"Gəncə, Lənkəran və Bakıda penitensiar kompleks tikilir" - Ədliyyə naziri

"Gəncə, Lənkəran və Bakıda penitensiar kompleks tikilir" - Ədliyyə naziri
  14 Mart 2017    Oxunub:5694
Təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri məqsədilə bölgələrdə penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülüb, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunaraq istifadəyə verilib.
AzVision.az xəbər verir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov AzərTac-a müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Gəncə və Lənkəran şəhərlərində, habelə Bakının Zabrat qəsəbəsində qadın və yetkinlik yaşına çatmayan, Umbakıda isə ömürlük azadlıqdan məhrum edilmiş məhkumların saxlanılması üçün belə müəssisələrin tikintisi aparılır.

“Son illər məhkumlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülüb, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda bu sahədə, o cümlədən məhkumlar arasında vərəmlə mübarizədə digər dövlətlərə örnək olan yüksək nailiyyətlər qazanılıb. Təsadüfi deyil ki, son 20 ildə məhkumlar arasında ölüm halları xeyli, vərəmdən ölüm isə 100 dəfə azalıb. Bununla yanaşı, penitensiar müəssisələrdə tibb xidmətinin yaxşılaşdırılması və məhkumların sağlamlığının qorunması ilə bağlı qarşımızda əlavə mühüm vəzifələr qoyulub, bu istiqamətdə konkret tədbirlər müəyyən olunaraq həyata keçirilməyə başlanılıb”.

Nazir bildirib ki, son illər 950-dən çox mütəxəssis Penitensiar xidmətdə qulluğa qəbul olunub: “Gənc əməkdaşların hazırlıq səviyyəsinin artırılması məqsədilə onların Ədliyyə Akademiyasında təlimlərə, ixtisasartırma kurslarına cəlb olunmasına böyük önəm verilir, habelə gənclərin hərtərəfli, o cümlədən mənəvi-estetik dünyagörüşünün inkişafı üçün müvafiq mədəni tədbirlər təşkil olunur.

Cəzaçəkmə müəssisələrinin etibarlı mühafizəsi də mühüm əhəmiyyət kəsb edən sahə olmaqla, nizam-intizamın, rejimin, təhlükəsizliyin təmin edilməsinə mühüm təsir göstərir. Sərəncamda verilmiş tapşırıqlara uyğun olaraq, Penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsi bu sahədə işin keyfiyyətinin artırılmasına zəruri töhfə verəcək”.

AzVision.az


Teqlər: FikrətMəmmədov  





Xəbər lenti