Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - Açıqlama

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - Açıqlama
  11 May 2017    Oxunub:12679
"Bu gün səhər saatlarında Saatlıda baş verən zəlzələnin episentri yer səthinə 8 km-dək yaxın olsaydı, təlafatlara yol aça bilərdi"
Bu barədə AzVision.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, Rixter cədvəli ilə 5 və 5-dən yuxarı zəlzələlər güclü hesab olunur və dağıntılara yol açır.

“Ancaq zəlzələ 50 km-ə qədər dərinlikdə olduqda, o dərəcədə təhlükəli deyil. Sadəcə hiss olunma dairəsi geniş olur və ətraf rayonlar bunu hiss edə bilir. Amma dağıntı ola bilməz. Lakin tikinti normativlərinə cavab verməyən tövlə və digər tikililərdə çat əmələ gələ bilər”.

Ölkə ərazisində hər gün yeraltı təkanların müşahidə olunduğunu bildirən Q.Yetirmişli hesab edir ki, bu zəlzələlərin hamısı fon səviyyəsindədir və təhlükə yaratmır.

“Elə gün olur ki, gün ərzində Respublika ərazisində 10-15 təkan olur, sadəcə bunlar hamısı fon səviyyəsindədir və qorxulu heç nə yoxdur”.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bala yaxın, yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 5,3, dərinliyi 39 kilometr olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti