəkmə müəssisələrində yaranan sıxlıq məhumların saxlanma şəraitinə bilavasitə təsir etmiş olur ki, bu da özünü Avropa Məhkəməsinə ünvanlanan şikayətlərin sayında göstərir.

Bu səbəbdən, probasiya institutu Avropada son dövlərdə xüsusi diqqət mərkəzindədir və bu institutun daha da təkmilləşdirilməsi üçün müxtəlif addımlar atılır. 2010-cu ildə Avropa Probasiya Qaydaları (The European Probation Rules) qəbul edilib. Bu qaydalar rəhbər tutularaq, probasiya Avropa ölkələrində müxtəlif ixtisaslaşmış qurumlar tərəfindən institusional səviyyədə həyata keçirilir. Demək olar ki, Avropanın bütün ölkələrində bu cür xidmət müxtəlif qurumlar tərəfindən həyata keçirilməkdədir. Məsələn, Birləşmiş Krallıqda, Macarıstanda bu qurum Milli Probasiya Xidməti (National Probation Service), İtaliya, Malta, Polşa, Norveçdə Probasiya Xidməti, Çexiyada Milli Probasiya və Mediasiya Xidməti, Danimarkada Həbsxanada və Probasiya Xidməti üzrə Milli Ofis, Fransada isə Reabilitasiya və Həbsxana Probasiya Xidmətidir (SPİP). Bu dövlətlərin də əksiyyətində Probasiya Xidməti Ədliyyə Nazirliyinin strukturu daxilində fəaliyyət göstərir və ona tabedir. Bununla bağlı Avropada fərqlənən təcrübə Avstriya təcrübəsidir ki, burada Probasiya xidməti – özəl, qeyri-kommersiya təşkilatı olan NEUSTART tərəfindən həyata keçirilir.

Burada daha bir önəmli məqam ondan ibarətdir ki, probasiya mexanizminin institusional sahədə təklif etdiyi yeniliklərlə yanaşı, məsələnin əhəmiyyətli hüquqi-mənəvi aspektləri də var. Probasiyanın, və ümumiyyətlə cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların əsas məqsədi, məhkumların fundamental hüquqlarının qorunması, onların cəmiyyətə yenidən inteqrasiyası, azadlıqdan məhrumetmənin tətbiq olunan son vasitə olması və cinayətkarlığa qarşı dövlət tərəfindən hərtərəfli, sistematik yanaşmanın və nəhayət, məhkumla yanaşı, bütövlükdə cəmiyyətin mənafelərinin təmin edilməsidir. Probasiya da məhz məhkumlara daha humanist yanaşmanın təzahür formasıdır. Yəni, əgər cəza özlüyündə şəxs barəsində məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarət tədbirdirsə, probasiya məhz cinayətkarlara tətbiq olunan bu məhdudiyyətlərin qismən azaldılmasına xidmət edir, onların cəmiyyətin üzvü kimi daha çox hüquqlarının realizəsi üçün şərait yaradır.

Sərəncamda əks olunan daha bir məsələ - penitensiar müəssisələrin yüklənməsi məsələsi hazırda bütün dünyada olduqca aktual məsələdir. Bununla bağlı, Avropa Şurası Nazirlər Komitəsinin ayrıca – “Həbsxanalarda sayın həddən artıq olması və məhbusların artması ilə bağlı Tövsiyəsi” də hazırlanıb. Tövsiyədə qeyd olunan əsas prinsiplər ondan ibarətdir ki, azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya hesab edilməlidir, həbsxanaların ərazisinin genişləndirilməsi müstəsna hallarda həyata keçirilməlidir, üzv dövlətlər müxtəlif hüquq pozuntularının dekriminallaşdırılması (cinayət sayılmaması) imkanlarını daim nəzərdən keçirməlidirlər. Bu tövsiyənin özündə də qeyd olunur ki, həbsxanalarda həddən artıq insan olmasının mənfi nəticələrini neytrallaşdırmaq üçün məhbusların ictimaiyyətlə təmasları mümkün qədər asanlaşdırılmalı və ictimaiyyətin dəstəyindən maksimum istifadə edilməlidir.

Sərəncamda əks olunan vacib məsələlərdən növbətisi, elektron nəzarət mexanizmlərindən istifadə ilə bağlıdır. Burada cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı müddəa əks olunub.

Avropada elektron nəzarət mexanizmlərindən bu məqsədlərdən istifadəsi son illər ərzində geniş yayılıb. 2014-cü ilin fevralında Avropa Şurasının Nazirlər Komitəsi üzv ölkələr üçün elektronik monitorinqlə bağlı Tövsiyə qəbul edib.

Bu təcrübə hazırda ABŞ-da da çox geniş tətbiq olunur. Yəni, məhbuslar probasiya çərçivəsində, müxtəlif elektron naviqasiya, GPS, kompüter sistemləri, peyklər vasitəsilə monitorinq edilirlər. Son dövrlərdə daha çox istifadə olunan nəzarət sistemi isə, məhbusların onlayn fəaliyyətləri ilə bağlıdır. Bununla bağlı ABŞ-da xüsusi monitorinq proqramları vasitəsilə məhbusların kompüterlərində və internet məkanında hansı fəaliyyətlə məşğul olduğuna dair nəzarət də həyata keçirilir. Bu monitorinq mexanizmi daha çox kiber-cinayət törətmiş şəxslər üzərində tətbiq olunsa da, artıq bu cür nəzarət sistemləri sosial şəbəkələrdə də istifadə olunmaqdadır.

Bu Sərəncam Azərbaycanda son dövrlər ərzində bu sahədə hazırlanan ən mühüm sənədlərdən biridir və bu sahənin təkmilləşdirilməsi üçün mərhələli islahatların davamıdır”.


Teqlər:





Xəbər lenti