“Prezident yüzlərlə ailəni sevindirdi” - Əfv sərəncamına ilk reaksiyalar

“Prezident yüzlərlə ailəni sevindirdi” - Əfv sərəncamına ilk reaksiyalar
  16 Mart 2017    Oxunub:7114
Bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib.

Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri, deputat Aydın Mirzəzadə bununla bağlı AzVision.az-a açıqlamasında deyib ki, əfv sərəncamı Azərbaycan dövlətinin və şəxsən prezident İlham Əliyevin humanistliyinin göstəricisidir.

“Bu dəfəki əfv sərəncamı geniştərkiblidir və 423 nəfəri əhatə edir. Əfv edilən şəxslər tezliklə ailələrinə qovuşacaqlar. Bundan başqa bəzi məhbusların ömürlük həbs cəzaları müxtəlif müddətli cəza ilə əvəzlənib. Birinci dəfə deyil, indiyə qədər Azərbaycan prezidentinin imzladığı əfv sərəncamları ilə minlərlə insan öz ailələrinə qovuşub. Bu əfv sərəncamı bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşının maraqlarını qoruyur, onlara yenidən şans verir. Bütün bunlar dövlətçiliyimizin mahiyyətindən, dövlət başçısının humanist siyasətindən irəli gəlir. Hesab edirəm ki, bundan sonra da belə humanist addımlar davam edəcək”.



A.Mirzəzadə qeyd edib ki, 2017-ci il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam Azərbaycan dövlətinin daha demokratik, humanist olduğunundan xəbər verir.

“Azərbaycan prezidenti İlham Əliyevin bu addımları göstərir ki, ölkə başçısı cəmiyyətin, vətəndaşların maraqlarını üstün tutur. Hesab edirəm ki, 423 nəfər əfv edilmiş məhkum bu şansdan istifadə edərək həyatlarına yenidən başlayacaqlar. Bununla da siyasi mənsubiyyətinə, keçmişinə, törətdiyi əmələ baxmadan yüzlərlə insan və onların qohumları azadlığın qədrini biləcəklər. Vaxtilə prezidentlik fəaliyyətinə başlayan zaman bütün azərbaycanlıların prezidenti olacağını deyən ölkə başçısı İlham Əliyev bu sərəncamla öhdəliyinə sadiq qaldığını bir daha göstərdi”.



Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, hüquq müdafiəçisi Əlimməməd Nuriyev isə AzVision.az-a bildirib ki, ölkə rəhbəri əfv sərəncamı imzalamaqla Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirdi:

“Cənab prezident özünün əfv hüququndan istifadə edərək, bu insanlara mərhəmət, şəfqət bəxş etdi, yeni şans verdi. Sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib. Bu, ən böyük əfv sərəncamlarından biridir. Bəlkə də bu qədər sayda məhbusun azad edildiyi əfv sərəncamı olmamışdı. Həmçinin Azərbaycan prezidenti bir daha göstərdi ki, hər bir vətəndaşın prezidentidir və hər zaman öz vətəndaşlarına qarşı humanizm prinsiplərini əsas götürür. Ümumilikdə, bu əfv sərəncamını Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının davamı kimi də qiymətləndirmək lazımdır. Ölkə başçısı bundan bir qədər öncə, 10 fevralda penitensiar sahənin təkmilləşdirilməsi, cəzanın humanistləşdirilməsi, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların tətbiqi praktikasının genişləndirilməsi ilə bağlı çox mühüm bir sərəncam imzaladı. Bütün bunlar sinxron gedir. Azərbaycanda istər hüquqi, istər iqtisadi, istərsə də siyasi sahədə islahatlar davam edir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsinin nümunəsidir. Əfv sərəncamının verilməsi ölkə başçısının humanistliyinin göstəricisidir. Eyni zamanda hər bir vətəndaşa göstərilən diqqətdir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Əfv   Həbsxana   Məhkum  





Xəbər lenti