“Hilal birkən, iki oldu” – Ənvər Paşanın nəvəsi Bakının xilasından danışır (MÜSAHİBƏ)

  05 Aprel 2017    Oxunub : 25689
“Hilal birkən, iki oldu” – Ənvər Paşanın nəvəsi Bakının xilasından danışır (MÜSAHİBƏ)

O, böyük bir imperiyanın – Osmanlının taleyini on il boyunca əlində saxlayan Ənvər Paşanın nəvəsidir. Arzu Ənvər Əroğan AzVision.az-a müsahibəsində Türk dünyasının ən məşhur simalarından biri olan babasının həyatı ilə bağlı özəl məqamları açıqlayır.

- Sizi daha yaxından tanımaq istərdik. Paşa nəvəsi necə bir həyat yaşayıb? Həyatınızdan danışarkən xüsusi vurğulamaq istədiyiniz məqamlar varmı?

- Böyük babam Devlet-i Aliyyei-i Osmaniyyede Hərbiyyə Naziri və Baş Komandanın vəkili vəzifəsində çalışıb. Həmin illərdə Türk-İslam dünyası böyük hücumlara məruz qalıb. Ata nənəm Naciyə sultan tərəfindən də soy kökümüz dövlətin qurucsu olaraq qəbul edilən Osman Qaziyə dayanır. Orta məktəb illərindən etibarən siyasi amillərlə əlaqəli təhrifə uğramış rəsmi tarixin nəticəsi kimi siniflərdə ağır ittihamlara məruz qalmaq son dərəcədə sıxıntılı idi. Təbii ki, hüzn də mövcu idi. Hələ də davam edir. Amma bu hüzün şəxsi xarakter daşımır. Bu, millətimizin nəsillərinə həqiqətlərin çatdırılmaması ilə bağlıdır. Belə ki, tarixi şəxsiyyətlər və onların zamanında cərayan edən hadisələrlə əlaqəli obyektiv dəyərləndirmələr həmin şəxslərin yaşadıqları dövrün şərtlərinə görə edilməlidir. Bu, sonrakı dövrlərdə keçmişin daha sağlam dəyərləndirilə bilməsi üçün olduqca vacibdir. Amma bu günün şərtlərinə uyğun olaraq keçmişi dəyərləndirmək və keçmiş tarixi şəxsiyyətlərə görə bugünkü hadisələrə qiymət vermək son dərəcə yanlışdır.



- Nəvəsi Ənvər Paşanı necə xatırlayır?

- Xatırlamaq üçün onun zamanında yaşamaq lazımdır. Amma ailə böyüklərimizdən, əziz milllətimizdən öyrəndiklərimiz və nəslin çox gözəl bir vərdişi olan sənəd qoyub getmək adətlərinin nəticəsi olaraq onu daha yaxşı tanımaq fürsətini əldə etdik. Mərhumun bizlərə buraxdığı beş minə yaxın yaxın məktubu və mütəmadi olaraq yazdığı gündəliklərinin böyük hissəsini millətimizə məxsus olduğunu düşünərək, Baş Qərargahın hərbi tarix və strateji Etüt dairə başqanlığına təhvil vermişik.

Ənvər Paşanın və Osman Qazinin soyundan olmaq mənim üçün ən böyük şərəfdir. Buna görə də Rəbbimə hər zaman şükr edirəm. Bu mənsubluq geniş bilgi, intizam, məsuliyyətli və cəsur həyat tərzi, yaxın tarixin təhrif edilmiş bölümlərinin düzəldilməsi və həqiqətlərin nəsillərimizə daha əlçatan olması üçün böyük səylər göstərmək tələb edir. B u şərəfli həyat tərzini xoşbəxtlik vəsiləsi kimi qəbul edirəm.

- Ənvər paşanın həyatını sizin dilinizdən eşitmək, öyrənmək istərdik.

- 1902-ci ildə Hərbiyyədən uğurla məzun olduqdan sonra 21 yaşında Balkan dağlarında başlayan ziddiyətli, Vətən və Millətin müdafiəsinə həsr etdiyi həyatı Trablusgarpın müdafiəsi ilə davam edib. Balkan müharibələrinin nəticəsi olan böyük məğlubiyyətin sonucunda işğal edilmiş Ədirnəni qurtarıb. Nəzarət vəzifəsinə gəlişindən sonra qısa bir müddət ərzində İmpertorluğun ordusunu tamamilə yeniləyib. Ordunu Çanaqqqala, Qalisiya, Kut-ül Amare, Bakı və s. hərbi zəfərlərini qazanacaq vəziyyətə gətirəndən sonra İmperializm əleyhinə mübarizəni Türküstanda davam edib. Mübarizəsi Çegan təpəsində “Şəhidi-ala və Qazi Namdar” olaraq 1922-ci ilin avqust ayında, 41 yaşında sonlanıb.

