Müxalifət Milli Şuranın mitinqini boykot etdi

Müxalifət Milli Şuranın mitinqini boykot etdi
  30 Mart 2017    Oxunub:5307
Milli Şura aprelin 9-da mitinq keçirmək barədə qərar qəbul edib. Hələlik görünən mənzərə odur ki, mitinqə AXCP-dən başqa heç bir siyasi partiya qatılmayacaq. AzVision.az-ın siyasi partiya rəsmiləri ilə apardığı sorğu göstərir ki, müxalifət Milli Şuranın mitinqini boykot edir.
Müsavat Partiyasından bildirilib ki, hələlik mitinqə qatılıb-qatılmamaqla bağlı qərarları yoxdur. Bu barədə qərar yaxın vaxtlarda açıqlanacaq. Çox güman ki, Müsavat rəhbərlik səviyyəsindən mitinqdə iştirak etməyəcək.

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu deyib ki, onlara mitinqdə iştirakla bağlı müraciət daxil olmayıb: “Bu, elə məsələdir ki, konkret müraciət olmalıdır. Milli Şura bunu ümumxalq mitinqi elan edirsə, bu barədə siyasi partiyalara iştirakla bağlı müraciət ünvanlamalıdır. Bizə belə müraciət daxil olmayıb. Müraciət daxil olmasa, KXCP olaraq mitinqdə iştirakımız partiya daxilində müzakirə olunmayacaq. Yəni KXCP mitinqdə iştirak etməyəck”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də Milli Şuranın mitinqində iştirak etməyəcəyini bəyan edib: “Bu mitinqdə iştirak etmək niyətimiz yoxdur. Çünki, bu həmin qurumun daxili tədbiridir. Biz başqa qurumların təşkil etdiyi tədbirlərə bir qayda olaraq qatılmırıq. Ona görə də bu mitinqə də qatılmayacağıq”.

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov Milli Şuranın mitinqini boykot etdiklərini söyləyib: “Bu barədə partiyada heç bir müzakirə aparılmayıb. Bizim mitinqlərə münasibətimiz fərqlidir. Kütləviliyin olmadığı mitinqlərə qatılmağı uğurlu addım hesab etmirik. Təşkilati işlərində iştirak etmədiyimiz mitinqlərə isə ümumiyyətlə qatılmırıq”.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, partiya olaraq adi bir siyasi qurumun daxili tədbirində iştirak etmək mümkün deyil: “Milli Şuranın mitinqində niyə iştirak etməliyik? Milli Şura adi siyasi qurumdur. Onlar hər hansı bir tədbir keçirmək istəyirsə, biz niyə orada olmalıyıq? Mitinqin təşkili ilə bağlı bizimlə nə məsləhətləşmələr aparılıb, nə də hər hansı formada dəvət göndəriblər. Odur ki, bizim orada olmağımız mümkün deyil”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə qeyd edib ki, partiya olaraq mitinqə qatılmaq məsələsini müzakirə etməyiblər: “İndiki məqamda hər hansı bir siyasi qurumun özünün korporativ, təşkilatı maraqlarını güdməsi lazım deyil. Hesab edirəm ki, təkcə Milli Şura üzvlərindən ibarət təşkilat komitəsinin təşkil edəcəyi mitinq o qədər də effekt verməyəcək. Əgər sentyabrda keçirilən mitinqlər effect vermişdisə, nədən dayandırıldı? Çünki, ard-arda keçirilən mitinqlərdə insanlar azalan istiqamətdə iştirak edir. Bu gün mitinq keçirmək istəyən qüvvə xalqın qarşısına birgə çıxmalıdır. “Mən başqa partiyalardan güclüyəm, ağıllıyam” deməklə xalqın gözündə yüksəlmək mümkün deyil. Bu gün xalıqn gözündə bütün müxalifət eynidir. Bu mitinq müxalifətdə “mən birinciyəm” kimi bir görüntü yaratmağa hesablanıb”.

Qeyd edək ki, Milli Şuranın mitinqi boykot edən partiyalar vaxtilə bu quruma üzv olublar.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MilliŞura   Mitinq   Müxalifət   Boykot  





Xəbər lenti