“Küçədə qız görəndə, üzümüzü divara çevirirdik” – MÜSAHİBƏ

“Küçədə qız görəndə, üzümüzü divara çevirirdik” – MÜSAHİBƏ
  15 May 2017    Oxunub:17210
“Tofiq Bəhrəmovun anası bəy qızı olub”
AzVision.az-ın növbəti müsahibi Aydın Əliyevdir. Müsahibimiz uzun illər Azərbaycan Dövlət Radiosunda idman proqramlarının baş redaksiyana rəhbərlik edib,son 5 ildə “İdman Azərbaycan” telekanalında baş redaktor vəzifəsində çalışıb. Onun jurnalistlik fəaliyyətinin 55 ili Azərbaycan televiziyası ilə bağlıdır.

A.Əliyev olimpiya oyunlarından, Avropa çempionatlarından, eləcə də dünyanın ən mötəbər yarışlardan reportajlar hazırlayıb. 80 yaşlı jurnalist indi Azərbaycan televiziyasında göstərilən filmlərin tərcüməsi ilə məşğul olur.

Dünyanın 53 ölkəsində səfərdə olan Aydın Əliyevlə söhbətimiz nostalji səpkidə baş tutdu. Ötən günlərdən, yadda qalan reportajlardan, göz açdığı İçərişəhərdən danışdıq.



-Aydın müəllim, dünyanın bir çox ölkələrindən idman reportajları hazırlamısınız. Ancaq diqqətimi daha çox tayqa meşələrindən hazırladığınız reportaj çəkdi.

- İnsan olub keçənləri xatırlayanda həyatının ən unudulmaz anları dumana bürünür.Bu duman xatirələrin göz yaşıdır. O günlər üçün həsrət çəkirsən.

80-cı illər idi, o vaxt Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini idi. Tikinti, nəqliyyat, təhsil, səhiyyə - bir neçə sahə onun səlahiyyətində idi, böyük tikintilər onun rəhbərliyi ilə həyata keçirilirdi. Heydər Əliyevin tapşırığı ilə uzunluğu 3145 km olan Baykal- Amur magistralının tikintisindən 5 il ardıcıl reportaj hazırlamışdıq. Təsəvvür edin, Uraldan başlayan yol az qala gedib okeana çıxırdı.

Televiziyanın sədri Elşad Quliyev məni çağırıb dedi ki, sabah yola düşməlisiniz, çox məsul tapşırıqdır. Bunu ancaq sən bacara bilərsən. Ora gedib çıxmaq üçün 4 nəqliyyat dəyişdik, çatanda şaxta 50 dərəcəni keçmişdi.

Səs operatoru, operator və mən Tayqada müxbir postu yaratdıq. Dözülməz şəraitdə işləyirdik. Elə soyuq, şaxta var idi ki, kameranın, akumlyatorun naqili donmuşdu. 30 saniyədən artıq kamera işləmirdi. İçəri keçib soba olan otaqda qızdırıb yenidən çəkilişlərə davam edirdik. O vaxtı kinokameralar xüsusi yağla yağlanırdı ki, səssiz, rahat işləsin. Amma bizim operator o yağı da silirdi ki, eybi yoxdur, qoy kamera xırıldasın, səsi bərk çıxsın, amma təki işləsin. Çünki soyuqdan yağ donurdu. Səhərlər böyük yük maşınlarını işə salmaq üçün bir saatdan çox əlləşirdilər. Çox ağır şərait idi. Amma həyatımdan razıyam ki, gedib oraları da görmüşəm. Orada çox maraqlı insanlarla, Sibir neftini üzə çıxaran məşhur geoloqumuz Fərman Salmanovla görüşdük. Onun haqqında yaxşı bir material hazırladıq.

-Orada yaşayan az saylı xalqlardan hansılarla qarşılaşdınız? Eskimosları, Çukçaları gördünüzmü?

-Bir kənddə heç əllidən artıq adam yaşamırdı. Yol çəkiləndə yavaş- yavaş üzə çıxırdılar. Çoxunun doğum haqqında şahadətnaməsi , xəstəxana, məktəb anlayışı yox idi. Marallardan istifadə edirdilər. Dillərini başa düşmürdük, elə qəribə adları var idi ki...



-Aydın müəllim, istəyirəm söhbətimizi Sibirin soyuğundan isti Bakıya yönəldək. Doğulub boya başa çatdığınız İçərişəhərin o vaxtki ab- havasından, uşaqlıq illərinizdən danışaq...

-Müharibə illərində doğulanların uşaqlığı olmayıb. 7-8 yaşım olanda dəniz kənarı Milli parka gedərdim, orada dalğaların vurub atdığı odun parçalarını yığıb İçərişəhərdəki evimizə gətirərdim. Həmin taxtaları sobada yandırardıq. İçərişəhərdə Mir Mövsüm Ağanın evindən bir tin aşağıda yaşayırdıq. O vaxt “Tverskaya 90”, indi isə Mirzə Mənsum küçəsi adlanır. Ayda bir dəfə gedib baş çəkirəm. Ora mənim ulu babamın mülkü olub.

