Allahşükür Paşazadə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. İslam həmrəyliyinin güclü faktora çevrilməsinin vacibliyini qeyd edən QMİ sədri deyib ki, bu kimi tədbirlər bir tərəfdən İslam ölkələrinin üzləşdiyi problemlərin həlli, digər tərəfdən həmin problemlərin dərinləşməsinin qarşısının alınması baxımından xüsusi önəmə malikdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi çox mühüm hadisədir. Bunun böyük siyasi, iqtisadi, mənəvi və ideoloji əhəmiyyəti var. Bu gün bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdən biri planetimizi, sülhü qorumaq, dünyadakı mövcud dinlərin və xalqların inkişafına hərtərəfli dəstək verməkdir. Bu gün İslam həmrəyliyi İslam dünyası üçün çox vacibdir. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurur. Bu gün Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişləndirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı mövqeyini ortaya qoyub.
Rəsmi ziyafətdə çıxış edən İslam ölkələrinin nümayəndələri Azərbaycandakı multikultural mühitdən məmnun olduqlarını bildiriblər. Onlar Prezident İlham Əliyevin İslam dəyərlərinin qorunub inkişaf etdirilməsi yolunda səylərini yüksək dəyərləndiriblər. IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasının birlik və həmrəyliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacağına əminlik ifadə olunub.
AzVision.az