"Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın müjdəçisidir"

"Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın müjdəçisidir"
  04 Aprel 2017    Oxunub:1672
Aprelin 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub.
AzVision.az-ın məlumatına görə, tikinti-bərpa işləri ilə tanışlıq zamanı yerli media nümayəndələrinə müsahibə verən Əli Həsənov deyib:

“Aprel döyüşlərindən bir il keçir. Düzdür, bu kənd ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə düşməndən azad olunsa da, burada yaşamaq təhlükəli idi. Çünki Lələtəpə yüksəkliyinin düşmənin əlində olması bu ərazilərdə təhlükəli vəziyyət yaradırdı. Ancaq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı möhtəşəm qələbə sayəsində həmin yüksəklik də işğaldan azad olundu və burada yaşamaq imkanı yarandı. İndi Prezidentin tapşırığı və nəzarəti altında kənd bərpa olunur”.

Cocuq Mərcanlı kəndinin bərpasını Böyük Qayıdışın müjdəçisi adlandıran Əli Həsənov qeyd etdi ki, burada aparılan tikinti işləri birbaşa Prezident İlham Əliyevin nəzarətindədir. Kəndin bərpası məcburi köçkünlərdə də böyük ruh yüksəkliyi yaradıb. Bu gün artıq bütün dünya Cocuq Mərcanlı adı, onun yenidən bərpa edilməsi, buranın Azərbaycan torpağı olması barədə məlumatlıdır. Dövlətimizin başçısının ideoloji siyasətinin nəticəsidir ki, azad olunmuş kəndin bərpası dünyaya səs salıb.

“Dünən telekanallar vasitəsilə yəqin ki, Ermənistanı da gördünüz. Əgər bir ölkə ki, prezidentinin parlament seçkisində səs verməsini təşkil edə bilmirsə, həmin prezident 8 dəfə barmağını cihaza tuşlasa da şəxsiyyəti təsdiqlənmirsə, bu ölkədən nə danışmaq olar? Bəlkə də Sarkisyan ölkədən qaçmaq üçün saxladığı pasportu verdiyindən kompüter bunu təsdiqləmirdi. İki pasport çıxardı, amma məndə olan məlumata görə, hələ bir neçəsi də cibində idi. Görürsünüz, necə biabırçı vəziyyətdir, orada yaşayan xalq da artıq o prezidentdən, o rejimdən bezib. Azərbaycan Prezidenti də dəfələrlə erməni xalqına müraciət edib ki, o rejimdən yaxa qurtarsın. Əgər normal həyat tərzi keçirmək, normal qonşuluq münasibətləri saxlamaq istəyirsinizsə, bu ədalətsiz problemə son qoyun. Onsuz da mövcud rejim bu problemi həll edən deyil”, – deyə Baş nazirin müavini bildirdi.

Əli Həsənov Cocuq Mərcanlıda salınan yeni qəsəbədə tikinti prosesinin sürətlə getdiyini və açılış mərasiminin Milli Qurtuluş Günü ərəfəsinə planlaşdırıldığını diqqətə çatdırdı.

AzVision.az


Teqlər:





Xəbər lenti