Səhiyyə Nazirliyindən sünnət olayına reaksiya

Səhiyyə Nazirliyindən sünnət olayına reaksiya
  05 May 2017    Oxunub:4007
"Səhiyyə Nazirliyinin və tibb işçilərinin mövqeyi odur ki, sünnət əməliyyatını ara həkimi deyil, uşaq cərrahı və yaxud uşaq uroloqu aparmalıdır" AzVision.az xəbər verir ki, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ("OMD" xəstəxanası) direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, sünnət əməliyyatının qeyri-professional şəxslər tərəfindən, uşaqları müayinə etməmiş, müvafiq şərait olmayan vəziyyətdə icra edilməsi ölümlə nəticələnir.

"İndi adamlar düşünür ki, sünnət 5 dəqiqəlik bir şeydir, kəsəcəyik qurtaracaq. Amma reallıq bunu göstərmir. Reallıq göstərir ki, sünnətin ölüm kimi ağır fəsadları ola bilər. Bu fəsadların əmələ gəlməsinin ilkin səbəbi odur ki, sünnət əməliyyatını qeyri-professional şəxslər tərəfindən, uşaqları müayinə etməmiş, müvafiq şərait olmayan bir vəziyyətdə uşaqlara bu işi icra edirlər. Səhiyyə Nazirliyinin birmənalı mövqeyi odur ki, belə hallar yolverilməzdir. Ona görə əhaliyə tövsiyyə edirik ki, sünnəti professional mütəxəssis həkim yerinə yetirməlidir. O zaman belə xoşagəlməz halların qarşısı alınacaq".

N.Quliyev qeyd edib ki, insanlar arasında hələ də ləzgi dəlləyi tapıb sünnət etdirənlər var. "Onlar başa düşməlidir ki, bu, uşaq orqanizmidir və valideyn belə onun haqqını pozmamalıdır. Elə valideynlər var ki, uşaqlarını peyvənd etdirmir. "Uşaq mənimdir, özüm bilərəm" prinsipi ilə hərəkət edirlər. Bu məsələdə bəziləri tibb işçilərini günahlandırır, xoşagəlməz sözlər ünvanlayırlar. Bunu qəbul edirəm, amma həkimlərdən qabaq onun valideynlərini günahlandırmaq lazımdır".

Baş pediatr vurğulayıb ki, uşaqlar bir qayda olaraq ya 2 yaşa qədər, ya da 5 yaşdan sonra sünnət olunurlar.

"Bunun tibbi izahı var. 2-5 yaşlı uşaqlarda qorxu və stress baş verir. 2 yaşına qədər uşaqlar sünnətin mahiyyətini anlamırlar. 5 yaşından böyük uşaqları isə həkim başa salır ki, bu qorxulu bir şey deyil və vacibdir. Uşaqda bunu qəbul edib, hazırlaşır".

N.Quliyev qeyd edib ki, uşaqları heç vaxt qırx günü çıxmamış sünnət etdirmək olmaz: "Təəssüf ki, valideynlər təkidlə özəl müəssisələrdə uşaqlarını sünnət etdirirlər. Dərk etmirlər ki, hələ təzə dünyaya gəlmiş uşağın adaptasiyası tam yekunlaşmamış sünnət etdirmək olmaz. Dünyada uşaqların neonatal yenidoğulma dövrü ilə bağlı fikri mövcuddur. Bir xristian dünyasının təklif etdiyi 28 gün, birdə müsəlman dünyasının təklif etdiyi 40 gün. Amma elmi araşdırma göstərir ki, müsəlman dünyasında qəbul olunmuş daha doğru variantdır".

Qeyd edək ki, 5 yaşlı Hüseynov Kənan Abutalıb oğlu mayın 3-də Masallı rayonunda sünnət zamanı ölüb. Uşağın "novakain" məhlulunun yaratdığı anafilaktik şok nəticəsində dünyasını dəyişdiyi müəyyən olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti