Manatı möhkəmləndirən səbəb nədir və bu, doğru taktikadırmı? – TƏHLİL

Manatı möhkəmləndirən səbəb nədir və bu, doğru taktikadırmı? – TƏHLİL
  17 Aprel 2017    Oxunub:6369
Mərkəzi Bankın (AMB) keçirdiyi sonuncu valyuta hərracında manat ABŞ dollarına nəzərən yenə möhkəmləndi. USD/AZN məzənnəsi 1,7026 manat səviyyəsində müəyyən olundu ki, bu da dolların 0,02 % səviyyəsində ucuzlaşmasıdır.
Manatın ardıcıl olaraq bu cür möhkəmlənməsi bir qrup iqtisadçı tərəfindən mətbuatda mənfi xarakterli hal kimi qələmə verilir guya və ciddi fəsadlar yaradacağı müzakirə olunur. İddia olunur ki, əsas səbəb guya, dövriyyədən nəğd manat kütləsinin yığışdırılması ilə bağlıdır. Bunun iqtisadiyyatda inkişafı buxovladığı, başqa sözlə desəm, iqtisadi aktivliyin qarşısını aldığı vurğulanır. Əslində isə belə deyil.

Bəli, AMB dövriyyədən nəğd manat kütləsini bütün mümkün vasitələrlə yığışdırır və ölkədə çox sərt pul-kredit siyasəti həyata keçirilməkdədir. Elə bayaq qeyd etdiyim valyuta hərracı keçirilən tarixdə, yəni aprelin 14-də vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı da elan edilmişdi ki, AMB bununla 250 milyon manat cəlb etməyi planlaşdırırdı. Yeri gəlmişkən, depozitlərin faiz dərəcəsi 12,01 -14,99% təşkil edir. Və bundan əvvəl, yəni aprelin 10-da keçirilən hərracda isə 200 milyon manat cəlb etmək planlaşdırılmışdı. Amma tələb 353,5 milyon manat təşkil edib.

Dövriyyədən manatı məhdudlaşdırmaq üçün paralel olaraq digər tədbirlər də həyata keçirilir. Məsələn, nağd əməliyyatların ləğv olunması və sair kimi addımların atılmasını misal göstərmək olar.

Lakin, manatın ABŞ dollarına nəzərən məzənnəsini möhkəmləndirən təkcə bu amil deyil. AMB sözügedən kursu bu il həyata keçirməyə başlamayıb. Neftin dünya bazar qiymətləri düşməyə başlayan ildən, yəni 2014-cü ilin demək olar ikinci yarısından etibarən, sözügedən məhdudlaşdırma tədbirlərinə start verilib. Ümumiyyətlə, hələ keçən ilin aprelində yazdığım şərhdə də qeyd etmişdim ki, manat bazası 2014-cü ilin II yarısından etibarən azalır. Və bu proses 2015-ci il ərzində fasiləsiz olaraq davam edib. Odur ki, bu, əgər manatın məzənnəsini dərhal möhkəmləndirməli və yaxud buna avtomatik təsir xarakteri daşımalı olsa idi, birinci dəfə olmasa da, ikinci devalvasiyaya getməyə məcbur qalınmazdı.

Ancaq buna baxmayaraq, manat 2015-ci il ərzində üst-üstə 100%-ə yaxın olmaqla 2 dəfə, keçən ilsə 15% ucuzlaşdı. Bu proses cari ilin yanvar ayında da davam etdi. Belə ki, yanvarda manatın dollara qarşı dəyəri 8,23% civarında ucuzlaşmışdı. Və xatırladım ki, bu ilin fevralın əvvəlində manat dollara nəzərən hətta 1,90 AZN-dən də yuxarı həddə qədər enmişdi.

Odur ki, milli valyutamız möhkəmlənməyə, yəni bahalaşmağa sadəcə olaraq, fevral ayının ortasına doğru başladı ki, buna da səbəb, həm neftin dünya bazarlarında qiymətlərinin bundan hələ bir neçə ay öncə sabitləşməyə başlamasının müsbət nəticəsinin nəhayət, ölkə daxilində özünü göstərməyə başlaması, cari ilin yanvar ayından artıq, iqtisadi tənəzzüldə cüzi də olsa dönüşün yaranması, idxalın məhdudlaşdırılması və ölkədən kənara valyuta axınına nəzarətin gücləndirilməsi tədbirlərinin müvafiq effekt verməyə başlaması, o cümlədən valyuta bazarımızda mübadilə qaydalarının dəyişdirilməsi, xüsusən də "qara bazarın" ləğvi, ümumiyyətlə, bir sıra mövcud spekulyasıya elementlərini aradan qaldırmaq məqsədilə banklar üçün müəyyən edilmiş -/+ 4 %-lik marjanın ləğvi addımı olub.

Bəli, iqtisadiyyatın nəğd pul kütləsi ilə qidalanmasının çərçivəyə alınması və sıxışdırılması artıma və inkişafa ziyandır. Lakin ölkədə hələ böyük iqtisadi aktivlik yoxdur, valyuta bazarı təsirlərə kəskin şəkildə həssas durumdadır və ən başlıcası isə bank sektoru yenə "koma vəziyyətindədir". Belə şəraitdə dövriyyədə nəğd pul həcmini genişləndirməyin hansı effektiv nəticəsi ola bilər?! Başqa sözlə desəm, bu haqda "ağıllı-ağıllı" danışıb, irad tutmaq nə məqsəd daşıyır?!

İqtisadi aktivliyi yalnız kəmiyyət yumşaldılması ilə, yəni dövriyyəyə pul buraxmaqla artırmırlar və artıra da bilməzlər. Ümumiyyətlə, pul tələb olunduğu halda dövriyyəyə buraxılır, dövriyyəyə buraxılmaqla tələb yaratmır. Əksinə düşünənlər isə nəzərə almalıdırlar ki, bu, yerində dayanmış və yaxud mühərriki çəkib apara bilməyən bir avtomobilə çıxış yolu kimi yalnız, benzin tökməyə bənzəyir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Manat   #Dollar   #Təhlil   #İqtisadiyyat  





Xəbər lenti