Lüksemburqda Xocalı qurbanları yad edilib

Lüksemburqda Xocalı qurbanları yad edilib
  24 Fevral 2017    Oxunub:1574
Fevralın 23-də Lüksemburqda “Le Royal” otelində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisi tərəfindən “Xocalıya Ədalət !” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Xocalı qətliamının qurbanlarının anım tədbiri keçirilib.
TEAS-dan AzVision.az-a bildirilib ki, pianoçu Nəzrin Əfəndiyeva Astrid Gallez (fleyta) və Mari-Karmen Suarezin (skripka) müşayiəti ilə Azərbaycan, Almaniya, Rusiya və Fransa bəstəkarlarının müxtəlif klassik və müasir əsərlərini ifa edib.

Siyasətçi, diplomat, tələbə və mətbuat nümayəndələrindən ibarət 130 iştirakçı qarşısında çıxış edən TEAS-ın Benelüks Ofisinin direktoru Mark Vervilghen bildirib ki, TEAS bu tədbirləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edir.

“Xocalı qətliamı 1992-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli vəhşiliyi kimi tarixə düşərək, 613 azərbaycanlı mülki şəxsin ölümü ilə nəticələnib. Həlak olanlar arasında 106 qadın, 63 uşaq və 70 ahıl insan da olub. Bu vəhşiliyi törətmiş ermənilərin kimliyi hamıya məlumdur və onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. İnanırıq ki, bu hadisələri törədənlərə qarşı məhkəmə işi uğurlu ola bilər. Hətta Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında belə məsələ qaldırmaq olar. Azərbaycanlı qaçqın və məcburi köçkünlər hələ də ölkənin müxtəlif yerlərində yerləşən düşərgələrdə yaşayırlar. 9,7 milyon əhalisi olan xalq üçün bu rəqəm dünyada adambaşına hesablanan ən yüksək dərəcələrdən biridir” – deyə, o, əlavə edib.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov 1992-ci ilin fevral ayında Xocalıda baş vermiş qətliamın bəşəriyyətə qarşı vəhşilik olduğunu xatırladıb: “Azərbaycan öz tolerantlığı, zəngin mədəni irsi və Avropa dəyərləri ilə məşhurdur. Əhalisinin böyük hissəsi müsəlman olan Azərbaycan Demokratik Respublikası 1918-ci ildə qadınlara ümumbəşəri seçki hüququnu verib. Bu da Azərbaycanın Avropa yönümlü olmasına çoxsaylı misaldan biridir. Xocalıdan olan 613 qurban da təkcə azərbaycanlı deyil, həm də avropalı idi!”.

AzVision.az


Teqlər:





Xəbər lenti