Bir kitabın üzərinə yazdığı qeydi hər zaman xatırlamalıyıq: “Əgər biz bu dövlətə (o dövrün ən güclü Qərb dövlətini nəzərdə tutur) qarşı bütün gücümüzlə mübarizə aparmasaq, İslam aləminə rahatlıq və rifahın gəlməsi uzun illər mümkün olmayacaq”.



Ənvər Paşa Osmanlı və Xilafətin davam etməsi üçün ciddi sivil fəaliyyət də göstərib. “Təşkilatı Mahsusa” adlı bir təşkilat qurub. Bu təşkilatın üzvləri sonrakı dövrələrdə ölkələrin idarə olunmasında da özlərinə yer tutublar. “Hukuk-i Aliyye” qərarnaməsənin çıxarılması, hərbi rəssamlar təşkilatının inkişaf etdirilməsi, film-fotoqraf mərkəzinin qurulması, bu gün qürurla dinlədiyimiz Mehtər Orkestrinin bərpası, dövlətin çöküşünə səbəb olan icra və məhkəmə səlahiyyətlərinin xaricilərə verilməsi, maliyyə borclarını əhatə edən "Kapitulyasiyalar"ın ləğvi, Düyun-ü Ümumiyə təşkilatının ilgası, İstanbul Sultanisinin quruluşu və s. kimi xidmətləri var. Bunlarla yanaşı, son dərəcə şəfqətli bir ailə başçısı olan Paşa təvazökar və mömin həyat tərzi keçirib.

- Ailəniz və atanız barəsində danışaq. Əli Ənvər kim idi, necə bir həyat yaşadı? Digər babanız məşhur jurnalist olub. Necə xatırlayırsınız o illəri?

- Ənvər Paşa və Naciyə Sultanın Mahipeyker, Türkan və Əli adlarında uşaqları olub. Atam Əli Ənvər 1921-ci ildə Berlində dünyaya gəlib (Paşanın ingilislər və digər düşmən güclərin yaxından izlədiyi Türkistandakı mübarizəsi əsnasında istifadə etdiyi gizli adı Əli idi). Mahpeyker xalam tibb doktorluğu, Türkan xalam isə kimya mühəndisliyi üzrə Fransada təhsil alıblar. Həmin vaxtlar orta təhsilini davam etdirməkdə olan atam Əli isə, 1939-ci ildə əmiləri Nuri Paşanın cəhdləri nəticəsi Böyük Millət Məclisində qəbul edilən "Mərhum general Ənvərin uşaqlarının məmləkətə geri dönə bilmələri" ilə bağlı xüsusi qanun nəticəsində Qalatasaray liseyində təhsilini tamamlayıb, imtahandan keçərək girdiyi Hərb məktəbindən məzun olub. Qərargah imtahanına girmək istəsə də, maneə törədilib, pilot zabit olaraq vəzifəyə başlayıb, illər sonra girə bildiyi qərargah imtahanını qazansa da, qəbul edilməyib. Nəticədə çox sevdiyi peşəsindən ayrılmaq məcburiyyətində qalıb. Əsgəriyyənin təyyarəçi sinfi mənsubu olan Əli Ənvər Parisdə akrobatik pilotluğu öyrənib. Sonradan Osmanlı ailəmizin rəisi olan Mehmet Orhan Əfəndidən də öyrənib və bu sahədə təhsil almaq istəyib.
İkinci dünya müharibəsi əsnasında R.A.F. nəzdində vəzifəli olaraq Londonda çalışıb. Həmin vaxt baş nazir Çörçil Türkiyənin İngiltərədəki səfiri Rauf Orbaydan Əli Ənvərin Londonda olduğunu öyrənib və onunla görüşüb. Baş nazir Çörçilin Əli Ənvərə "Sizin atanız mənim siyasi həyatımı iyirmi il gecikdirdi" deməsi tarixə düşüb.


