Qlobal kiber hücum Azərbaycan üçün təhlükəlidirmi?

Qlobal kiber hücum Azərbaycan üçün təhlükəlidirmi?
  15 May 2017    Oxunub:2242
Mayın 12-dən etibarən dünyanı bürüyən virus kompüterlərə daxil olub, sənədləri şifrələyir və 300 dollar qarşılığında sənədlərə yenidən baxmaq imkanını yaradır. Kiber hücum artıq dünyanın 150 ölkəsində 200 minə yaxın insanı əhatə edib. Bəs bu virus Azərbaycan üçün təhlükəlidirmi?
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hər hansı bir kiber hücumla, virusla bağlı onlara bu günə qədər müraciət daxil olmayıb.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyib ki, kiber hücumların ölkəmizə təsiri istisna olunmur.

“Azərbaycanda beynəxlalq tədbir keçirilir. Belə tədbirlər ərəfəsində kiber hücumların olması istisna olunmur. Müxtəlif maraqlı tərəflər var ki, bu cür hücumları təşkil edirlər. Azərbaycan tərəfi beynəxlalq tədbirlər zamanı hazırlıqlar görür və bunlardan biri də kiber hücumlara qarşı təhlükəsizlik məsələləri ilə bağlıdır. Ölkədə aidiyyatı dövlət qurumları, şirkətlər kiber təhlükəsizlikləyə qarşı tədbirlər hazırlayır və buna cavabdehlik daşıyırlar. Kiber təhlükəsizliyin təmin olunduğu bir zamanda həmin virusun ölkə daxilində kompüterlərdə yayılması o qədər də real görünmür. Ölkə vətəndaşları qismən də olsa sığortalanıb. Həmçinin bu günə qədər fəsadlarla bağlı hər hansı açıqlama olmayıb. Amma hücumların olmasını istisna etmirəm. Bu, stabil proses deyil, davam edən prosesdir. Hər gün belə hücumlar var və bəzən daha da güclənir”.

Qeyd edək ki, mayın 12-də beynəlxalq kiber məkanda qlobal virus epidemiyası qeydə alınıb. İlkin məlumatlara əsasən kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən virus dünyanın 99 ölkəsində 75000-dən çox kompüter sistemində yayılıb.

“WannaCry” adlandırılmış bu virusun əsasən “Windows” əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb.

Yoluxmuş kompüterlərdəki bütün növ fayllar – sənədlər, şəkillər, videolar, məlumat bazaları şifələnir, kompüterin fəaliyyətinə maneə yaradılır və deşifrələnmə üçün müəyyən məbləğ tələb edilir.

“Microsoft” şirkətinin aşkar olunmuş boşluğun aradan qaldırılması ilə bağlı “Microsoft Security Bulletin MS17-010 – Critical” adlı yenilənməsi mövcuddur. Hazırda müxtəlif antivirus proqramlarında virusa qarşı müvafiq təzələnmələr aparılıb.

Kompüter sistemlərinin təhlükədən qorumağınız üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilər üçün aşağıdakıları tövsiyə edir:

•İstifadə etdiyiniz kompüter və informasiya sistemlərinizdəki “Windows” əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal təzələnmə (“patch”ın yüklənməsi və quraşdırılması) aparmağı;

•E-poçt vasitəsi ilə göndərilən naməlum faylları, tanış olmayan hər hansı digər mənbəyə keçidi klikləməməyi;

•Vacib sənədlərin ehtiyat nüsxəsini (backup) yaratmağı;

•Aktiv və antivirus bazası aktual olan anti-virusdan isitfadə etdiyinizdən əmin olmağı;

•Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, “Microsoft Defender” antivirus proqramından istifadə etməyi;

•Antivirus proqramı vasitəsilə kompüterinizdə mövcud ola biləcək yoluxmaları yoxlamağı;

•İnternetdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməyi;

Aytən Zəhra
AzVision.az


Teqlər: Kiber-hücum   haker  





Xəbər lenti