AMEA-nın ümumi yığıncağı keçirilir - Yenilənib

AMEA-nın ümumi yığıncağı keçirilir - Yenilənib
  28 Aprel 2017    Oxunub:2564
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin 2016-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncaq davam edir.
AzVision.az xəbər verir ki, tədbiri giriş sözü ilə açmış AMEA prezidenti Akif Əlizadə Azərbaycan elminin uğurlarından bəhs edib. O, həmçinin əlavə edib ki, ötən il dünyada gərginliyin, müharibələrin genişləndiyi il olub:

"Azərbaycan sabitlik və sülh ölkəsidir. Azərbaycanın dinamik inkişafı göz qabağındadır. Ölkəmiz dünya miqyasında qlobal arenaya çevrilib".

A.Əlizadə ölkədə keçirilmiş beynəlxalq tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və qeyd edib ki, bu ilin mayın 4-5 tarixlərində Mədəniyyətlərarası Forum keçiriləcək:

"Həmin forum üçün ölkəmizə 600-ə yaxın iştirakçı gələcək. Bütün bunlar hamısı göstərir ki, Azərbaycan bütün mürəkkəbliyə baxmayaraq, dinamik şəkildə inkişaf edir".

AMEA prezidenti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Yol Xəritəsi ilə bağlı imzalanan sərəncamın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb:" Yol Xəritəsi Azərbaycan alimlərinin qabağında çox böyük təkliflər qoyur. Biz Akademiya olaraq, dövlətimizin bu çağırışına uyğun olaraq bir neçə innovativ xarakterli təkliflər hazırlayıb göndərmişik. Bu təkliflər müxtəlif iqtisadi islahatları əhatə edir. Təkliflərlərin bəziləri Azərbaycan torpaqları ilə bağlıdır. Azərbaycan Torpaqşünaslıq İnstitutu tərəfindən verilən təklif qəbul edilib".

***
(11:17)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir.

AzVision.az xəbər verir ki, yığıncaqda akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva və digər rəsmi şəxslər iştirak edir.

Öncə tədbir iştirakçıları Akademiyanın fəaliyyətini əks etdirən elmi naliyyətlər sərgisi ilə tanış olublar.

Ümumi yığıncaqda AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, Nizami Gəncəvi adına Qızıl medalının və AMEA-nın adlı mükafatlarının təqdimatı nəzərdə tutulub.

Qeyd edək ki, bu il AMEA-nın ümumi yığıncağı 2 dəfə - aprelin 28-i və mayın 2-də keçiriləcək. Mayın 2-də olacaq AMEA-nın Rəyasət Heyətində baş tutacaq Ümumi yığıncaqda isə AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti