Niyə Xaçaturov? - Operativ şərh

Niyə Xaçaturov? - Operativ şərh
  14 Aprel 2017    Oxunub:3417
Xəbər verdiyimiz kimi, Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi təyin edilib.
Bundan öncə keçmiş müdafiə naziri Seyran Ohanyanın KTMT rəhbəri təyin ediləcəyi iddia edilirdi. Xaçaturovun adı isə namizəd kimi hallandırılmırdı. Aprel döyüşlərində məğlubiyyətə düçar olan Xaçaturovun bu vəzifəyə hansı məqsədlə təyin edilməsi sual doğurur.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Xaçaturovun KTMT-ya rəhbər təyin edilməsi və bu təyinatın Dağlıq Qarabağ münaqişəsinin həllinə mümkün təsir ilə məqamları AzVision.az-a şərh edib.

Politoloq bildirib ki, bu təyinatın Azərbaycana heç bir təsiri yoxdur: "Doğrudur, təşkilatın yeni baş katibi olan erməni general daima Azərbaycan əleyhinə çalışacaq, bizə qarşı hansısa sənədlərin qəbulunu istəyəcək və Qoy çalışsın, bunun bizə zərrə qədər də təsiri yoxdur. Onsuz da hamıya bəllidir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiya-Ermənistan hərbi itifaqından ibarətdir. Qazaxıstan və Belarus təşkilatın Azərbaycan əleyhinə siyasətində yer almayacaq".



E.Şahinoğlu vurğulayıb ki, bu təyinatın necə həyata keçirilməsinin özü suallar doğurur:

"Ermənistan hakimiyyəti az qala bir ildir dəridən qabıqdan çıxırdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına erməni hərbçini baş katib seçdirsin. Çünki rotasiya prinsipi üzrə növbə Ermənistana çatmışdı. Rusiyanın təmsilçisi, baş katib Nikolya Bordyuja erməni ilə əvəz edilməli idi. Ancaq Qazaxıstan və Belarus bu təyinatı uzadırdı. Bu da İrəvanın qıcığına səbəb olurdu. Nəhayət İrəvan Ermənistan Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibi təyin etdirə bildi. Bu təyinatın necə həyata keçirildiyi sual doğurur. Çünki, bu təyinat üzv dövlətlərin liderlərinin görüşündə təsdiq olunmalıdır. Görünür, bu məsələdə İrəvana Kreml dəstək verib, Astana və Minskin şifahi razılığı və telefon zəngi əsasında nümayəndəsini baş katib seçdirə bilib".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: KTMT   Xaçaturov  





Xəbər lenti