Həmin evdən 60-cı illərdə didərgin düşdük. Evimizin plana düşdüyünü deyib, bizi oradan köçürdülər. İkimərtəbəli ev idi. Ayrıca giriş qapısı var idi. Ulu babam həmin evi dairə formasında əhənglə yumurta sarısından tikmişdi. Sonra eşitdim ki,evimizi hansısa komsamol katibinə veriblər. İndi qapısının, pəncərəsinin toz basdığını görürəm.

-Deyilənə görə, o vaxtlar İçərişəhərin öz qayda-qanunları olub. Məsələn, qadağalar nələrdən ibarət olub?

-İçərişəhərdə insanların bir- birinə böyük hörməti var idi. Biz evimizin qapısını bağlamazdıq. Qapımız həmişə açıq qalardı. Heç kim özünə sığışdırmazdı ki, qonşusunun evinə girib, oradan nəsə götürsün. O qonşulardan indi yoxdur. İndi eyni binada yaşadığın adamla uzaqdan- uzağa baş tərpədib salamlaşırsan.

İçərişəhərli oğlan başqa bir yerdən, hətta Bakının özündən olan qızla evlənəndə ağbirçəklər deyirdilər ki, “bayır şəhərdən qız alırsan, İçərişəhərə nə olub ki”.

Məhlədə yığışıb söhbət edən oğlanlar cavan qız keçəndə üzlərini divara çevirərdilər. Düşünürdük ki, cavan qızdır, bəlkə, utanar, narahat olar.



- “Bir cənub şəhərində” filmini xatırlatdınız ...

- Bizdə qeyrət-namus məsələsi hər şeydən üstün olub. Eşidəndə ki, filankəsin qızına kimsə pis gözlə baxıb yığışıb həmin oğlanın dərsini verirdik. İçərişəhərlilərin ən çox da işlətdiyi söz “həri” idi.

Oynadığımız oyunlardan biri də “Şumaqədər” adlanırdı. Taxta parçasının ucunu yonub itilənmiş formada yerə vurardıq. Başqa birisi isə öz şumaqədəri ilə onu vurub çıxarmalı idi.

-Bəs, futbol oynamırdınız?

-Biz dar küçələrimizdə hər gün futbol oynayardıq. Baxmayaraq ki, futbol oynamağa 132-ci məktəbin həyətinə gedirdik , amma öz həyətimzdə də boş dayanmazdıq.

İçərişəhərlilərin eyni zamanda musiqiyə aludəçiliyi var idi. Muğamat gələndə əl- ayaq yığışardı. Toylar isə həmişə bayırşəhərdə olurdu.
Camaat zabitlər evinin yeməkxanasına və ya başqa yeməkxanaya yığışıb toyunu qeyd edirdi. Çox adam gedib kəndlərdə edirdi. Plov yeməklərimizin şahı sayılırdı. Qoz və quş ətindən fsincan plov hazırlayırdılar. Xaricdən gələn qonaqlar elə bilirdilər ki, qara kürüdür. Qara rəngdə olardı.

Kürünün də ucuz vaxtı idi. Natavanın heykəlinin yanındakı mağazada quruyub qalırdı, alan olmurdu. Ağ balığın kiloqraml 50 qəpik idi.



-İçərişəhərdə məşhur insanlarla qonşuluq etmisiniz. Kimlərlə tez- tez qarşılaşırdınız, dostluq edirdiniz?

-İsmət Axundov, Çingiz Musaszadə, Seyfəddin Qəndilov, Tofiq Qəndilov, Aqşin Kazımzadənin adını çəkə bilərəm. Pianoçu Vaqif Mustafazadə ilə iki-üç yaş fərqimiz var idi. İkimiz də caz həvəskarı idik.

Müharibədən qalma yaxşı radioqəbuledicimiz var idi. Təsadüfən qalmışdı, müharibə vaxtı bütün cihazlar yığılırdı. Müharibədən sonra götürüb işlətdik. “Amerikanın səsi”ni, BBC-ni tuturdu. Müəyyən saatlarda caz musiqisi səsləndirirdilər. Biz də ifanı audio maqintafon vasitəsi ilə lentə yazırdıq.

Bir dəfə Vaqif bizim evim qarşısından keçib evinə gedirdi . Mənim caz musiqisi dinlədiyimi eşidəndə evimizə yaxınlaşıb dedi: “çuvak, mojna posluşat”. Onda hadasa 15-16 yaşı olardı.

Vaqif məhəlləmizdən keçəndə başını qaldırıb bizim eyvana baxırdı. Onun pianoda ifasını eşitmişdim, mənə çox qeyri- adi gəlirdi. Rəhmətlik Vaqif Səmədoğlu ilə dostluq edirdilər, ikisi də cazın vurğunu idi. Biz daha çox Amerika cazına qulaq asmağı sevirdik.
O vaxt Bakıda cazmenlər barmaqla göstərilirdi, musiqiçilərə qadağa var idi. Yalnız Avropa cazına qulaq asmağa icazə verilirdi. Əsl klassik caz haqqında isə deyirdilər ki, Amerikanın həyat tərzini təbliğ edir.

