Moskva görüşünün nəticəsi nə oldu? – ŞƏRH

Moskva görüşünün nəticəsi nə oldu? – ŞƏRH
  28 Aprel 2017    Oxunub:5979
Bu gün Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib. 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər müzakirə olunan məsələlər barədə əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər.

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli XİN rəhbərlərinin Moskva görüşünü AzVision.az-a şərh edib. Politoloq bildirib ki, uzun müddətdən sonra xarici işlər nazirlərinin görüşü müsbət haldır:

“Amma, görüşdə konstruktivlik başqa müzakirə mövzusudur. Zənn etmirəm ki, bu məsələdə ermənilər konstruktivlik nümayiş etdirsinlər. Doğrudur, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bəzi pozitiv məqamlardan danışır. gözləyək görək bunlar nədən ibarətdir”.

Q.Hüseynli hesab edir ki, danışıqlarda müsəbət irəliləyişlər, müəyyən kompromislər, ümumilikdə müharibə təhlükəsinin qarşısını almaq mümkün olsa, bu daha yaxşıdır: “Amma, Ermənistan prezidenti Serj Sarkisyan müharibəyə çağırış və radikal şüarlar səsləndirməkdə davam edir. Belə olan halda sülh danışıqları barədə danışmaq da yersizdir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, gözlənildiyi kimi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü nəticəsiz qaldı:

“Görüşün yekunlarıyla bağlı yayılan və heç bir məna ifadə etməyə 3-4 cümləlik bəyanatda əsas fikir bundan ibarətdir: “Tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar”. Məgər prezidentlərin 2016-ci ildə Vyana və Sankt-Peterburq görüşlərində hansısa razılıq əldə olunub? Yeganə şifahi razılıq bu olub ki, danışıqlar davam etdirilsin və atəşkəsə riayət olunsun. Bunun nəyi razılıqdır ki? Əksinə bu bizim maraqlara zidd olan status-kvonun uzanması deməkdir. Moskvadakı görüşün bir mənası var idi: Kreml Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi. Buna əmin oldumu – bunu gələcək aylar göstərəcək”.

Qeyd edək ki, xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bununla bağlı dövlət başçılarına məruzə ediləcək.

“Moskvada Rusiya Federasiyası xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü zamanı aparılmış müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcəkdir”.

Xİn rəsmisi qeyd edib ki, görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında Prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Moskva   Qarabağ   XİN  





Xəbər lenti