“Mübariz” filmi Ermənistanda böyük əks-səda yaratdı - FOTOLAR

“Mübariz” filmi Ermənistanda böyük əks-səda yaratdı - FOTOLAR
  18 Aprel 2017    Oxunub:61866
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimov haqqında flm çəkilir.
AzVision.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında filmi çəkən İST Media şirkəti və filmin Azərbaycandan olan ssenaristi jurnalistlərin suallarını cavablandırıb.

"Filmin çəkilişlərinə 2011-ci ildən başlamağı planlaşdırmışdıq. Türkiyədə dövlət çevrilişi cəhdi nəticəsində filmin çəkilişləri gecikdi. Lakin hazırda işlər davam etdirilir. Film, həmçinin türk dünyası tərəfindən rəğbətlə qarşılanıb. Filmin tizer treyleri Ermənistanda böyük əks-sədaya səbəb olub. Bunu sosial şəbəkələrdə Ermənistandan gələn şərhlər sübut edir. Filmin tizer treylerinin Ermənistanda görünməsi üçün sosial şəbəkələrdə xüsusi kampaniya başlanılıb. Problem olmasa, film Azərbaycanda da çəkiləcək. Filmin 6 rejissor tərəfindən çəkilməsi planlaşdırılır. Rejissor və aktyorların seçilməsi barədə son qərarı İST Media şirkəti verəcək”- İST Filmin mətbuat katibi Babək Həsənzadə deyib.



Onun sözlərinə görə, filmdə baş rol ifaçısının adı hələlik gizli saxlanılır: “Onun adı önümüzdəki aylarda məlum olacaq. Film türk dilində çəkiləcək. Fransa, Macarıstan və digər Avropa ölkələrində nümayiş olunacaq. "Mübariz" filminin İranda da nümayiş olunması planlaşdırılır".



Filmin Azərbaycandan olan ssenaristi Rəşad Süleymanoğlu deyib ki, filmdə Hollivud və Bollivud aktyorları da çəkiləcək.

“Kommersiya sirri olduğu üçün biz həmin şəxslərin adlarını açıqlaya bilmərik. Filmin çəkilişlərinə Mədəniyyət və Turizm Nazirliyi, Müdafiə Nazirliyi köməklik edəcək. Lakin buna baxmayaraq, “Mübariz” filmi tamamilə türk şirkətinin məhsuludur, hüquqlar şirkətə məxsusdur. Filmin Türkiyə və Azərbaycanda eyni anda -2018 kinoteatrlara çıxacağı gözlənilir”.



Qeyd edək ki, Azərbaycanın Milli qəhrəmanı, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən "Mübariz" filminin tizeri yayımlanıb. Keyfiyyətli ekşın səhnələrilə sosial şəbəkələrdə insanların böyük rəğbətini qazanan tizerin, türk və qeyri-türk dünyasında böyük əks-səda doğuracağı gözlənilir.

Ekran əsəri Türkiyənin "İst Film" şirkəti tərəfindən ərsəyə gətiriləcək. Kifayət qədər yüksək büdcəyə malik olan tizer, İstanbulda “İst Film” çəkiliş qrupu tərfəfindən, professional kaskadyorlarla çəkilib. Filmdə tanınmış məhşur aktyorların yer alması nəzərdə tutulub. Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycanın sevilən aktyorlarının filmdə yer alması gözlənilir. Ekşın səhnələri üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb. Xatırladaq ki, film Azərbaycanda çəkiləcək. Ssenarinin artıq təməl hissəsi hazırdır. Ətraflı olaraq ssenari çalışmaları üçün isə yaxın günlərdə “İst Film” yaradıcı qrupu və ssenarist Bakıya gələcək.

Filmin ssenarisi Ali Doğançay (Türkiyə) və Rəşad Süleymanoğlu (Azərbaycan) tərəfindən yazılacaq. Tezliklə hazırlıq işləri başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanılacaq. Filmin 2018-ci ildə kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcəyi planlaşdırılır.



Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Mübariz   Film   MilliQəhrəman   Şəhid  





Xəbər lenti