Dilqəmin Lapşindən fərqi: Deputatlar Rusiya XİN-ə etiraz etdi

Dilqəmin Lapşindən fərqi: Deputatlar Rusiya XİN-ə etiraz etdi
  25 Aprel 2017    Oxunub:5731
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin vətəndaşı olan Kəlbəcər girovu Dilqəm Əsgərovla bağlı yeni məlumat yayıb. Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin D.Əsgərovla bağlı məsələnin nəzarətdə saxlanıldığını bildirib. XİN rəsmisi qeyd edib ki, rəsmi Moskva azərbaycanın girovun hüquqlarının qorunması üçün əlindən gələni edir.
Rusiya nümayəndəsinin yayılam rəsmi açıqlamada D.Əsgərovla bloqqer Aleksandr Lapşini müqayisə etməsi diqqət çəkib. “Rusiya XİN milliyyətindən asılı olmayaraq bütün rusiyalıların qanuni maraqlarını müdafiə edib. Münaqişə ilə bağlı Rusiya vətəndaşlarına Dağlıq Qarabağ zonasına səfər etməmək tövsiyə olunur. Adıçəkilən tövsiyə nazirliyin saytında yerləşdirilib. O ki qaldı Dilqəm Əsgərova, o Lapşin kimi həmin tövsiyəyə əməl etməyib”, - deyə Kojin vuğulayıb.

Rusiya XİN-in sərgilədiyi mövqe haqlı olaraq etiraz doğurur. Öz dədə-baba yurdunu ziyarət edən Əsgərovla Azərbaycanın qanunlarını kobud şəkildə pozan Lapşinin məsələsini müqayisə etmək absurddur. Necə olur ki, Əsgərov Lapşinlə eyni tutulur, onlar arasında paralele aparılır?

YAP-çı deputat Aydın Mirzəzadə Rusiya XİN-in D.Əsgərovla bağlı açıqlamasına münasibət bildirib. Deputat AzVision.az-a bir vətəndaş kimi Rusiya Xarici İşlər Nazirliyinin Dilqəm Əsgərovla bağlı açıqlaması onu qane etməyib:

“Hesab edirəm ki, bu çox ötəri və ikili standartlı yanaşmanı özündə əks etdirən açıqlama idi. Rusiya vətəndaşı olan Dilqəm Əsgərov öz tarixi torpağında işğalçılar tərəfindən tutulub və üzərində saxta məhkəmə qurulub. Rusiya isə buna heç bir reaksiya vermir. Baxmayaraq ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, işğal olunmuş ərazilərimizdə qurulmuş qondarma rejimi tanımaqdan imtina edir. Amma, bunun ziddinə olaraq, həmin qondarma rejimin “məhkəmə”sinin fəaliyyətini pisləmir və qurulan tamaşaya hüquqi qiymət vermir”.

A.Mirzəzadə vurğulayıb ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və bu ölkə onu sona qədər müdafiə etməlidir: “Rusiya bu məsələ ilə bağlı sadəcə texniki xarakterli informasiyalar bölüşür. Azərbaycandan informasiya alınması və.s. Rusiya kimi böyük ölkənin məsələyə belə səthi yanaşması başadüşülən deyil. Eyni zamanda məsələyə verilən qiymət də hüquqi deyil. Hər halda biz bu məsələyə Rusiyanın daha ciddi və obyektiv yanaşmasını gözləyirik”.

Millət vəkili Sahib Alıyev hesab edir ki, girovlarla bağlı ikili yanaşmanın kökündə Qarabağ münaqişəsinin özünə yanaşmadakı ikili standart siyasəti dayanır: “Hesab edirəm ki, Aleksandr Lapşin və Dilqəm Əsgərova yanaşma bu ikili standartın fərdlər üzərində növbəti təsdiqidir. Əgər Dağlıq Qarabağ məsələsinə ədalətli yanaşma olsaydı, münaqişənin həllində beynəlxalq hüquq əsas götürülsəydi, nə Dilqəm Əsgərov bu yolla dədə-baba torpağına getmək məcburiyyətində qalardı, nə də öz torpağında girov götürülərdi”.

S.Alıyev vurğulayıb ki, Dilqəm Əsgərovun bu vəziyyətinə görə Rusiya ikitərəfli məsuliyyət daşıyır: “Birinci, ATƏT-in Minsk qrupunun həmsədr və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məsuliyyət daşıyır ki, bu münaqişə indiyə qədər öz həllini tapmayıb. Qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının ilk qətnaməsi də Kəlbəcərin işğalı ilə bağlı idi. Bu qətnamə yerinə yetirilmirsə, yerinə yetirilməməsinə BMT Təhlükəsizlik Şurasının Daimi üzvü, həmsədr dövlət kimi Rusiya seyirçi qalırsa, bu çox şeydən xəbər verir. Təbii ki, bu, həmin ölkənin vətəndaşı olan Dilqəm Əsgərova yanaşmada da müşahidə olunur. Separatçıların yanında olan, erməni separatizmini və terrorizmini dəstəkləyənə açıq dəstək nümayiş etdirilir. Açıq şəkildə qayğısına qalınır. Hətta, açıq şəkildə diplomatik təpkilərə əl atılır. Ancaq, Dilqəm Əsgərova gəldikdə təəssüf ki, biz bunu görmürük. Bu, ikili standartlardan qayaqlanır”.

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin Aleksandr Lapşin və Dilqəm Əsgərov arasında paralel aparması çox uğursuz və yaramaz yanaşmadır: “Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərov başqa ölkənin sərhəddini pozmayıb, doğma torpağına gediblər. Bəs Aleksandr Lapşin? O, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edib. Sərhədlərimizi pozub. Həmçinin erməni separatizminə, terrorizminə dəstək verməklə yanaşı, Azərbaycanın əleyhinə hədyanlar deyib. Bu hərəkətlərinə görə Lapşin qanun qarşısında cavab verir. Rusiyanın Xarici İşlər Nazirliyinin Aleksandr Lapşin və Dilqəm Əsgərov arasında müqayisə aparması yersizdir”.

E.Məmmədov qeyd edib ki, Rusiya heç vaxt Ermənistanı atıb, ədalətin tərəfində olmayacaq: “Ermənistan Rusiyanın bir əyaləti, forpostudur. Ermənistan Çar Rusiyasının və ardınca SSRİ-nin Azərbaycan torpaqlarında yaratdığı qondarma dövlətdir. Ona görə də Rusiya dövlətinin rəhbərliyində tarixən Ermənistan qorunub. Bu gələcəkdə də belə olacaq. Doğrudur, biz Rusiya ilə dostluq etməyə çalışırıq. Amma, bunun qarşılığı yoxdur”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Sonradan H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Girov   Dilqəm-Əsgərov   Rusiya   Lapşin  





Xəbər lenti