Ənvər Paşa və həyat yoldaşı Naciyə sultan

1948-ci ilin 2 oktyabr tarixli qəzet xəbərinə görə: "Abidin Davərin qızı Pərizat Davər ilə Hava qüvvələri kapitanı Əli Ənvərin evlənmə mərasimləri dünən Bəyoğlu Evlənmə Dairəsində Rauf Orbay və Lütfü Kırdarın şahidliyində baş tutub".

Atam Əli Ənvər Napolidəki NATO bazasında vəzifə tutan zaman mən dünyaya gəlmişəm. Türkiyə Böyük Millət Məclisində qəbul edilən və 1924-ci il tarixli 431 nömrəli qanunun bir maddəsinin dəyişdirilməsi ilə məmləkətə geri qayıda bilən Osmanlı xanədanı mənsubu ata nənəm Naciyə Sultan ilə atam Əli Ənvər nəhayət, 4 avqust 1952-ci il tarixində qovuşa biliblər.

1950-ci illərin ikinci yarısında mərhum Adnan Menderes tərəfindən Yeşilköy Hava Limanı rəhbərliyinə təyin edilən Əli Ənvər 1960-cı ildən sonra Avstraliyaya köçüb və 1971-ci ildə bir qəza nəticəsində haqqın rəhmətinə qovuşub. Altı dil bilən, rəsm və musiqi bilgilərinə sahib, Bəyzadə sifətinə sahib atam Əli Ənvərin dəstəyilə Universitet təhsili almağa hazırlaşdığım ərəfədə onun vəfat xəbərini eşitdim. Budur ən böyük şəxsi hüznüm!



Anamın atası Abidin Davər jurnalist, baş yazar və türk dənizçiliyinə verdiyi töhfələrinə görə mülki admiral olaraq tanınıb. Millət vəkili, futbolçu olub, və bir müddət “Qalatasaray” İdman Klubununa rəhbərlik edib. Anam mərhum Pərizat xanım isə indiki Boğaziçi Universiteti olan Amerikan Qız Kollecini erkən yaşda yaxşı dərəcə ilə bitirib, şagird təşkilatlarında fəal biri olub.
Evimizdə dövrün sənətçiləri, elm adamları qonaq olurdular. Musiqi və ədəbiyyatla zəngin, son dərəcə məsud, verimli zamanlar idi.

- Babanız Ənvər Paşanın Türkiyənin tarixindəki rolunu necə qiymətləndirirsiniz?

- 1917-ci ildən sonra, yeni rejim tərəfindən açıqlanan, 1908-ci il iyun tarixli "Reval" gizli danışıqlarından aydın olduğu kimi, İngiltərə Krallığı və Rusiya çarlığının Osmanlı Dövlətinin gələcəyi haqqındakı düşüncə və arzuları o zamankı gənc Osmanlı nəsilinə məlum olub. Onların uzaqgörənliyi sayəsində millət və din əleyhinə böyük hücuma qarşı sürətlə təşkilatlanma həyata keçirilib və böyük varolma mübarizəsi başladılıb.



Rəhbərlik səviyyəsinə yüksəlmiş hər möhtərəm şəxsiyyət millətin tarixində əhəmiyyətli bir mil daşıdır. Cənnət Vətənimiz dağıdıcı hücumlara məruz qalan bir mövqedədir, bəzi dövrlərdə bu hücumlar şiddətlənirdi. Qarşılığında isə “milli refleks” meydana gəlir və liderlər yetişir. Ənvər Paşa da belə liderlərdəndir. O, Balkan müharibəsindən sonra dağılmış vəziyyətdə olan Türk ordularını iki ilə yenidən təşkilatlandırıb. Yoxluq içərisindəki ordunun Çanaqqala, Galisya, Kut-ül Amarə, Bakı və s. cəbhələrdə böyük zəfərlər qazanmasını təmin edib. Bununla yanaşı, hər şeydən əvvəl milli ruhun yenidən təsisi, milli sərmayənin meydana gəlməsi, təhsilin inkişafı və s. mövzularda da geniş fəaliyyət göstərərək, mükəmməl formada ayaqda durmağı bacara bilən nəsillərin yetişməsinin təşəbbüskarı olub.


Ənvər Paşanın oğlu Əli və qızı Arzu

- Ənvər Paşanın şəhid olması, nəşinin Türkiyəyə gətirilməsi mövzusunda düşüncələrinizi bilmək istərdik...

