Bakıda "Aşqabad-2017"nin təqdimatı keçirilib

Bakıda "Aşqabad-2017"nin təqdimatı keçirilib
  15 May 2017    Oxunub:2069
Bakıda V Asiya İdman Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Batır Rəcəbov bəyan edib ki, prezident Qurbanqulu Berdiməhəmmədov və ölkə rəhbərliyi ən yüksək səviyyədə sağlam həyat tərzini təbliğ edir.

"Aşqabadda keçiriləcək "Aziada-2017" oyunları Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun diqqət mərkəzindədir. O, hazırlıq işlərinə böyük diqqət ayırır. Çünki belə böyük idman yarışı Türkmənistanda, Mərkəzi Asiyada ilk dəfə keçiriləcək. Asiya ölkələri ilə yanaşı Avstraliya, Yeni Zellandiya kimi ölkələr də bu yarışlarda iştirak edəcək. Oyunlar Türkmənistan ərazisində indiyə kimi keçirilmiş ən böyük idman yarışı olacaq".

Türkmənistanın idman komitəsinin nümayəndəsi Yalkapverdi Aşırmuradov çıxışının əvvəlində Türkmənistan və Azərbaycan arasında inkişafa təkan verən tədbirlərin təşkili üçün yaradılan şəraitə görə prezident Qurbanqulu Berdiməhəmmədov və Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

"Bildiyiniz kimi idman xalqlar arasında dostluq üçün stimul, ilham və sağlamlıq mənbəyidir. Türkmənistandan 118 idmançı 14 növ yarışlarda IV İslam Oyunlarında iştirak edir. Bildiyimiz kimi, bu il Türkmənistanda V Asiya oyunları keçiriləcək. Olimpiya şəhərciyinə müxtəlif təyinata malik 30 obyekt daxildir. 2016-cı illərdə idmanın 6 növü üzrə yarışlar keçirildi ki, bu da "Aziada-2017"yə hazırlıq üçün önəmli mərhələ idi. "Azida-2017" kimi böyük bir layihənin həyata keçirilməsi şübhəsiz Türkmənistanın beynəlxalq nüfuzunu daha artıracaq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Aziada-2017  





Xəbər lenti