Dini komitə bloggerə cavab verdi

Dini komitə bloggerə cavab verdi
  04 Aprel 2017    Oxunub:19832
Dünən AzVision.az saytında elmi mövzulardan yazan gənc blogger Taryel Abdullayevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktubu yayımlanmışdı. Müraciətdə Harun Yəhyanın (əsl adı Adnan Oktar) Azərbaycandakı tərəfdarlarının fəaliyyəti barədə narahatlıq ifadə olunurdu.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bloggerə cavab verib. Qurumun dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Taryel Abdullayevin müraciəti ilə əlaqədar AzVision.az-a bildirib ki, Harun Yəhya imzası ilə tanınan Adnan Oktarın bir neçə kitabının nəşrinə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən vaxtilə razılıq verilib: “Onlar əsasən materializmin əleyhinə olan, Darvinizm nəzəriyyəsini rədd edən kitablardır. Lakin son illərdə Adnan Oktarın yalnız “İslam teroru lənətləyir” adlı kitabına müvafiq razılıq verilib. Adından da göründüyü kimi, müasir İslam dünyasında mövcud olan ən böyük problemdən bəhs edən kitabın məzmununda dinşünaslıq ekspertizası zamanı qanunvericiliyin pozulmasına səbəb olan hansısa məqam aşkarlanmayıb”.

Adnan Oktarın Azərbaycandakı tərəfdarlarının fəaliyyətinə münasibətə gəlincə, Qurumun dinşünaslıq ekspertizası şöbəsinin müdiri bildirib ki, bu, qanunvericiliklə tənzimlənən məsələdir: “Qısaca onu deyə bilərəm ki, bu gün dövlətin din siyasəti İslam dəyərlərinin ümumbəşəri təməllər əsasında təbliğinin üzərində qurulub. Bu baxımdan guya dinə əsaslanan, əslində milli-mənəvi dəyərlərimizlə uzlaşmayan istənilən təbliğat bizim üçün qəbuledilməzdir”.



Teqlər: #Blogger   #Din  





Xəbər lenti