XİN rəsmisi Tbilisidə erməni jurnalistləri susdurub

XİN rəsmisi Tbilisidə erməni jurnalistləri susdurub
  15 May 2017    Oxunub:2472
Gürcüstanın paytaxtı Tbilisidə mayın 11-də "Cənubi Qafqazda medianın vəziyyəti" mövzusunda keçirilən konfransda ermənilər təxribata əl atıb.
Bu barədə AzVision.az-a həmin tədbirdə iştirak edən Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan nümayəndə heyəti tədbiri pozmağa, təxribatçı addımlar atmağa cəhd göstərib: “Tbilisidə ATƏT-in xətti ilə Cənubi Qafqaz üzrə media forum keçirilirdi. Gündəliyə saxta xəbərlər, dezinformasiya və təxribat kimi məqamlar daxil edilmişdi. Bunlar hazırda ATƏT, ümumiyyətlə dünya media məkanında geniş şəkildə müzakirə olunan aktual məsələlərdəndir. Cənubi Qafqaz məkanında bu kimi tendensiyalar özünü göstərir. Tədbirdə Azərbaycan nümayəndə heyəti olaraq ölkəmizin kütləvi informasiya vasitələrinin nümayəndələri, Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak edirdilər. Bu əsnada biz Azərbaycanın üzləşdiyi saxta xəbərlər, dezinformasiya kimi informasiya və təxribatlar barədə məlumat verdik. Xüsusilə Ermənistan və erməni lobbi dairələrinin ölkəmizə qarşı saxta və dezinformasiya xarakterli məlumatlardan istifadəsinə dair məqamlara toxunduq. Digər ölkələrdən fərqli olaraq Azərbaycan müstəqilliyinin ilk illərindən informasiya blokadasında olub və bunun əsasında erməni lobbisi tərəfindən həyata keçirilən informasiya kampaniyaları ilə üzləşməkdədir”.

XİN rəsmisi vurğulayıb ki, bu proses hazırda davam edir: “Azərbaycanın torpaqlarının işğalının tərkib hissəsi olaraq informasiya sabotajı və informasiya diversiya əməliyyatları kimi çirkin əməllər bu ölkə tərəfindən həyata keçirilir. Tədbirdə Ermənistanın Azərbaycan torpaqlarının işğalını tamamilə başqa bir məcrada təqdim etməsi, Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mənəvi abidələrin dağıdılması, onun mahiyyətinin dəyişdirilməsi və dünya media məkanından istifadə edərək Azərbaycana qarşı bu kimi kampaniyalardan istifadə edilməsi məqamlarına toxunduq. Ermənistan nümayəndə heyəti adekvat arqumentlər təqdim etmək əvəzinə tədbiri pozmağa, təxribatçı addımlar atmağa cəhd göstərdi. Onlar diplomatik, beynəlxalq tədbirlərdə etik davranış qaydalarından kənar formada münasibət sərgiləməyə başladılar. Bundan əlavə tədbirin mahiyyətini təhrif etməyə çalışırdılar. Təəssüflər olsun ki, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsinin ofisinin fəaliyyətində müəyyən çatışmazlıqları qeyd etdik. Bəzən ofisin mandatından kənar alət göstərilməsi və hər hansı bir məsələ baş verdiyi təqdirdə onu aydanlaşdırmadan münasibət bildirməsi kimi hallar baş verir. Biz beynəlxalq media orqanları tərəfindən ölkəmizə qarşı, xüsusilə beynəlxalq tədbirlər keçirən zaman təxribat və dezinformasiya fəaliyyətinin aparılması elementləri barədə təcrübəmizi bölüşdük. Tədbir zamanı Azərbaycanda media azadlığının hökm sürdüyü vurğulandı”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Tbilisi   Təxribat  





Xəbər lenti