"Ermənilərin bütün cəhdləri uğursuzluğa düçar olacaq" - Ziyafət Əsgərov

"Ermənilərin bütün cəhdləri uğursuzluğa düçar olacaq" - Ziyafət Əsgərov
  05 May 2017    Oxunub:1537
"İslam dünyası ilə Qərb dünyasının toqquşması dünya siyasətinin mühüm amilinə çevrilmişdi" AzVision.az xəbər verir ki, bunu "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentin rolu" sessiyasında çıxışı zamanı Milli Məclisin sədr müavini Ziyafət Əsgərov bildirib.
Onun sözlərinə görə, tarix göstərdi ki, müasir cəmiyyətin həyatı üçün sivilizasiyaların toqquşması deyil, qaynayıb qarışması daha təqdirəlayiq haldır.

"Digər tərəfdən bu gün qarşıya çıxan problemlər bəşəriyyətin bütün səylərini birləşdirməkdən başqa çarəsinin olmadığını göstərir. Dünya dövlətləri arasında ixtilafların aradan qaldırılmasının ən səmərəli vasitələrindən biri də mədəniyyətlərarası dialoq vasitəsilə sivilizaiyaların bir-birinə yaxınlaşdırılmasıdır.

Azərbaycan parlamentində 80-dən çox ölkənin qanunverici orqanı ilə dostluq qrupları yaradılıb. Mədəniyyətlərarası dialoq və mültikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Bununla yanaşı təəssüflə qeyd edilməlidir ki, Azərbaycan torpaqlarının 20%-ni, yəni Dağlıq Qarabağ və onun ətrafında rayonları 25 ildir ki, işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini xristian-müsəlman qarşıdurması kimi qələmə verərək ənənəvi xristian ölkələrində xristianlıq duyğularını istismar edir. Məqsəd isə qonşu ölkəyə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə haqq qazandırmaq, eyni zamanda ölkəmizdə dinlərarası və millətlərarası münasibətləri gərginləşdirməkdir".

Z.Əsgərov vurğulayıb ki, bu cəhdlər əvvəl olduğu kimi bundan sonra da uğursuzluğa düçar olacaq: "Azərbaycanda yaşayan xalqların dostluğu və qardaşlığı illərin sınağından çıxıb. Bu gün Azərbaycanda elə bir şərait yaradılıb ki, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrini bir aya gətirən dünya və Avropa miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi ənənə halına çevrilib. Azərbaycanda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dünyaya bir töhfədir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Baku-Forumu  





Xəbər lenti