Azərbaycana rekord sayda turist gələcək

Azərbaycana rekord sayda turist gələcək
  27 Fevral 2017    Oxunub:3174
Novruz bayramı ərəfəsində Bakı şəhəri də daxil olmaqla,Azərbaycanın bölgələrinə xeyli sayda turist gələcək.

Bu barədə Azvision.az-a Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov deyib.

O bildirib ki, bayram ərəfəsində Azərbaycana bu günə qədər görülməyən sayda turist gələcək: “İrandan gələn turistlər çoxluq təşkil edəcək. Artıq İranın bir sıra şəhərləri, o cümlədən Təbriz, Tehran, İsfahandan 40-a yaxın çarter uçuşları nəzərdə tutulub. Ərəb ölkələrindən də Novruz bayramı ərəfəsində ölkəmizə çoxlu sayda turistin gələcəyi gözlənilir. Amma ən çox turist İrandan gələcək”.

N.Bağırov qeyd edib ki, martın 17-dən aprelin 3-ə qədər paytaxt otellərinin heç birində boş yer yoxdur: “3,4 və 5 ulduzlu otellərin hamısı doludur. Bakı şəhərində əlavə otellər olsaydı, orada da yerlər dolu olacaqdı. Yerli sakinlər isə bayram ərəfəsində rayonlara, xüsusilə Quba və Qəbələdə istirahətə üstünlük verirlər. Artıq Quba və Qəbələdə yerləşən otellərdə məhdud sayda yerlər qalıb. Eyni zamanda əcnəbi turistlərdən də rayonlara gedənlər olacaq”.

Azərbaycana gələcək turist sayının rəqəmlə ifadəsinin çətin olduğunu deyən Nahid Bağırov bildirib ki, təkcə İrandan təyyarə ilə 10 mindən çox turist gələcək: "Bu il ölkəmizə gələn turistlərin sayı çox olacaq”.

Aytən Zəhra


Teqlər: #İran   #Turist  





Xəbər lenti