Allahşükür Paşazadə: "Bu gün ekstremizm tüğyan edir"

Allahşükür Paşazadə: "Bu gün ekstremizm tüğyan edir"
  15 Mart 2017    Oxunub:1574
Bu gün Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilir.
AzVision.az xəbər verir ki, müqəddəs Qurani-Kərimdən ayələr səsləndikdən sonra "Azərbaycanda multikulturalizm dəyərlər" filmi nümayiş olunub.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir: “Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Təbii ki, burada dövlətimizin başçısının siyasi iradəsi böyük önəm daşıyır. Bu gün dünyada dini və milli zəmində ekstremizm tüğyan edir, ksenofobiya, islamofobiya, radikalizm təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və millətlərarası dialoqa ciddi zərbə vurur. Dünyanın müxtəlif nöqtələrində insan qırğını, dini-mədəni irsin məhvi prosesləri zamanında müsəlman aləmində həmrəyliyin olmaması səbəbindən yaşanan faciələrdir. Bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan QMİ sədri bildirib ki, torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan artıq məcburi köçkünün yaranması ilə nəticələnib. Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həll edilməlidir.

Sonra Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda deyilir:

"Sizi - “İslam həmrəyliyi – zamanın çağırışı” mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayır, ən xoş arzu və diləklərimi yetirirəm.

Avropa ilə Asiyanın qovuşuğunda yerləşən qədim Azərbaycan torpağında müxtəlif dinlərə, ayrı-ayrı mədəniyyətlərə mənsub insanlar tarix boyu əmin-amanlıq şəraitində yaşamışdır. Azərbaycan xalqı bu gün də özünün dərin tarixi köklərə malik zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, sivilizasiyalararası dialoqa, islamdaxili və konfessiyalararası həmrəyliyə öz töhfələrini verir. Buna görə də zamanın çağırışlarına səs verən İslam həmrəyliyinə həsr olunmuş konfransın keçirilmə məkanının dəqiq seçilməsi şübhəsizdir.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan olunduqdan sonra xalqımız öz tarixi mənəvi ənənələrinə sadiqliyini böyük coşqunluqla bir daha nümayiş etdirdi. Bu münasibətlə Azərbaycanda və xaricdə bir sıra əhəmiyyətli və faydalı tədbirlər keçirildi. Dünyada multikulturalizmin Azərbaycan modelinə xüsusi maraq və diqqət yarandı. Bütün bunlar ona gətirdi ki, ötən ilin məntiqi davamı olaraq 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildi.

Müasir dünyamızda İslam həmrəyliyinin vacibliyi ilk olaraq İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qurulmasıdır. Bununla yanaşı, İslam həmrəyliyi dedikdə, həmçinin İslam ilə digər dinlər arasında harmoniyanın yaranması da nəzərdə tutulur. Buna nail olmaq, əslində, dünya dinləri arasında ahəngdar və bir-birinə inamlı münasibətin daha da möhkəmlənməsinə, İslam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inkişafına nail olmaq deməkdir. Bunun üçün çox işlər görmək, real addımlar atmaq lazımdır. Sizin konfransınız Azərbaycanda İslam həmrəyliyi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərin artıq başlanmasına ciddi bir işarədir. Bu gün İslama və digər konfessiyalara mənsub görkəmli alimlərin və din xadimlərinin dinlərarası mühüm aktual məsələləri belə yüksək səviyyədə müzakirə etmələri özünün müstəsna elmi-dini əhəmiyyəti ilə yanaşı, müsəlman dövlətləri və xalqları, eyni zamanda, dünya dövlətləri və xalqları arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət etməlidir. Ümidvaram ki, konfrans nəinki İslam aləmində, bütün dünyada həmrəylik və dostluğun daha da möhkəmlənməsi işinə öz layiqli töhfəsini verəcəkdir.

Bu nəcib fəaliyyətinizdə bir olan uca Allahdan Sizə könül xoşluğu, cansağlığı və konfransınızın işinə uğurlar arzulayıram".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam həmrəyliyi-zamanın çağırışı" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib ki, İslam ölkələri islamofobiyaya qarşı mübarizədə bir olaraq ideoloji cəbhədə mübarizələrini gücləndirməlidirlər:

"İslamofobiya ilə bağlı məsələlər Avropada daha qabarıq şəkildə özünü göstərir. Çox təəssüf ki, bəziləri islam haqqında müxtəlif mənfi rəylər formalaşdıraraq, guya onun dünya üçün təhlükəli olduğunu bildirərək terrorla eyniləşdirirlər.Bu gün dünyada İslam həmrəyliyinin olmasını olduqca vacib sayan komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2017-ci ilin "İslam həmrəyliyi" elan edilməsi dünyaya bir mesajdır. Bu gün dünyada dini zəmində münaqişələr gedir. Lakin ən təəssüfedici məqam bu münaqişələrin çoxunun məhz müsəlman ölkələrinin ərazisində olmasıdır. Ümumiyyətlə, müsəlman ölkələrində mövcüd olan məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur. 32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir. Bu, düşündürücü məsələdir".

Komitə sədri söyləyib ki, bu gün dünyada sülh və əmin-amanlığı bərpa etmək üçün beynəlxalq təşkilatlar səylərini birləşdirməlidir: “Azərbaycan bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışır”.

Konfrans işini davam etdirir.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: QMİ   DiniKomitə   Şeyx  





Xəbər lenti