"Oğlumun öldürülməsi ilə bağlı mənə məlumat verilməyib" - Fikrət Qoca

"Oğlumun öldürülməsi ilə bağlı mənə məlumat verilməyib" - Fikrət Qoca
  14 Mart 2017    Oxunub:3002
"Oğlumun öldürülməsi ilə bağlı mənə rəsmi qurumlar tərəfindən heç bir məlumat verilməyib".

Bunu AzVision.az-a xalq şairi Fikrət Qoca deyib. DİN-in yaydığı məlumata münasibət bildirən F.Qoca oğlunun nə üçün öldürüldüyündən xəbərsiz olduğunu söyləyib.

“Oğlum sakit insan idi. Öz işi ilə məşğul olurdu, heç kimlə işi olmazdı. Mənim və ailəmin heç vaxt düşməni olmayıb. Düşmənimiz olsaydı, bunu hamı bilərdi. Mənə rəsmi qurumlar tərəfindən oğlumun öldürülməsi, qatillərinin tutulması haqda heç bir informasiya verilməyib. Oğlum ölüb. Onun dərdini çəkirəm”.

Qeyd edək ki, DİN-in yaydığı məlumata əsasən, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

Aytən Zəhra
AzVision.az


Teqlər: FikrətQoca   Qətl   DİN  





Xəbər lenti