Baytarlıq Xidməti təkzib yaydı

Baytarlıq Xidməti təkzib yaydı
  18 Mart 2017    Oxunub:1819
Kənd Təsərrüfatı Nazirliyi (KTN) Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Ucar rayonunda buzovun ölü doğulması ilə əlaqədar yayılan məlumatlara münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, qurum bəyan edib ki, bir sıra kütləvi informasiya vasitələrində (KİV) Ucar rayonunun Gəraybəyli kənd sakini Cəbrayılov Abbas Malik oğluna məxsus heyvanın ölü buzov doğulması ilə əlaqədar məlumat yayılıb.

“Bununla əlaqədar DBNX bildirir ki, 08 mart 2017-ci il tarixində baytarlıq mütəxəssisləri vətəndaşın heyətində olub və heyvana baxış keçiriblər. Baxış zamanı buzovun yetişmiş (9 aylıq) formada ölü vəziyyətdə doğulması məlum olub. Heyvan sahibi ilə aparılan söhbət zamanı o da məlum olub ki, heyvanda doğuş üçün gücənmələr 7 mart 2017-ci il tarixində, günün ikinci yarısında baş verib. Lakin heyvan sahibi bir gün sonra baytarlıq mütəxəssislərinə müraciət edib. Baytarlıq mütəxəssisləri müraciət edilən vaxtda heyvan sahibinin həyətində olub və doğuşu başlanan, köklük dərəcəsi normadan xeyli aşağı olan heyvana yardım göstəriblər. Lakin göstərilən yardımlara və cəhdlərə baxmayaraq, balanın tərs gəlməsi və doğumun ləngiməsi ucbatından balanın ölü olduğu müəyyən edilib”, - deyə qurumun məlumatında qeyd olunub.

“KİV-də gedən iddiaya görə buzovun ölü doğulmasına dabaq vaksininin vurulması səbəb olub. DBNX bununla əlaqədar olaraq bildirir ki, 2017-ci ildə dabaq xəstəliyinə qarşı respublikada 2,5 mln. iribuynuzlu heyvan peyvəndə cəlb olunub. Lakin heç bir heyvanda mürəkkəbləşmə və balasalma müşahidə edilməyib. Eləcə də keyfiyyət sertifikatı olan dabaq vaksininin istifadə təlimatının 16-cı bəndində qeyd edilir ki, bu vaksinin boğaz heyvanlara tətbiqi zamanı balaya heç bir mənfi təsir göstərmir. Odur ki, balanın ölü doğuşunun vaksinin təsirindən baş verməsi əsasızdır və praktikada belə hal qeydə alınmayıb.

Bildiririk ki, heyvan sahibi tərəfindən müxtəlif bəhanə və tələblərlə buzov cəsədinin müayinə üçün verilməməsi ucbatından balanın ölümünə səbəb olan halları müəyyənləşdirmək mümkün olmayıb”, - deyə DBNX bəyan edib.

Qurum həmçinin qeyd edib ki, baytarlıq mütəxəssislərinin vətəndaşın 3 baş malına dabaq əleyhinə peyvənd vuraraq akt tərtib edərkən onun heyvanlarının sayını 6 baş qeyd etməsi əsası olmayan növbəti məlumatlardan biridir: “Bildiririk ki, peyvənd vasitələri heyvana tətbiq edilən zaman akt tərtib edilmir. Yalnız peyvəndləmə aparılan zaman qeydiyyat kitabında vətəndaşın neçə baş heyvanına vaksin vurulduğunu bildirən xanaya imza etdirilir. Qeydiyyat kitabında isə Cəbrayılov Abbas Malik oğluna məxsus yalnız 4 baş heyvana (2 baş inək, 2 baş düyə) vaksin vurulduğu və onlar tərəfindən imzalanması öz əksini tapıb. Eləcə də KİV-də gedən digər iddialar və fikirlər əsasızdır.

DBNX təsərrüfat sahiblərinin bir daha nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktik tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalı və zootexniki normalara uyğun qidalarla təmin edilməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun. Hələlik isə respublikada epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur”.

AzVision.az


Teqlər: DBNX  





Xəbər lenti