- Əvvəlcə, onun şəhadətindən öncəki hadisələri qısaca gözdən keçirmək lazımdır: Böyük Hərbin əsas məqsədlərindən biri yox etməyə qarşı var olma mübarizəsidir. Bu səbəblə Buxara və bölgədən yığılan yardımların Anadoluya çatdırılması Sovet rəhbərliyi tərəfindən təhlükəsizlik problemi olaraq təqdim edilir və böyük məbləğlər paytaxtlarında toplatdırılır. Öncə Ənvər Paşanın əmisi, Kut-ül Amarənin müzəffər komandiri Xəlil Paşa tərəfindən 1920-ci ilin iyul ayında külçə qızıllar halında Ankaraya gətirilir. Bu vaxt Ankaranın Moskvadakı nümayəndəsi Yusif Ziya Tengirşenk ilə də danışıqlar davam edir. Xalq Komissarı Trotski tərəfindən Şərqi Sovet ordularının komandanı təyin edilən general Mixail Frunze 13 Dekabr 1921-ci ildə yığılan yardımların bir qisiminin qarşılığı olan silah və sursat ilə birlikdə Ankaraya gəlir. Azərbaycan SSRİ-nin Ankaradakı səfiri İ.Abilovun zabit katibi olaraq iştirak etdiyi, general Frunze və Mustafa Kamal Paşa toplantısındakı görüş protokollarda dörd maddə başlığında, ikinci maddə "Ənvər" olaraq təsbit edilib. 4 Yanvar 1922-ci il tarixində general Frunze eyni tapşırıqla ikinci dəfə Ankaraya gəlir və yenə də özü ilə silah-sursat gətirir. Səfir İ.Abilovun zabit katibi olaraq iştirak etdiyi iclasın protokolunda üç maddə başlığından ikinci maddə yenə də "Ənvər" olaraq qeyd edilib. Bu sənədlər Azərbaycan Dövlət Arxivində mövcuddur. 1928-ci ilin avqust tarixində İstanbulun Taksim Meydanında ucalan abidədəki əsas fiqurun sol hissəsində general Frunzenin heykəli də var.



1922-ci ilin 4 avqust tarixində, Qurban Bayramının ilk günü Sovet Şərq Ordu birləşmələri tərəfindən Ənvər Paşa Belcivan ətrafında toqquşma zamanı şəhid edilib. Onun qəbrinin Türkiyəyə gətirilməsi məsələsinə gəlincə, rəhmətlik nazir Ayvaz Gökdəmir Bəyəfəndinin təklifləri və rəhmətlik prezident Süleyman Dəmirəlin razılığı ilə belə bir iş reallaşdırıldı. Biz xaricdə dəfn edilən bütün ailə böyüklərimizin qəbirlərinin Vətən torpağına gətirilməsini arzu edirik. Lakin Ənvər Paşanın Çegan təpəsindəki qəbirinin oralardakı qardaşlarımız üçün, Şərq xalqlarının istiqlal mübarizələrində nə dərəcədə əhəmiyyətli olduğunu oradan ziyarətimizə gələn qardaşların sözlərindən günbəgün daha yaxşı anlayıram. Hələ məzarın gözətçisi olan ailənin hüznlü, gözyaşları içərisindəki hallarını heç unuda bilmərəm.

- Azərbaycanda, Bakıda olmusunuzmu?

- Bəli, nə xoşbəxtəm ki, Bakıda olmuşam. Möhtəşəm qarşılandıq, yüksək səviyyədə qonaq edildik. Lakin diqqətimi çəkən bir məqam oldu. Azərbaycanlı qardaşlarımızın ədəbiyyat və musiqidə Nuri Paşanı andıqlarını fərq etdim, amma gözəl Bakı şəhərində hər hansı bir izinə rast gəlmədim. Bəlkə də mən çox gəzməmiş ola bilərəm. İstanbulda iqamətgahımın olduğu prospektin adı Heydər Əliyev Prospektidir. Boğaz sahilində isə Heydər Əliyevə ithaf edilmiş bir park mövcuddur. Hər gün birlikdə dağlalanan Azərbaycan və Türkiyə bayraqlarını seyr edən zaman qürur hissi keçirirəm. Təbii ki, uyğun bir zamanda gözəl Bakı şəhərini təkrar ziyarət etmək bizlər üçün xoşbəxtlik qaynağı olacaq.


Nuru Paşanın dəfn mərasimi

- Ənvər Paşanın Azərbaycan üçün etdikləri sizin fikirinizcə, hansı əhəmiyyəti daşıyır?

