Pensiyalarla bağlı şikayət qeydə alınmayıb

Pensiyalarla bağlı şikayət qeydə alınmayıb
  14 Mart 2017    Oxunub:2412
Azərbaycan Respublikasının Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli Sərəncamının guya düzgün yerinə yetirilmədiyi və pensiyalar üzrə artımın düzgün hesablanmadığı barədə səslənən fikirlər əsassız və həqiqətdən uzaq olmaqla, həm də dezinformasiya xarakteri daşıyır.
Bunu AzVision.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcttimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

E.Babayev diqqətə çatdırıb ki, Azərbaycanda sığorta-pensiya münasibətləri elektron infrastruktur üzərində, tam avtomatlaşdırılmış qaydada həyata keçirilir. O cümlədən Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları əsasında əmək pensiyalarının sığorta hissəsinin hər il əvvəlki ilin istehlak qiymətlərinin indeksi səviyyəsinə uyğun indeksləşdirilməsi və bununla əmək pensiyalarına artımların edilməsi prosesi də insan faktoru iştirak etmədən, bütünlüklə elektron sistem tərəfindən yerinə yetirilir: “Ona görə də burada pensiyalara artımların edilməsi zamanı hansısa subyektiv yanaşmadan söhbət gedə bilməz və bütün əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilərək artırılması tam obyektiv və bərabər yanaşma əsasında təmin edilir”.

Şöbə müdiri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli Sərəncamının icrası işləri də tam yerinə yetirilib. Sərəncama uyğun olaraq, əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin istehlak qiymətlərinin indeksi səviyyəsinə uyğun olaraq cari ilin yanvar ayından 12,4 faiz artırılması, bununla da pensiyaçıların 94 faizinin, yəni əmək pensiyalarında sığorta hissəsi mövcud olan şəxslərin pensiyalarında artımlar edilib. Yanvar ayı üçün hesablanan artımlar fevral ayından ödənilməyə başlanıb. Beləliklə də, pensiyaçılar fevral ayının pensiyalarını həm yanvar, həm də fevral ayı üçün hesablanan artımlarla birgə alıblar: “Bu sahədə heç bir problem yaşanmayıb və yazı müəllifinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə dair guya “çoxlu sayda şikayətlər”in olduğu barədə heç bir fakta əsaslanmayan iddiasının tam əksinə olaraq, pensiyalara artımların edilməsi ilə bağlı hansısa şikayət xarakterli müraciət qeydə alınmayıb”.

E.Babayev deyib ki, 2007-ci ildən ötən müddətdə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən artıq 11 Sərəncam imzalanıb və həmin Sərəncamlar nəticəsində pensiyalarda mütəmadi artımlar edilib. Ona görə də əmək pensiyaçıları hər il mütəmadi olaraq həyata keçirilən bu sosial müdafiə tədbiri, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində pensiyalara edilən artımlarla bağlı məlumatlıdırlar: “Yeni əmək pensiyası hüququ qazanmış şəxslər ola bilər ki, onlar bu sahədə müəyyən qədər məlumatsızdırlar. Bununla əlaqədar misal olaraq bildiririk ki, məsələn, hər hansı vətəndaşın əmək pensiyası 225 manat təşkil edir və onun 110 manatı baza hissəsi, qalan 115 manatı isə sığorta hissəsidir. Həmin sığorta hissənin -115 manatın 12,4 faizi qədər (14.26 manat) artım ümumi pensiyanın, yəni 225 manatın üzərinə əlavə edilir. Deməli, sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində həmin pensiya 14.26 manat artaraq 239.26 manata çatır”.

E.Babayevin sözlərinə görə, bəzi şəxslər isə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində bütün pensiyalara üzərinə eyni səviyyədə artımların edildiyini düşünürlər ki, bu da tam yanlışdır. Belə ki, bütün növ əmək pensiyalarında baza hissə 110 manat olsa da, onların sığorta hissələrinin məbləğləri müxtəlifdir. Ona görə də sığorta hissələrinin 12,4 faizlik artımı nəticəsində pensiyalarda özün göstərən artım məbləğləri də fərqlidir.

AzVision.az


Teqlər: Pensiya  





Xəbər lenti