Azərbaycanda polkovnik vəfat edib

Azərbaycanda polkovnik vəfat edib
  01 Mart 2017    Oxunub:1880
Müdafiə Nazirliyinin Tikinti Baş İdarəsinin keçmiş rəisi, “Əməkdar İnşaatçı”, istefada olan polkovnik Əliyev Adil Ömər oğlu uzun sürən xəstəlikdən sonra 2017-ci il fevralın 28-də 74 yaşında vəfat edib.
AzVision.az-ın MN-in saytına istinadən verdiyi məlumata görə, Polkovnik A.Əliyev 1943-cü il dekabrın 13-də Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1962-ci ilədək "Qızıl Şəfəq" sovxozunda fəhlə işləyib. 1963-cü ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidməti başa vurduqdan sonra ona “kiçik leytenant” hərbi rütbəsi verilib.

1967-ci ilin sentyabr ayının 15-də Estoniyanın Yaqala şəhərində siyasi kurslara göndərilib və oranı 1968-ci ildə bitirdikdən sonra ona "leytenant" hərbi rütbəsi verilərək Yakutiya Muxtar Sovet Sosialist Respublikasının Tiksi-3 şəhərində bölük komandirinin siyasi işlər üzrə müavini, daha sonra bölük komandiri vəzifəsində xidmətə göndərilib.

1974-cü ilin fevral ayında polkovnik A.Əliyev Ukraynanın Çerniqov şəhərində bölük komandiri, 1976-cı ilin noyabr ayında isə həmin qarnizonda hərbi hissə komandiri vəsifəsində xidmət edib. Həmin il hərbi hissə Azərbaycan Respublikasının Qəbələ şəhərinə köçürülüb və bir müddət xidmət etdikdən sonra o, 1983-cü ildə Leninqrad şəhərində akademik kurslara qəbul olunub.
Polkovnik A.Əliyev 1983-cü ildən inşaat idarəsi rəisinin müavini vəzifəsində, 1992-ci ilin yanvar ayından 2005-ci ildə ehtiyata buraxılanadək isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Tikinti İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Xidmət dövründə polkovnik A.Əliyev bir sıra medallarla təltif edilib. 1988-ci ilin avqustunda Qəbələ RLS-nin layihələşdirilməsi və tikintisi sahəsində əldə etdiyi nailiyyətlərə görə ona SSRİ Nazirlər Kabinetinin mükafatı verilib. 1989-cu ilin may ayında ona Azərbaycan Ali Sovetinin qərarı ilə Azərbaycan SSR-in əməkdar inşaatçısı fəxri adı verilib.

Polkovnik A.Əliyevin xatirəsi zabit və xeyirxah insan kimi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Allah rəhmət eləsin!"

AzVision.az


Teqlər:





Xəbər lenti