Prezident və xanımı V Qlobal Bakı Forumunda iştirak edib- Fotolar (Yenilənib)

Prezident və xanımı V Qlobal Bakı Forumunda iştirak edib- Fotolar (Yenilənib)
  16 Mart 2017    Oxunub:4204
Martın 16-da Azərbaycan Respublikasının paytaxtında “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda V Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Forumda, həmçinin Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Giorgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal iştirak edirlər.



Əvvəlcə birgə foto çəkdirildi. Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı. Dövlətimizin başçısı tədbirdə nitq söylədi. Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış etdi.



İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo Prezident Sergio Mattarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Stefen Makkormik ölkəsinin Baş naziri xanım Tereza Meyin müraciətlərini oxudular.



Açılış mərasiminə yekun vuran Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbirdə iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.



İki gün davam edəcək bu mötəbər tədbirdə 53 ölkədən 300-dək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər. Forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.

***

Azərbaycanda V Qlobal Bakı Forumu başlayıb. Diaporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən forumda 53 ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.

Latviya prezidenti Raymond Veyonis, Monteneqronun dövlət başçısı Filip Vuyanoviç, Albaniya prezidenti Buyar Nişani, Makedoniya rəhbəri George İvanov, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç də foruma qatılıb.

Bundan başqa, Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal, İsrailin keçmiş baş naziri Ehud Barak və İsrail parlamentinin – Knessetin sabiq prezidenti, həmçinin dövlət başçısı olmuş Dalia İtzik, Fələstin baş nazirinin müavini Ziyad Abu Amr, İordaniya Haşimilər Krallığı Senatının prezidenti Faisal əl-Fayez, Liviyanin xarici işlər naziri Mohamed Əl Dayri, Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının baş katibi olmuş Əmr Musa, Türkiyə xarici siyasət idarəsinin keçmiş rəhbəri Hikmət Çətin, İranın keçmiş XİN başçısı Mənuçöhr Mottaki, İordaniyanın sabiq baş nazirləri Taher əl-Masri, Abdulrauf əl-Ravabde və Abdelsalam əl-Majali, Rusiyanın sabiq dövlət katibi, baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin sabiq müavini Vyaçeslav Trubnikov, Polşanın eks-prezidentləri Aleksandr Kvasnevski və Bronislav Komorovski, Pakistanın dövlət xadimi, ölkənin maliyyə naziri və baş naziri olmuş Şaukat Aziz, Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Laqumciya, Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko, Amerika Birləşmiş Ştatlarında nüfuzlu və populyar siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik “Newsweek International” nəşrinin redaktoru Farid Zakariya forumda iştirak edirlər.

Forum 7 panel üzrə keçiriləcək. “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış”, “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?", “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?", “Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi”, “Avropanın gələcəyi”, “Ekstremizm və populizm beynəlxalq təhlükəsizliyə qarşı ən böyük təhlükə hesab edilirmi?", “Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması: Fəaliyyət planına doğru” mövzularında panellər təşkil ediləcək.

Forum martın 17-də başa çatacaq.

Eldar Əlvanoğlu
AzVision.az

Qalereya




Teqlər: BakıForumu   Prezident   İlhamƏliyev  





Xəbər lenti