Komitə sədri: “Qəbələni, Lənkəranı tanımayan vətəndaşlarımız var"

Komitə sədri: “Qəbələni, Lənkəranı tanımayan vətəndaşlarımız var"
  04 Aprel 2017    Oxunub:1614
“Azərbaycana gələn hər bir turist orta hesabla 500 dollar vəsait gətirir”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Komitə sədri bildirib ki, Azərbaycanda “Turizm haqqında” qanun qəbul edildikdən sonra, bu sahədə ciddi dəyişiklik gözlənilir:

“Azərbaycanda turizm sahəsində xidmətlərin səviyyəsi o qədər də aşağı deyil. Biz xidmətin keyfiyyətinin yaxşı olmasını istəyirik. Burada əsas məsələ qiymətlərlə bağlıdır. Biz çalışırıq ki, üç ulduzlu otellərin sayı artırılsın. Bununla bağlı ölkə başçısının verdiyi tapşırıqlar var. Üç ulduzlu otellər qiymətlərin aşağı düşməsinə təsir göstərəcək. Bundan başqa, turizim sahəsində bir sıra güzəştlər nəzərdə tutulur ki, bu da qiymətlərə təsir edəcək. Yeni qanunun hazırlanmasında əsas məqsəd söylədiyim mövcud problemlərin aradan qaldırılmasına hesablanıb.

Bu günlərdə cənab Prezident İlham Əliyev çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı fərman imzalayıb. Çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı İcra Hakimiyyəti başçılarına bir sıra tapşırıqların verilməsi nəzərdə tutulur”.


H.Rəcəbli, həmçinin Azərbaycanın daxili turizminə diqqət çəkib: “Qəbələni, Lənkəranı, Talış dağlarını, Qızılağac qoruğunu görməyən və tanımayan vətəndaşlarımız var. Rayonlarımızda turizim qiymətləri elə də yüksək deyil. Bir yerdə qiymət yuxarı, xidmət səviyyəsi isə aşağı olanda, gələn dəfə həmin məkana getmirik. Harada yaxşı xidmət və aşağı qiymət olursa, insanlar daha çox ora gedirlər. Bütün bunlar onu göstərir ki, artıq turizim obyektlərinin qiymətləri tədricən xidmətə görə tənzimlənəcək. Xidmət sahəsində peşəkarlara ehtiyac var. Bu kimi problemlərin aradan qaldırılması üçün təcrübə və peşə məktəblərinə ehtiyac duyulur. Səyahət təşkil edən turizim şirkətlərimiz var, onların səviyyəsi, geyimi, danışıqları qanətbəxş deyil. Bütün bunların aradan qaldırılması üçün həmin adamlara təlimlər keçib, sertifikat verilməsi nəzərdə tutulur”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis   Komitə   HadiRəcəbli   İclas  





Xəbər lenti