- Millətimiz üçün çox böyük əhəmiyyət kəsb edir. 3 Mart 1918-də imzalanan Brest-Litovsk razılaşması ilə 30 oktyabr 1918-də imzalanan Mondros Müqaviləsi arasında işğal və zülm altında olan Azərbaycan torpaqları mütləq xilas edilməli idi. Osmanlı və müttəfiqləri Büyük Hərbdə məğlub olmuşdular, dövlət yox olmağın sərhədində idi. Ruslar, ermənilər, ingilislər Azərbaycanla Anadolu arasında o dövrdə inkişaf etməkdə olan fikri, milli və coğrafi münasibətləri bitirmək üçün işğal hərakatlarına başladılar. Bu zaman azəbaycanlı liderlərin Ənvər Paşaya çağırışları bütün maneələrə baxmayaraq, qısa bir müddətdə Qafqaz İslam ordusunun təşkili və hərəkatın başlanması ilə cavablandırılıb, nəticədə tarixdəki ilk böyük Türk Respublikasının qurulması təmin edilib. İsmail Zührinin sözlərilə desək:
Hilal artıq öldü deyə sevinmişdi düşmən yenə,
Hilal birkən iki oldu, salam bizdən ikinciyə...
Bu gün də ortaq inkişafa imkan yaradan əsl münasibətlərin möhkəm təməlləri qurulub. Hörmətli Heydər Əliyevİlham Əliyev başda olmaqla Türkiyə Respublikasının rəhbərləri də münasibətlərin inkişafına verdikləri böyük töhfələrlə daim ehtiramla yad ediləcəklər.



- Qafqaz İslam Ordusunun Komandiri, Ənvər Paşanın qardaşı, Bakı fatehi Nuru Paşanın haqqında nələr danışa bilərsiniz?

- 1890-cı il təvəllüdlü Nuri bəyin bu vəzifəyə 28 yaşında təyini olunması çox tənqid edilib. Xəlil Paşa o günləri belə izah edirdi: "Azərbaycanın hərbi əhəmiyyətli və təlim görmüş ordusu yox idi. Bakı ingilislər və onlara kömək edən rus və ermənilər tərəfindən işğal edilincə, mənə Şərq orduları komandanlığı vəzifəsi verilərkən Ənvər Paşa Azərbaycanda və Bakı istiqamətində bir İslam Ordusu meydana gətirməyi hesaba qatdı. Qurulacaq bu ordunun komandanlığını da qardaşım oğlu Nuruya verdi. Nuru Paşa Ənvər Paşanın qardaşıdır. Trablusda birlikdə döyüşdük. Balkan cəbhəsində və I Dünya Müharibəsində ona əhəmiyyətli vəzifələr verilmişdi..."

1918-ci ilin 10 avqust tarixində Bakı əhalisinin Qafqaz İslam Ordusuna göndərdiyi uzun bildirişin son cümlələri belə idi: "...Əgər siz bu böyük İslam şəhərini tuta bilməsəniz, “Allah” deyənlərin varlığını aradan qaldıran və qaldırmaq istəyən düşmənlər öndən və arxadan sizi saracaq, qıcıran dişlər yeni zülmlər üçün itilənmiş olacaq. Lakin sən, ey türk əsgəri! İngilislərin gücünü öz hesabına Çanaqqalada qırdın. Ən böyük hərbi gəmilərinə, böyük güllələrinə aylarla sinə gərdin. Kut-ül Amaredə 14.000 əsir aldın. Türk adını böyüdən Çanaqqala, Kut-ül Amarə, Galisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almaz daşı olacaq..."



Ənvər Paşanın da yazdığı kimi, "Allahın köməyi ilə, Bakı şəhəri otuz saatlıq şiddətli döyüşlərdən sonra, 15 sentyabr 1334-cü ildə (1918) saat doqquz radələrində azad edilib".

Azərbaycanın məşhur siyasət və düşüncə adamı Əhməd bəy Ağaoğlunun oğlu, Demokrat Partiyasının önəmli üzvü, ailəmizin yaxın dostu Səməd Ağaoğlunun bizlərə nəql etdiyinə görə, "Nuru Paşa İstanbulda bir silah və sursat fabriki qurmaqla məşğul olur və icazələr üçün tez-tez Ankaraya gəlirdi. Biz də eşidib ziyarətinə gedirdik. Qafqazdakı zəfərləri ilə əlaqədar suallar verdiyimizdə xəcalətli bir şəkildə “Uşaqlar, sabaha baxın lütfən, bundan sonra məmləkətin sürətlə inkişaf etməsi lazımdır və bütün zamanınızı bu istiqamətdə sərf edin" deyərdi".

