"Azərbaycan istənilən yolla torpaqlarını qaytarmalıdır" - Andre Reyşar

"Azərbaycan istənilən yolla torpaqlarını qaytarmalıdır" - Andre Reyşar
  13 Mart 2017    Oxunub:2657
Milli Məclisdə Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Parlamentlərarası əməkdaşlıq imkanları müzakirə edilib.
Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Azərbaycan ilə Fransanın müxtəlif sahələrdə yaxşı əməkdaşlıq etdiklərini, həmçinin ölkələrimizin regionları arasında da fəal əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb.

Andre Reyşar Azərbaycanda səmərəli görüşlər keçirdiklərini, müxtəlif məsələlərə dair müzakirələr apardıqlarını bildirib. O, Fransa-Qafqaz Dostluq Qrupunun üzvlərinin Azərbaycan ilə bağlı kifayət qədər məlumat əldə etdiyini vurğulayıb.

Azərbaycanın ən böyük probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirən Andre Reyşar deyib: “Biz Fransada Azərbaycanı yaxından tanıyan insanlar kimi bu istiqamətdə fəal iş aparırıq. Azərbaycanın haqq işinə dəstək verəcəyik. Hesab edirik ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. İşğal edilmiş torpaqlar geri qaytarılmalıdır. Azərbaycan ərazi bütövlüyünü təmin etməli, öz torpaqları üzərində nəzarəti bərpa etməlidir. Ötən ilin aprelində baş verən hücumlar artıq narahatlığın pik həddə olduğunu göstərdi. Bu həm də onu sübut etdi ki, münaqişənin hərbi yolla həlli arzuolunan deyil. Azərbaycan istənilən yolla öz torpaqlarını geri qaytarmalıdır. Bütün hallarda biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq".




Teqlər: MilliMəclis   Fransa   Senat   Qarabağ  





Xəbər lenti