Mən Atlantada müasir Amerika cazının banisi Lui Armstronqun davamçılarının konsertində olmuşam. O vaxt qeydiyatdan keçmiş jurnalistlərə biletləri güzəştlə satırdılar. Jurnalistlərin çoxu xəsislik edib getmirdi. Ancaq mən getdim. Axşam saat 11 -də başlayan konsert gecə 4-də bitdi. Əsil cazı dinləmək ayrı aləmdir.



-Saysız hesabsız idman reportajı etmisiniz. Onlardan hansıları daha maraqlı olub?

-Bütün səfərlərdən gözəl xatirələrlə qayıdırdım. Biz adətən radioreportajlar hazırlayanda iki telefon xətti sifariş edirdik. Biri ordan bura, biri də buradan ora.

Bir dəfə xaricdəydim. Reportajın başlamasına 20 dəqiqə qalıb, ancaq Bakı ilə əlaqə saxlaya bilmirəm. Adətən yarım saat qabaq baş mühəndis Rəhim Darəfərim özü telefon xəttinin yanında dayanardı. Çünki “Neftçi”nin oyunlarını bütün respublika gözləyirdi. Moskvaya zəng etdim, dedilər ki, telefon xətti sifariş olunmayıb. Dedim, necə yəni sifariş olunmayıb? Əl çəkmədilər ki, sifariş yoxdur. Telefonda olan qıza dedim ki, bunun axırı pis olacaq. Dedi, məni hədələyirsiniz?

Dedim, Heydər Əliyev repotajı gözləyir. O, ”Neftçi”nin bütün oyunlarının reportajını izləyir. Xətdə olan qız iki -üç dəqiqə keçəndən sonra dedi ki, xətt bərpa olundu, sonra pulunu ödəyərsiniz.



Daha sonra Atlantda məşhur Amerika yazıçısı Marqaret Mitçerin qəbrini axtarmağım yadımdan çıxmayan xatirələrdəndir. O, Amerikada vətəndaş müharibəsinin iştirakçısı olub, min bir əziyyətə qatlaşıb. Həmin hadisələrlə bağlı əsər yazılıb və film çəkilib. Həmin filmin tərcüməsini mən etmişdim.

Atlantada olanda yazıçının ev muzeyində olmaq və qəbrini ziyarət etmək istədim. Dedilər ki, şəhərin içində taxtadan evi olub, o da alışıb yanıb. Gözətçisi də yox imiş. Axşamlar Atlantanın əyyaşları ora yığışıb qumar oynayırlar. Deyəsən, ev siqaretdən yanıb.

Əlacım kəsildi, amerikalı valantiorla qəbrini axtarmağa başladıq. Bir saatdan çox axtardıqdan sonra Drayzer, Vulf qədər məşhur yazıçının qəbrini tapdıq. Adi, kol- kos basmış qəbir idi. Əlimdəki gülləri məzarın üstünə qoydum. Valantior dedi k, biz amerikalı ola-ola bunun qəbrini tanımırdıq, sizin haradan ağlınıza gəldi. Ona bizdə məşhur yazıçıların Fəxri Xiyabanda dəfn olunduqlarını dedim, mənə inanmadı, bununla bağlı kadrlar istədi. Bakıya gələndən sonra çəkib yolladım, həmin kadrları Atlanta televiziyasında göstərdilər.

Atlantada boksçu Məhəmməd Əli ilə də görüşmüşəm. O, parkinson xəstəliyindən əziyyət çəkirdi, deyə çox pis danışırdı, əsirdi, özünü saxlya bilmirdi.



İndi futbol oyunları zamanı azarkeşlər çipsi yeyirlər, söhbət edirlər. O vaxt Qara Qarayev, Əli Əmirov, Seyfəddin Dağlı və digər azərbaycanlı ziyalılar futbol oyunlarını maraqla izləyərdilər. Azərbaycan futbolunun təssübünü çəkərdilər. “Neftçi” uduzanda evinə gedib yemək yeməyən adamlar var idi.

Tofiq Bəhrəmovla eyni məhəllədə yaşamışıq. Bizim evin qarşısından keçib gedirdi. Gözəl insan idi. Onun anası bəy qızı olub. Hətta özü deyirdi :“mənə gülürlər ki, bəyin nəvəsi küçələrdə top qovur”. Gözəl insan idi, uzun illər məşqçim olub, 44 nömrəli məktəbdə bizə dərs deyib. Onunla səfərlərdə olmuşam, eyni mehmanxanalarda qonşu otaqlarda qalmışıq. Prinsipial insan idi.



İndi idman haqqında kitab yazıram. Eyni zamanda Azərbaycan Televiziyasında birlikdə işlədiyim ən məşhur simalar haqqında xatirələrimi də yazmağı düşünürəm.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla
AzVision.az


Teqlər:





Xəbər lenti