12 minə yaxın müəllim imtahan verəcək

12 minə yaxın müəllim imtahan verəcək
  21 Aprel 2017    Oxunub:1647
Aprelin 16-da Bərdə Olimpiya İdman Kompleksində başlayan müəllimlərin diaqnostik qiymətləndirməsi bu gün başa çatıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, 5 günlük qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 10 min nəfərdən çox müəllim iştirak edib.

Bərdə Olimpiya İdman Kompleksində növbəti diaqnostik qiymətləndirmə aprelin 25-30-da keçiriləcək. Qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək. Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər www.dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

AzVision.az


Teqlər: Müəllim   imtahan  





Xəbər lenti