O, Misirin Hidiv ailəsindən Mislimələk adlı xanımla evli idi və uşaqları olmamışdı. Ənvər Paşa şəhid olandan sonra ailənin bütün məsuliyyətini üzərinə götürərək, bibilərim və atamın yetişmələrində böyük xidmətləri olub. Bir ata şəfqətlə onları qucaqlayıb. İstiqlal mübarizəsinə böyük töhfələrinə görə "İstiqlal Medalı" ilə təltif edilib. Əsas vaxtını ilk yerli silah sənayesinin quruluması və istismarı üçün sərf edib. Hərbi illərin çatışmazlıqları içərisində Milli Müdafiə ehtiyaclarının qarşılanması ilə yanaşı, ixrac istiqamatində də istehsal həyata keçirib. İsrail-Ərəb döyüşü zamanı İordaniya, Misir ordularının və Fələstinli güclərin silah-sursat ehtiyaclarını fabriki vasitəsilə qarşılayıb. 1949-ci il 2 mart tarixində İstanbulda Sütlüce tərəfdə yerləşən fabrikində şübhəli, böyük bir partlayış meydana gəlib. Nəticədə işçilərilə birlikdə həlak olub. Həmin ilin 15 aprelində London İslam Mədəniyyət Mərkəzində təşkil edilən Nuri Paşanı anım mərasimində çıxış edən İordaniya Kral ailəsinin üzvü Şahzadə Əbdülməcid Heydərə görə, "Nuru Paşa İslam dünyasını birləşdirmək üçün çalışan fiqurlardan biri idi".



- Niyə Nuru Paşanın cənazə namazı 67 il sonra qılındı?

- Nuru Paşanın cənazəsi fabrikin yanındakı Haliçdən ancaq martin 22-də tapıldı və İstanbul Müftülüyünün qərarı ilə cənazə namazının qılınmasına icazə verilmədiyindən, elan edilə bilmədən ailəsi və yaxınları tərəfindən martın 24-də 18 işçisinin yanında Ədirnə parkındakı şəhidlikdə dəfn edildi. Qəbirin yeri uzun illər idi ki, itmişdi, tapa bilmirdik. Bəzi himmətli vətəndaşlar tərəfindən tapıldı və onu 67 il sonra yerinə gətirə bildik.



- Azərbaycan torpaqlarının böyük qismi 25 ildən çoxdur ki, ermənilərin işğalı altındadır. Azərbaycan üçün böyük işlər görmüş Paşanın nəvəsi olan Arzu Ənvər Ərdoğan xanım ermənilərin Azərbaycan xalqına qarşı etdiyi təcavüz, soyqırım siyasətilə bağlı nə düşünür?

- Cəddimiz Fatih Sultan Mehmet Xan 1461-ci ildə Yepiskop Hovadimi İstanbula gətirdərək, ona Patriarx rütbəsi verəndən sonra bu ermənilər yeni tarixə qədər sadiq millət kimi tanınırdılar. Zeytun hadisələrindən bu günə qədər isə təəssüf ki, kin və nifrət siyasəti yürüdürlər.
Keçdiyimiz günlərdə Xocalı soyqırımının ildönümünü geridə qoyduq. Bütün qırğınların qurbanı olan şəhidlərimizə rəhmət diləyirəm və xatirələri qarşısında təzim edirəm. Təəssüf doğuran budur ki, Beynəlxalq təşkilatların nümayəndələri millətimiz ilə əlaqədar ən dəhşətli mövzularda öz vəzifələrini yerinə yetirmirlər. Bu isə hələ 1918-ci ildə həyata keçirilən millətimizi tükətmək hərəkatına bənzəyir. Edilən bütün soyqırımlar və həyata keçirilən işğallar Hilalı yox etmək təşəbbüslərinin qurtarmaq bilməyən təkrarıdır. Əziz millətimizin istiqbal və istiqlal uğrunda səbir və əzmlə çalışıldığı, bir və diri olacağı təqdirdə, mütləq bu qəmli mövzunun xoş sonluqla qurtaracağına əminəm. Uşaqlarımızın haqqı olan "Qafqazda sülh" şübhəsiz ki, təsis ediləcək.










Ənvər Paşanın həyat yoldaşı Naciyə xanım





Hafiz Əhmədov
AzVision.az

Teqlər: ƏnvərPaşa   NuruPaşa   Azərbaycan   Türkiyə