Kremlin baş ideoloqu Bakıya hansı mesajlarla gəlib? - ŞƏRH

Kremlin baş ideoloqu Bakıya hansı mesajlarla gəlib? - ŞƏRH
  03 May 2017    Oxunub:5138
Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı tanınmış politoloq Aleksandr Duqin Azərbaycanda səfərdədir. O, ötən gün jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması vacib arqumentdir.
Duqin, həmçinin işğal altında olan 5 rayonun qaytarılmasının vacibliyindən söz açıb. Bildirib ki, əgər tərəflər Azərbaycanın işğal olunmuş 5 rayonunun qaytarılması barədə razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əlaqələrinə vacib məqam olacaq.

Politoloq vurğulayıb ki, Qarabağ və digər iki rayonla bağlı vəziyyət mürəkkəbdir və bunun üçün daha çox vaxt lazım ola bilər.

Kremlin ideoloqunun Bakıya səfərinin əhəmiyyəti nədir? Yaxud o, hansı mesajlarla gəlib?

Politoloq Fikrət Sadıqov AzVision.az-a bildirib ki, Rusiya siyasi dairələrinin mövqeyini ifadə edən şəxsin Azərbaycanda səfərdə olması müsbət haldır:

“Aleksandr Duqin Rusiyanın tanınmış və aparıcı siyasətşünaslarından biridir. Eyni zamanda o, Rusiyanın bir sıra yuxarı dairələrinin mövqeyini ifadə edən şəxsdir. Duqin, Azərbaycanyönlü siyasətşünas olmasa da, bizə münasibəti müsbətdir. Çünki, bir sıra hallarda Azərbaycanla bağlı obyektiv və ədalətli mövqe nümayiş etdirir. Hesab edirəm ki, bu, bizi qaneə edir”.

Politoloq vurğulayıb ki, Duqinin Bakıya səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycanın maraqlarına zidd deyil: “O, bildirir ki, Ermənistan tərəfindən işğal edilmiş 5 rayon Azərbaycana geri qaytarılmalıdır. Doğrudur, o, konkret demir ki, Qarabağ Azərbaycanın ərazisidir. Duqin belə fikir söyləyir ki, Dağlıq Qarabağ məsələsi mürəkkəb bir düyündür və bunun açılması uzun vaxt tələb edir. Həmçinin o, qeyd edir ki, Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tanımaqdan imtina etmək fikrində deyil. Bu müsbət bir haldır. Bu, Duqinin şəxsi yox, Rusiyadakı bir sıra siyasi qüvvələrin mövqeyidir. Biz belə qüvvələrə arxalanmalı və öz maraqlarımız çərçivəsində tam mənada, istifadə etməliyik”.

Politoloq Qabil Hüseynli hesab edir ki, Rusiya ictimai rəyinə təsir göstərə bilən şəxsin Azərbaycanda səfərdə olması əhəmiyyətlidir: “Aleksandr Duqin Kremlə yaxın adamdır. Hesab edirəm ki, Bakıda verdiyi açıqlamalarla Kremlin mesajlarını bizə çatdırır. Hesab edirəm ki, 5 rayonun geri qaytarılmasını, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü bütün hallarda tanımasını bəyan etməsini Rusiyanın müsbət mesajı kimi qəbul edə bilərik”.

Politoloq qeyd edib ki, Duqin Bakı səfəri zamanı Rusiyanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini bir daha açıqladı: “O, Bakıda verdiyi açıqlamalarla vəziyyətin bütün parametrlərini cızdı. Hesab edirəm ki, belə şəxslərin Azərbaycana gəlməsi əhəmiyyətlidir. Çünki, onlar bura gəlməklə həqiqətləri görür. Biz Rusiyada Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün bütün vasitələrdən istifadə etməliyik”.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahidoğlu Duqinin səfərinin əhəmiyyətli olduğunu hesab edir.

"Rusiyalı siyasətçilərin, liberalların, radikalların, kommunistlərin, ermənpərəst jurnalistlərin, ayrı-ayrı siyasi eskeprtlərin Bakıya səfərlərinin əleyhinə deyiləm, qoy gəlsinlər, fikir mübadiləsi olsun, Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini eşitsinlər. Ancaq bütün bunlar o demək deyil ki, Rusiyadan kim gəlirsə birbaşa Kremlin hansısa mesajını bizə çatdırır və ya Moskvaya qayıtdıqdan sonra bizim mesajları Kremlə çatdırır. Bəzən bizə belə yanlış təlqin etdirməyə çalışırlar ki, Bakıya gələn rusiyalı ekspertlər, o cümlədən Sergey Markov və ya Aleksandr Duqin az qala Putinin baş məsləhətçiləridir və ya Kreml sahibi tez-tez onları dinləyir.

Markov və Duqin Qarabağ məsələsində bizim mövqeyə anlayışla yanaşırlar, bu müsbətdir, ancaq bu, o demək deyil ki, onların siyasi baxışları Rusiya kütləvi informasiya vasitələrinə və ya Kremlə yol tapır. İllərdir Rusiyanın əsas televiziya kanallarındakı siyasi və analitik proqramları izləyirəm və bu proqramlarda son illər nə Markovu nə də Duqini görürəm, efir ermənipərəstlərlə, anti-türk elementlərlə doludur. Buna baxmayaraq, necə ki, Rusiyada erməni lobbisi fəaldır və geniş təsir imkanları var, eləcə də biz qonşu ölkənin fərqli ekspertləriylə dialoq içində olmalıyıq. Niyə də Rusiyada azərbaycanpərəst eskpertlər olmasın? Bir şərtlə ki, özlərinin statuslarını və imkanlarını olduğundan çox da yüksək qiymətləndirməsinlər".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Duqin   Rusiya   Azərbaycan   Qarabağ  





Xəbər lenti