Azərbaycanda neçə nəfər yazıb-oxuya bilmir?

Azərbaycanda neçə nəfər yazıb-oxuya bilmir?
  01 May 2017    Oxunub:2390
Dünya Bankının məlumatına görə, Azərbaycan ən yüksək savadlılıq səviyyəsinə malik olan ölkələrdəndir. Rəsmi statistika göstərir ki, əhalinin 99.79%-i oxuyub-yazma bacarığına malikdir. Əhalinin hər 10.000 nəfərindən 9979 nəfəri oxuyub-yazmağı bacarır. (Braziliyada bu rəqəm 91.48%, Türkiyədə 95.26%, Sinqapurda 96.54%, İspaniyada 98.08%, İtaliyada 99.07%-dir).
Dövlət İmtahan Mərkəzinin hesabatında isə qeyd edilib ki, ölkədə ötən il 91 şagird yazıb-oxumağı bacarmayıb.

DİM-in (Keçmiş TQDK) hesabatına münasibət bildirən təhsil eksperti Kamran Əsədov AzVision.az-a deyib ki, ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi məlumat əslində onu göstərir ki, IX sinifi bitirən 108.563 şagirdin 108.487 nəfəri oxuyub-yazma bacarığına və eləcə də digər savadlılığa malikdir.

XI sinfi bitirən şagirdlər arasında isə 88.363 nəfərdən 88.339-i oxuyub-yazmağı bacarır. Bu isə faiz olaraq 99.93% və 99.97% göstərici deməkdir.

“Bundan başqa, TQDK-nın (DİM) elə bir funksiyası yoxdur ki, şagirdlərin oxuyub-yazma qabiliyyətini yoxlasın. Onlar yalnız imtahanda iştirak edənlərin cavab kartlarındakı qeydlər əsasında bunu müəyənləşdirə bilər. Hansısa şagird hanısa səbəbə görə cavab kağızını ağ qoyubsa, bu onun oxuyub-yaza bilməməsi demək deyil. Bilirsiniz, DİM (TQDK) açıqladığı məlumatda həm də özünü tənqid etmiş olur. DİM (TQDK) 5-ci sinifdən başlayaraq məktəblərdə monitorinq imtahanları həyata keçirir. Belə çıxır ki, onlar bu imtahanlara və onun nəticələrinə laqeyd yanaşıblar. Bundan əlavə, statistikada diqqəti çəkən məqam 11-ci siniflərlə bağlıdır. 11-ci sinifdə oxuyanlar iki il əvvəl 9-cu sinifdə DİM (TQDK)-nın keçirdiyi buraxılış imtahanlarında iştirak edib və müsbət qiymət alıblar. Necə oldu ki, onlar iki il ərzində oxuyub-yazmaq qabiliyyətlərini itirdilər?”.

K.Əsədov qeyd edib ki, DİM-in təqdim etdiyi məlumat həqiqətə uyğun deyil: “BMT qeyd edir ki, Azərbaycan dünyada 15-24 yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 100 faiz olan çox az saylı ölkələrdən biridir. Bu göstərici Azərbaycanla yanaşı, 187 ölkənin insan inkişafı indeksinin qiymətləndirildiyi hesabatda 4 ölkədə - Moldova, Koreya Xalq Demokratik Respublikası, Polşa və Kubada da qeydə alınıb. Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi isə 99,8 faizdir.
Ümumiyyətlə, DİM (TQDK)-nın təqdim etdiyi məlumat heçdə təhlükəli deyil. “Təhsil haqqında” qanuna görə orta məktəb layiqli vətəndaş, şəxsiyyət yetişdirir”.

K.Əsədov təəssüflə vurğulayıb ki, bu gün Azərbaycan məktəbi ali məktəblərə qəbul imtahanlarının nəticələrinə yönəlmiş tədris prosesini qurub. “DİM-in qeyd etdiyi məlumatlar orta məktəbin, orta məktəblərdə keçrilən dərsin göstərici deyil. Bu repititorların nəticəsidir. Ali məktəblərin qəbul imtahanlarında iştirak edən abituriyentlər orta məktəbdə əldə etdikləri biliklərlə yox, repititorların yanında əldə etdiyi biliklərlə iştirak edirlər. Verilən materialların az mənimsəməsi bu səbəbdən baş verib. Bilirsiniz, qəbul imtahanlarında əldə edilən yüksək göstəricilər orta məktəblərin nəticəsi deyil. Bu abituriyentlərin öz vəsaitləri hesabına getdikləri repititorların nəticəsidir. Amma aşağı nəticə orta məktəbin nəticəsidir ki, bu da onun qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri daxilindədir. Orta məktəb ali məktəblərə qəbul imtahanları üçün şagird hazırlamır”.

Təhsil ekspertinin fikrincə, bu gün hansısa məktəbin yüksək nəticə əldə etməsi oradakı real vəziyyəti əks etdirmir: “Çünki, həmin məktəbin yüksək nəticə əldə etmiş şagirdləri heç də o məktəbin müəllimlərinin yanında hazırıq keçməyib. Onlar hansısa repititor, hazırlıq kursunda təhsil alıblar. Bundan əlavə, Azərbaycanda ali məktəblərə qəbul imtahanları olduqca ağır şərtlər daxilində həyata keçirilir. Dünyanın heç bir ölkəsində hu qədər ağır qəbul imtahanları keçirilmir. Bu ağır şərtlər altında abituriyentlərin əldə etdiyi nailiyyətlər təqdirəlayiq hesab oluna bilər”.

Aytən Zəhra
AzVision.az



Teqlər: DİM   Təhsil   Məktəb   Şagird  





Xəbər lenti