Cibutiyə göndərilən yardım çatıb

Cibutiyə göndərilən yardım çatıb
  13 Aprel 2017    Oxunub:1533
“Silk Way Airlines”aviaşirkəti Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirib.
Aviaşirkətin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu reys ilə Cibutiyə ümumi çəkisi təxminən 76 ton olan ərzaq məhsulları və içməli sudan ibarət humanitar yardım çatdırılıb. Bu, iki ölkə arasında hər həftə müntəzəm reyslərin yerinə yetirilməsi üzrə böyük proqramın başlanğıcı olub. Bununla da Şərqi və Mərkəzi Afrika ölkələri Azərbaycana öz qapılarını açıb.

Eyni zamanda, ilk reyslə “Made in Azerbaijan” brendi altında 30 ton məhsul yola salınıb. Azərbaycan istehsalçılarının – “Gilan Holdinq”, “Gazelli” Group və “Azersun Holdinq” şirkətlər qrupu, “Aznar” QSC, “Az-Granata” MMC, “Delta” Group, “Şami Keci Fermasi” MMC, “Xurcun” və digər şirkətlərin məhsulları göndərilib.

Azərbaycan məhsullarının yeni bazarda təqdimatı iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin başlanması və ticarət dövriyyəsinin artırılması üçün böyük stimul olacaq. Azərbaycan və Cibuti arasında müntəzəm uçuşlar ikitərəfli iqtisadi əlaqələrlə yanaşı, siyasi və mədəni əlaqələrin inkişafına da töhfə verəcək.

Bundan əlavə, Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində iki protokol imzalanıb. Sənədləri Azərbaycan tərəfdən AZAL-ın prezidenti Cahangir Əsgərov, Cibuti tərəfdən isə ölkənin Mülki Aviasiya Administrasiyasının rəhbəri Almis Mahmud Haid və “Air Djibuti”nin icraçı direktoru Əbubəkir Ömər Hadi imzalayıblar. Sənədlər ICAO-nun tələblərinə uyğun Cibuti Mülki Aviasiya Administrasiyasının normativ və requlyativ sənədlərinin hazırlanmasında Azərbaycanın köməyini, eləcə də bu ölkə üçün mülki aviasiya sahəsində mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Qeyd edək ki, bundan əvvəl fevral ayında Azərbaycan və Cibuti Respublikası arasında mülki aviasiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

“Silk Way Airlines” hava gəmiləri parkının genişləndirilməsi ilə Bakıdan Nyu-York, Çikaqo, Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq, Şanxaya və Cibutiyə mövcud birbaşa müntəzəm yük reysləri ilə yanaşı, Tokio, Nayrobi və Dakkaya yeni aviareyslərin açılmasını planlaşdırır.

Son 10 ildə Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası Şərq və Qərbi birləşdirən böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanınır.

AzVision.az


Teqlər: Azərbaycan   Cibuti   yardım  





Xəbər lenti