“Çıraqovların işi” ilə bağlı yekun qərar veriləcək

“Çıraqovların işi” ilə bağlı yekun qərar veriləcək
  13 Aprel 2017    Oxunub:2389
Avropa İnsan Haqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı yekun qərar verəcək.
Bu barədə AzVision.az-a Laçın rayonundan məcburi köçkün düşmüş Fəxrəddin Paşayev bildirib. O, qeyd edib ki, Ermənistan tərəfi ilə razılıq əldə olunmadığından yekun qərarı Avropa Məhkəməsi verəcək.

“Avropa İnsan Haqları Məhkəməsi möhlət vermişdi ki, tərəflər razılığa gəlsin. Lakin Ermənistan tərəfi vaxt istədi. İki dəfə möhlət götürdülər və bildirdilər ki, ödəniş haqqında Avropa Nazirlər Kabineti ilə yeni mexanizm üzərində işləyəcəklər. Lakin bunun nəticəsi olmadı”.

F.Paşayev vurğulayıb ki, iş artıq Avropa Məhkəməsinin tam səlahiyyətinə keçib və 6 aydan 1 il müddətinədək yekun qərar veriləcək: “Təzminat haqqında konkret qərar verilməlidir. Biz bu qərarı gözləyirik”.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayəti üzrə müsbət qərar çıxardığı gündən (16 iyul 2015-ci il) xeyli vaxt keçir. Bu iş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Laçından məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanır.

Avropa Məhkəməsi müəyyən edib ki, 12 ay ərzində vətəndaşlarımız cavabdeh dövlətlə kompensasiya məbləği ilə bağlı razılığa gəlməlidir. Əgər razılığa gəlməsələr, Avropa Məhkəməsi özü bu məsələyə baxıb qərar qəbul edəcək.

Aytən Zəhra
AzVision.az



Teqlər: AvropaMəhkəməsi   Çıraqovlar   Köçkün   Azərbaycan   Ermənistan  





Xəbər lenti