Azərbaycan Sarkisyanla bağlı ATƏT-ə üzv dövlətlərə müraciət göndərdi

Azərbaycan Sarkisyanla bağlı ATƏT-ə üzv dövlətlərə müraciət göndərdi
  27 Mart 2017    Oxunub:2062
Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi hərbi təlimi, Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və orada səsləndirdiyi bəyanatları ilə əlaqədar ATƏT üzv dövlətlərinə, ATƏT-in Daimi Şurasının sədrinə, ATƏT-in katibliyinə və müvafiq təsisatlarına məktub ünvanlayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, məktubda deyilir: “Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-ın sənəd və qərarlarının pozaraq, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində tabor səviyyəsində genişmiqyaslı hərbi təlimlər keçirib.

Ermənistan Prezidenti 25 mart 2017-ci il tarixində hərbi təlimlərin son mərhələsində şəxsən iştirak edib. Bu münasibətlə o, işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər edib, “döyüş vəzifələrini yerini yetirərkən fərqlənən hərbi qulluqçuları təltif etmiş” və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə təhdid məzmunlu təxribatçı bəyanatlar verib.

Ermənistan Prezidenti Ermənistan silahlı qüvvələrini xristianlığın keşikçiləri adlandıraraq, münaqişəyə dini çalar verməyə cəhd edib. Bununla belə, o, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında iştirakını və bu xüsusda özünün fərdi məsuliyyətini qəbul edib. O bəyan edib ki, 2016-cı il aprel döyüşləri gedişində “cavab hücumuna keçmək əmri verib”.

Ermənistan Prezidentinin bəyanatı atəşkəs üçün baza sənədi olan Bişkek Protokolunun Ermənistan tərəfindən pozulmasının aydın göstəricisidir. Bunun müqabilində Ermənistan işğal olunmuş ərazilərdə hərbi mövqelərini möhkəmləndirir və genişləndirir, hərbi avadanlıq və vasitələri işğal edilmiş ərazilərə ötürür, bununla da hərbi əməliyyatların dayandırılmasından işğala əsaslanan status kvo-sunu möhkəmləndirmək üçün istifadə edir. Bu baxımdan, Ermənistan Prezidentinin bəyanatı kifayət qədər aydındır və izaha ehtiyacı yoxdur".



Teqlər: XİN   ATƏT   Sarkisyan  





Xəbər lenti