Seçki bitdi, gərginlik isə qabaqdadır – TƏHLİL

Seçki bitdi, gərginlik isə qabaqdadır – TƏHLİL
  03 Aprel 2017    Oxunub:2313
Artıq Ermənistanda prezident Serj Sarkisyanın təşkil etdiyi seçki şousu yekunlaşıb. Seçkinin nəticələrinə görə, İlk yeri səslərin 49,12%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,32 %) qərarlaşıb. Bülletenlərin 100%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,77 % səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,57%) qabaqlayıb. Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir.
Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini AzVision.az-a şərh edən millət vəkili Elman Nəsirov bildirdi ki, bu mənzərə gözlənilən idi: “Serj Sarkisyan 2008-ci ildə hakimiyyətə saxta seçkilər nəticəsində gəldi. Xalq seçkinin nəticələrinə etiraz edəndə onları gülləya tutdu. Belə bir insanın partiyasının hakimiyyətdən gedəcəyinə, xuntanın Ermənistanda şəffaf, demokratik seçkilər keçərəcəyinə ümid bəsləmək sadəlövhlük olardı. Ermənistanda yalnız bir halda obyektiv, real seçki ola bilərdi ki, bu dövlət demokratik olardı. Elə bu səbəbdən də seçkidıə total saxtakarlıq qeydə alınıb. Ona görə Ermənistan prezidentinə məxsus olan “Respublika” partiyası qalib gəlib. Ermənistan siyasətində dəyişikliklər edilməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni yanaşmaları təklif edən qüvvələr isə parlamentdən kənarda qaldılar”.

E.Nəsirov deyib ki, bu gündən etibarən müxalifət seçkinin nətcələrinə görə, kəskin mövqe ifadə etməyə başlayıb: “Hesab edirik ki, seçkinin nəticələri rəsmiləşdikdən sonra Ermənistanda siyasi gərginlik daha da artacaq. Mövcud rejim hakimiyyətini qorumaq üçün seçki saxtakarlığına getsə də, bu, onun siyasi gələcəyi üçün çıxış yolu olmayacaq. Bunu indidən söyləmək mümkündür”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistandakı seçkilərdən fərqli nəticə çıxmadı və separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərindəki nəzarətini gücləndirdi: “Ermənistan prezidenti Serj Sarkisyan hər şeyi etdi ki, hakimiyyəti əldən verməsin. Doğrudur, o, üçüncü dəfə prezident seçilə bilməz. Konstitusiyaya edilən dəyişikliyə görə əsas səlahiyyət sahibi parlament və baş nazir olacaq. Hazırda prezidentlik institutu ilə bərabər parlament və hökumət artıq Sarkisyanın nəzarətindədir. Yəni, üç idarəetmə və qanunverici strukturu əlində cəmləşdirib. Öz ismi proporsional siyahıda olmasa belə, hakimiyyəti əlində saxladı və onu qanuniləşdirdi”.

E.Şahinoğlu vurğulayıb ki, Sarkisyan hakimiyyətdən asanlıqla getmək istəmir: “Parlamentdə təmsil olunacaq “Tsarukyan” cib müxalifətidir. Onlar hakimiyyətin dediyini təkrarlayırlar, çox da müxalif mövqe nümayiş etdirmirlər. Yəni Sarkisyanın istədiyi kimi məhz onlar parlamentdə təmsil olunacaq və yalançı müxalifət rolunu oynayacaqlar. Amma Serj Sərkisyanı sərt tənqid edən hər iki müxalifət bloku parlamentdən kənarda qaldı. Halbuki, müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Sarkisyan rejimi öz resurslarından istifadə edərək, eyni zamanda saxtakarlığa əl ataraq yenə də hakimiyyəti əlində cəmləşdirə bildi. 20 ildir separatçı Qarabağ klanı Ermənistanda hakimiyyəti nəzarətdə saxlayır. Sarkisyan hakimiyyətdən asanlıqla getmək istəmir. Çünki, cinayət törətdiklərini bilirlər. Şərti adı “Ermənistan klanı” olan qüvvə hakimiyyətə gəlsə, Azərbaycan və Türkiyə ilə dil tapmağa çalışacaq. Necə ki, seçki kampaniyası dövründə bunu deyirdilər. Sabiq prezident Levon Ter Petrosyan açıq şəkildə bildirirdi ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq lazımdır. Azərbaycan və Türkiyə ilə düşmənçilik Ermənistanı uçuruma aparır. Ona görə də Sarkisyan belə qüvvələrin parlamentə düşməsinə yol vermədi. Bilirdi ki, bu baş versə, separatçılığı və indiyə qədər yürütdüyü siyasətin üzərindən xətt çəkiləcək”.

Politoloq hesab edir ki, Ermənistandakı seçkilərin nəticəsi Qarabağ danışıqlarında irəriləyişin olmayacağıns işarədir: “Seçkinin nəticəsi bizim üçün o deməkdir ki, Azərbaycan torpaqlarının işğalı davam edəcək. Ona görə də biz danışıqlardan heç bir irəliləyiş gözləməməliyik”.

E.Şahinoğlu qeyd etdi ki, müxalifət seçki saxtakarlığına qarşı birləşə bilər: “Hələlik sakitçilikdir. Ola bilsin müxalifət seçki saxtakarlığına qarşı vahid blok yarada bilər. Əsas müxalif partiyalar səylərini birləşdirə bilsələr, nəsə edə bilərlər. Amma, bütün hallarda, etiraz olsa belə Sarkisyan artıq “qələbəni” əldə verən deyil. Ötən seçkidə 9 nəfər öldürüldü. Amma Sarkisyan geri addım atmadı. Yəni, istənilən halda separatçı Qarabağ klanı hakimiyyəti əldən verməyəcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti