“Azərbaycan dünyada tolerant dövlət kimi tanınır” - Əli Həsənov

“Azərbaycan dünyada tolerant dövlət kimi tanınır” - Əli Həsənov
  06 May 2017    Oxunub:1699
“Müasir ölkələrdə millətçilik, separatizm və etno-mədəni terrorizm hallarının baş verməsi harada yaşamasından asılı olmayaraq, bütün insanlardan, dini inancından və milli mədəniyyətlərin yanaşı mövcud olması perspektivləri haqqında daha dərindən fikirləşməyi tələb edir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Qütbləşmə dövründə inkuliziv dialoq” adlı panel iclasında çıxışı zamanı bildirib.

“Belə yanaşmaların tərəfdarları hesab edirlər ki, guya inkuliziv cəmiyyət və yaxud mədəniyyətlərarası dialoq dövlətin vahid mədəni məkanına, milli identliyinə xələl gətirən dağıdıcı hadisə və proseslərə rəvac verə, etnik qruplar və miqrantlar isə ictimai-siyasi, kulturoloji problemlər yaratmaqla milli harmoniya və bütövlüyü poza bilər. Lakin danılmaz həqiqətdir ki, bəşəriyyətin mütərəqqi inkişafının əsasında svilizasiyalararası dialoq dayanır. Bunun sayəsində dünya mədəniyyəti zənginləşərək, indiki inkişaf səviyyəsinə yüksəlib. Ona görə də ünvanına tənqiqi fikirlər söylənilməsinə baxmayaraq, svilizasiyalar və mədəniyyətlərarası dialoq müasir dövrdə cəmiyyətin sabit və dayanıqlı inkişafını, dini, etnik və mədəni müxtəlifliyini təmin edən mühüm amillərdən biri kimi çıxış edir”.

Ə. Həsənov qeyd edib ki, Avropa ilə Asiyanın kəsişdiyi geostrateji məkanda yerləşən Azərbaycan inkuliziv dialoqun beynəlxalq hüquq normalarına əsaslanan svil birgəyaşayışın təmin edilməsində oynadığı rolu yüksək qiymətləndirərək, bu istiqamətdə fəal siyasət həyata keçirir. Belə ki, dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıq möhkəmləndirilir, hər bir xalqın dini-etnik və mədəni özünəməxsusluğunun qorunub saxlanılması üçün mədəniyyətlərarası dialoqun yaratdığı əlverişli imkanlardan səmərəli şəkildə istifadə olunur:

“Azərbaycan dünyada zəngin multikultral dəyərlərə və tolerant ənənələrə malik olan çoxmillətli dövlət kimi tanınır. Ölkəmizin qədim dövlətçilik tarixində multikultralizmin özünə xüsusi yer tutması milli-etnik dəyərlərin zənginləşməsinə böyük töhfələr verir. Azsaylı xalqların öz adət-ənənələrini, dini dəyərlərini qoruyub saxlaması poletnik birliyi möhkəmləndirən mühüm amillərdən biri kimi çıxış edir”.

PA rəsmisi həmçinin vurğulayıb ki, regional və beynəlxalq təhlükəsizliklə bağlı problemlər yalnız hərbi, siyasi xarakterli məsələlərlə məhdudlaşmır: “Eyni zaman sosial-iqtisadi və mədəniyyətlərarası münasibətlər sahəsini də əhatə edir. Hümanizm, tolerantlıq, hüququn aliliyi və ümumibəşəri dəyərlərin prioritetliyi kimi prinsiplərə malik olan inkluziv dialoqda dünya ictimiayyətini narahat edən qlobal problemlərin və münaqişələrin aradan qaldırılması vasitələrindən biri kimi baxılır. Son 25 ilin təcrübəsi göstərir ki, “soyuq müharibə” başa çatdıqdan sonra yeni dünya nizamının tərkib hissəsi kimi meydana gələn qloballaşmanın müsbət cəhətləri ilə yanaşı, sülhün və sabitliyin təmin olunması məsələsinə münasibətdə onun müəyyən çatışmamazlıqları da mövcuddur. Qloballaşma bir tərəfdən beynəlxalq inteqrasiya proseslərinə təkan verir, digər tərəfdən isə mədəniyyət və svilizasiyalararası qarşıdurmanın meydana gəlməsi üçün sanki münbit bir şərait yaradır. Sözsüz ki, burada mənfi meyillərin qarşısını almağın ən səmərəli yolu dövlətlərarası siyasi, sosial-iqtisadi, elmi və texnoloji sahələrdə qarşılıqlı əlaqələri möhkəmləndirməklə yanaşı, inkluziv cəmiyyətlərin inkişafına nail olunmasından ibarətdir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Bakı-Forumu   Azərbaycan  





Xəbər lenti